YAP-çı deputatdan İlqar Məmmədova sərt reaksiya: - "Ola bilsin, tapşırıq alıb"

YAP-çı deputatdan İlqar Məmmədova sərt reaksiya:
Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun sosial mediada AŞPA-nın dünənki iclası barədə paylaşımı müzakirələrə səbəb olub. Siyasətçi təşkilatda Türkiyə nümayəndə heyətinin mövqeyini tənqid edib. O iddia edib ki, "türklər bu dəfə bir millət olduğumuzu yox, iki ayrı dövlət olduğumuzu" göstərib.

Milli Məclisin Yeni Azərbaycan Partiyasından seçilmiş deputatı Aydın Mirzəzadə məsələ ilə bağlı Modern.az-a açıqlama verib.

O bildirib ki, REAL Partiyasının sədri İlqar Məmmədov sosial mediadakı paylaşımı ilə Azərbaycanla Türkiyə arasında nifaq salmağa çalışır:

"Real partiyasının sədri İlqar Məmmədovun AŞPA-nın dünənki anti-Azərbaycan qətnaməsi ilə bağlı paylaşdığı status ciddi etiraz doğrurur və yolverilməzdir. Azərbaycan demokratik dövlət olduğuna görə əlbəttə ki, hamı fikrini söyləyə bilər. Amma partiya sədri sosial şəbəkədəki paylşımıyla Azərbaycanla Türkiyə arasında nifaq salmağa, bizləri üz-üzə qoyub düşmən etməyə çalışır".

Deputat vurğulayıb ki, Türkiyə-Azərbaycan dostluğu dünyaya bəllidir, dünən AŞPA-dakı müzakirələrdə Türkiyə çox böyük qətiyyətlə Azərbaycanın mövqeyini müdafiə etdi.

"İlqar bəy isə bunu görmək əvəzinə faktları təhrif edir və səhv məlumatlar yaymağa çalışır. Azərbaycan cəmiyyətində Türkiyəylə bağlı yanlış fikir formaladırmağa çalışır. REAL-çının statusunda AŞPA-nın qətnaməsi pislənilmir. AŞPA-da Azərbaycana qarşı uzunmüddətli böhtan, çirkab kampaniyası haqqında mənfi fikir bildirilimir. O məsələdən yayınmağa çalışır. O, prinsip etibarilə fikri anti-Azərbaycan qətnaməsindən yayındıraraq, Azərbaycanla Türkiyə arasında dostluğu pozmağa çalışır. Ola bilsin ki, Avropadan xristian blokundan aldığı tapşırıqlar belədir".

Aydın Mirzəzadə vurğulayıb ki, İlqar Məmmədovun belə yanlış mövqeyi Azərbaycan cəmiyyəti tərəfindən qəbul oluna bilməz:

"Bu bəyanat heç də Azərbaycan-Türkiyə dostluğunun möhkəmlənməsinə, Azərbaycanın öz suveren hüquqlarını qorumağa kömək ola bilməz. Belə bəyanatı pisləyirəm. Hesab edirəm ki, siyasətçi öz fikirlərində təmsil etdiyi ölkənin bu gününü və sabahını ciddi şəkildə nəzərə almalıdır. Real Partiyasının sədrinin statusunda isə bunların heç biri görünmür".
Tarix: 25-01-2024, 21:39
Xəbəri paylaş





Xəbər lenti