AŞPA-nın qərarında islamofobiya və irqçilik yoxdur – Stefan Şennak
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərindən məhrum edilməsi azərbaycanfobiya və islamofobiyanın təzahürü deyil. Səbəb odur ki, Azərbaycan AŞPA-ya qarşı saymamazlıq edir. Bu barədə AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi, Avstriyadan olan deputat Stefan Şennak Turan-a müsahibəsində bildirib. “Azərbaycan Assambleyanı qarşıdan gələn prezident seçkilərinə dəvət etməməklə öz öhdəliklərini yerinə yetirmədi və Strasburqun müraciətlərinə məhəl qoymadı”, deyə Şennak AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq qərarını şərh edərkən bildirib. Şennakın sözlərinə görə, AŞPA-nın miqrasiya məsələləri üzrə məruzəçisinin Laçın dəhlizinə getmək üçün müraciətinə iki dəfə rədd cavabı verilib, Azərbaycan üzrə həmməruzəçilərin isə siyasi məhbuslarla görüşməsinə icazə verilməyib. “Bütün bunlar açıq-aşkar AŞPA-ya qarşı saymamazlıqdır”, deyə Şennak bildirib. Bununla belə, o hesab edir ki, öhdəlikləri yerinə yetirmək məqsədi daşıyan addımlar Azərbaycan nümayəndə heyətini vaxtından əvvəl AŞPA-ya qaytara bilər. “Biz qətnaməyə düzəliş etdik ki, islahatlar həyata keçirildiyi təqdirdə azərbaycanlı deputatlar daha əvvəl qayıda bilər. Hesab edirəm ki, hökumət bundan istifadə etməlidir”, deyə Şennak əlavə edib. O, azərbaycanlı deputatları “emosional olmamağa” çağırıb. “Bu, son deyil. Azərbaycanlı deputatları emosional olmamağa çağırıram. Bu qərarda irqçilik və islamofobiya yoxdur”, deyə Şennak qeyd edib.