Zaxarova Ermənistan XİN başçısını yalan danışmaqda ittiham edib

Ermənistan XİN başçısı Ararat Mirzoyanın axırıncı mətbuat konfransının tonu və məzmunu təəssüf doğurmaya bilməz.
Siam.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, Mirzoyanın dediklərini yalan adlandırıb: “Obyektiv nəticə çıxarmaq, xüsusi ilə də öz səhvlərindən nəticə çıxarmaq əvəzinə, bütün məsuliyyəti Rusiyanın üzərinə yıxmağa cəhd edilib. Bunun heç bir əsası yoxdur. Çünki bu, Rusiyanın səhvi deyil. Bu, təəssüflər olsun ki, rəsmi İrəvanın səhvidir. 2022-ci ilin sentyabrında Ermənistanın Azərbaycanla sərhəd rayonlarında vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistanın Rusiya və KTMT-yə müraciət etməsi ilə bağlı dedikləri həqiqətə uyğun deyil”.
Zaxarova qeyd edib ki, Ermənistan KTMT missiyasının regiona göndərilməsinə imkan verməyib: “Əgər Ermənistan rəhbərliyi bu məsələni uzatmasaydı, KTMT missiyası yerlərdə uğurla fəaliyyət göstərər, insidentlərin qarşısını alardı. Amma İrəvanda bunun əvəzinə nə etdilər? Orada qərara gəldilər ki, başqa cür etsinlər. Avropa İttifaqının müşahidəçilərini çağırdılar. Bu yoldaşların əsas tapşırığı isə Rusiya və İranın siyasəti haqqında kəşfiyyat məlumatı yığmaq idi”.
Rusiya XİN sözçüsü Mirzoyanın 10 noyabr üçtərəfli bəyanatının fəaliyyətdə olmaması ilə səsləndirdiyi bəyanatda da ziddiyyətlər gördüyünü açıqlayıb. O bildirib ki, Ermənistan bir tərəfdən deyir ki, bu bəyanat fəaliyyətdə deyil, digər tərəfdən isə deyir ki, ölkəsi bu bəyanatda müvafiq olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə sadiqdir.
Zaxarova Ermənistan xarici işlər naziri Ararat Mirzoyana sülh müqaviləsi problematikası ilə bağlı ötən ilin sentyabrından başlayaraq Moskvada məsləhətləşmələr üçün dəfələrlə dəvət göndərildiyini də xatırladıb.
O vurğulayıb ki, Ermənistana sonuncu siqnal bir neçə gün bundan əvvəl göndərilib.
Tarix: 27-01-2024, 09:14
Xəbəri paylaş





Xəbər lenti