İrəvandan Bakıya çağırış: Əməkdaşlığı gücləndirək!
Ermənistanın Əsir, girov götürülmüş və itkin düşmüş şəxslərin məsələləri üzrə idarələrarası komissiyası Azərbaycan tərəfinə əməkdaşlığı gücləndirmək çağırışı edib.Bu barədə komissiyanın bəyanatında bildirilib.
“Ermənistan dəfələrlə, o cümlədən yüksək səviyyədə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün Azərbaycanla əməkdaşlığa hazır olduğunu bəyan edib”, - bəyanatda vurğulanıb.
Komissiya qeyd edib ki, 90-cı illərin əvvəllərindən 993 erməni - Ermənistan vətəndaşı və Qarabağ ermənisi itkin düşmüş hesab edilib və İrəvan onların taleyinə aydınlıq gətirməkdə maraqlıdır.
Xatırladılıb ki, 90-cı illərdə həlak olmuş 140 azərbaycanlının cənazəsi Bakıya təhvil verilib.
“Ermənistan 2020-ci ilin noyabrından başlayaraq 44 günlük müharibədə həlak olan 51 azərbaycanlının, o cümlədən 90-cı illərdə həlak olmuş 50-yə yaxın insanın cəsədinin mümkün dəfn olunduğu yerləri göstərən topoqrafik materialları Azərbaycana verib”, - bəyanatda iddia edilib.
Qeyd edək ki, 90-cı illərdə itkin düşən 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi üçün Azərbaycan dəfələrlə Ermənistana çağırış edib.
axar.az
Tarix: 27-01-2024, 15:50