“Güman ki, Şvabe xüsusi informasiyalara sahibdir…”
Anar Məmmədli deyir ki, ATƏT-in Varşava ofisi Şvabenin fikirlərinə münasibət bildirməlidir Almaniyalı deputat Frank Şvabe “BBC-Azərbaycanca”ya müsahibəsində ATƏT-in Azərbaycanda təzyiq altında olduğunu deyib. Şvabenin sözlərinə görə, Azərbaycan ATƏT-ə təzyiq edir ki, seçki ilə bağlı sərt qərarı olsa, gələn il təşkilatın mandatı ilə bağlı səsvermədə iştirak etməyəcək: “Ona görə də ATƏT çəkinir”. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Meydan TV-yə Şvabenin fikirlərinu şərh edərkən deyib ki, almaniyalı deputat həmin açıqlamanı fərqli kontekstdə verib: “Yəni bu il ATƏT-in topantısı keçiriləcək, orada qərarlar konsensusla qəbul olunur. Ona görə Azərbaycan təzyiq edə bilər. Lakin söhbət konkret Müşahidə Missiyasına təzyiqdən getmir və Şvabenin çıxışından həmin mənanı çıxartmaq çətindir. Həm də təzyiq olsa, ölkəni tərk edərdilər”. Məmmədli hesab edir ki, Şvabenin söylədikləri ilə bağlı ATƏT-in Varşava ofisinin mövqe bildirməsi yaxşı olardı. III Respublika Platformasının spikeri Akif Qurbanov da deyir ki, Şvabenin hansı təzyiqdən danışmasını şərh etmək çətindir. Onun dediyinə görə, bu barədə konkret informasiya yoxdur: “Güman ki, Şvabe xüsusi informasiyalara sahibdir ki, belə danışır”. Qurbanov bildirib ki, hər bir seçkidə Avropa Parlamentinin və AŞPA-nın nümayəndələri də seçkiləri müşahidə edib: “Hökumət əvvəlki seçki təcrübələrində Avropa Şurası Parlament Assambleyası və ATƏT-in Parlament Assambleyası (PA) vasitəsilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) mövqeyini yumşaltmağa çalışıb. Əvvəllər hökumətin Avropa Şurası Parlament Assambleyasına da təsiri vardı. Sonradan bu təsir olmadıqda, ATƏT-in seçkilərə münasibəti çox tənqidi olmuşdu. İndi isə Avropa Şurası Parlament Assambleyasından deputatlar gələ bilmədiyinə görə ATƏT Parlament Assambleyası hesabına hökumətə yaxın ölkələr vasitəsilə Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mövqeyini yumşalda bilərlər. Yəqin ki, almaniyalı deputat bunu nəzərdə tutub”. Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə deyib ki, 2003-cü ildən etibarən, xüsusən Prezident seçkisində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna xeyli təzyiqlər olub: “Məsələ ondadır ki, ATƏT hökumətlər arası qurumdur və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da onun bir bölməsidir. Hökumətlərarası qurum olduğundan Azərbaycanda çalışan transmilli korporasiyalar, məsələn, BP şirkəti vasitəsilə təzyqilər, danışıqlar olur, Böyük Britaniya hökumətinə bu məsələni çatdırırlar. London da çalışır ki, hesabatın dili, tənqidlər yüngül olsun. Bu barədə çoxlu şayiələr də yayılıb. Ancaq praktikada belədir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu hər zaman tənqidi mövqe sərgiləyib və yalnız Azərbaycana qarşı deyil, müxtəlif ölkələrdəki seçki haqqında rəyləri tənqidi olub. Yəni seçkilərin Avropa standartlarına yaxşınlaşması üçün, adətən, tənqidi xətti götürüb”. Alyans rəhbəri inanmır ki, bu il hansısa təzyiqlər ATƏT-in ilkin rəyinə təsir edəcək: “ATƏT hökumətlərarası qurum olsa da, peşəkardır. Bəzi məqamlarda təsirlər olsa da, bunlar seçki ilə bağlı ümumi rəyə o qədər də təsir göstərməyəcək”. Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir? 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçiriləcək. İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb. Prezidentliyə namizədlər – ölkə başçısı İlham Əliyev, deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir. Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar. Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır. AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar. Azərbaycanda sonuncu dəfə Prezident seçkisi 2018-ci il aprelin 11-də keçirilib. Həmin seçki də növbədənkənar olub. İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir. Hazırda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Müşahidə Missiyası Bakıdadır. Onlar Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkisini müşahidə edəcəklər. Mənbə: Meydan TV