Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi brifinqdə erməni jurnalist Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı provokativ sual ünvanlayıb.
Erməni jurnalist Zaxarovaya Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzaladığını xatırladıb və əlavə edib ki, ADR qurucusu Böyük Vətən Müharibəsi illərində guya nasistlərin lideri Adolt Hitlerlə SSRİ-yə qarşı “əməkdaşlıq edib” və Azərbaycan legionunun yaradılmasından “iştirak edib”.
“Biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizi Azərbaycan tərəfinə çatdırmışıq və onlarla əlaqə saxlayırıq”, – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Əvvəla, erməni jurnalist “M.Ə.Rəsulzadənin Adolf Hitlerlə SSRİ-yə qarşı “əməkdaşlıq edib” və Azərbaycan legionunun yaradılmasından “iştirak edib” deyərək ciddi tarixi səhvə yol verir. M.Ə.Rəsulzadə Almaniyaya səfər edib və Hitlerlə görüşmək istəyib, lakin bu cəhdi baş tutmayıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Qerhard Von Mende və Almaniyanın sabiq Moskva səfiri, Xarici İşlər Nazirliyinin təmsilçisi Şulenberq vasitəsi ilə olub.
M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca iki məqsədi olub:
Birincisi, SSRİ ordusunda döyüşüb Almaniyaya əsir düşən azərbaycanlıları xilas etmək;
İkincisi, Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən tanınması;
Rəsulzadə Almaniyada olarkən Milli Azərbaycan Komitəsini yaradıb, lakin Azərbaycan legionunun təşkilinə nail ola bilməyib. Çünki onun Azərbaycan legionunun yaratmaq kimi bir düşüncəsi olmayıb.
M.Ə.Rəsulzadə Almaniyada olduğu müddətdə Hitler və nasizmin reallıqlarını görmüş, Türkiyəyə gələrək bu fikirləri qələmə almışdı:
“Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir”.
Erməni jurnalistin unutduğu məqam isə budur ki, Rəsulzadədən fərqli olaraq ermənilərin “milli qəhrəmanı”, tarixlərində xüsusi yerə sahib Qaregin Njde “Erməni legionu” yaradaraq, SSRİ-yə qarşı döyüşüb. Hazırda da bu şəxs Ermənistanda neonasizmin simvoludur. Təsadüfi deyil ki, yanvarın 1-də İrəvanın mərkəzində Nijdenin davamçıları olan neonasit erməni gəncləri yürüş təşkil etmiş və açıq-aşkar nifrət şüarları səsləndirmişdi.
Zaxarovaya gəldikdə isə, onun belə provokativ suala cavab verməsi Rusiya-Azərbaycan münasibətləri baxımdan ciddi səhvdir. Əvvəla, M.Ə.Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi Azərbaycanın daxili işdir. Bu məsələ ilə bağlı Rusiyanın iradı, ya da hər hansı müraciəti Azərbaycanın daxili işlərinə müdaxilədir. Digər tərəfdən, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Ölkə başçısı nəyi nə zaman etmək lazımdır olduğunu yaxşı bilir!
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 29-01-2024, 15:52