Ermənistan özünü sığortalamaq istəyir? - Paşinyanın təklifi

Ermənistan özünü sığortalamaq istəyir?
İrəvan sülh müqaviləsinin imzalanması gecikəcəyi halda Bakıya “hücum etməmək” haqqında pakt bağlamağı təklif edib.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmini, habelə sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi ortaya çıxarsa, hücum etməmək haqqında pakt imzalamağı təklif etdik", - o bildirib.
Qeyd edək ki, sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır.
Yanvarın əvvəlində Azərbaycana Ermənistanla sülh müqaviləsi bağlamaq üçün növbəti təkliflər paketi göndərilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dediyi kimi, yaxın həftələrdə Azərbaycan bu təkliflər paketi ilə bağlı Ermənistana cavab verəcək.

Açıqlamanı "Sherg.az" üçün dəyərləndirən siyasi şərhçi Elmir Səftərov qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın təklif xarakterli səsləndirdiyi “sülh müqaviləsinin imzalanmasının yubanacağı təqdirdə iki dövlətin hücum etməmək haqqında qarşılıqlı pakt imzalaması” və “iki ölkənin qarşılıqlı silahlara nəzarət mexanizminin yaradılması” fikirləri İrəvanın mövcud reallıqdakı davranışlarını xarakterizə etmir:
"Çünki Rusiyanın 102-ci hərbi bazasının və sərhədçilərinin Ermənistandakı mövcudluğu, Avropa İttifaqının (Aİ) oradakı xüsusi xidmət orqanlarından ibarət missiyası İrəvanın ölkəmizə qarşı təhlükə mənbəyi olaraq qaldığını göstərir. Ermənistanın Hindistandan, Fransadan, Rusiyadan hərbi texnika alması fonunda silahlara nəzarətdən danışması gülünc görünür və sadəcə göstəriş üçün səsləndirildiyini sübut edir".

E.Səftərov Ermənistan baş nazirinin bu fikirlərinin gələcək perspektivlərə də hesablandığını söyləyib:
"Belə ki, İrəvan Zəngəzur dəhlizinin açılması və 8 kəndin qaytarılması məsələsində konstruktiv addım atmayacağını düşündüyü üçün, Azərbaycanın təzyiqlərindən ehtiyat edir. Bu baxımdan da özünü sığortalayaraq qabaqlayıcı tədbirlər görmək istəyir. Fransanın və bəzi beynəlxalq təşkilatların dəstək mesajları da İrəvanda rahatlıq yaradır və Azərbaycanla sülh sazişi barədə iddialı davranmağa inam yaradır. Amma Ermənistan anlamalıdır ki, Azərbaycanın Ordusunu gücləndirməsi regionda və dünyada cərəyan edən mürəkkəb geosiyasi reallıqlar baxımından tam doğru davranışdır. Onsuz da bunu qarşı tərəf də anlayır. Regiondakı bəzi ölkələrin qeyri-konstruktivliyi, beynəlxalq güclərin Cənubi Qafqaza müdaxilə ehtimalları, eyni zamanda, Ermənistanın revanşist ritorikası Azərbaycanın güclü Orduya sahib olmasını zərurətə çevirir".
Tarix: 29-01-2024, 21:26
Xəbəri paylaş





Xəbər lenti