"ABŞ İrana zərbə endirərsə..." - "Toqquşmalar Cənubi Qafqazın sərhədinə yaxınlaşır"
ABŞ ilə İran arasında hər dəfə gərginlik artanda “bunun Azərbaycana hansı mənfi təsirləri ola bilər” sualı aktuallaşır. Vaşinqton amerikalı hərbçilərin öldürülməsinə cavab olaraq İranın mövqelərinə zərbə endirməyi planlaşdırır.Bu halda İranın digər sərhədlərində vəziyyət dəyişə bilərmi?
Politoloq Elxan Şahinoğlu hesab edir ki, ABŞ-nin İrana zərbə endirəcəyi təqdirdə Yaxın Şərqdəki toqquşmalar Cənubi Qafqazın sərhədinə yaxınlaşır.
Onun sözlərinə görə, Azərbaycan bölgədə gərginlikdə maraqlı deyil, ancaq əgər vəziyyət istəyimizdən asılı olmayaraq gərginləşərsə, qarşı duran tərəflərdən eyni məsafədə qalmalıyıq: "Mövcud vəziyyət Azərbaycanın İranla quru sərhədini açmasını mümkünsüz edir. İrandakı dairələr hər hadisədə “İsrail izi” axtarır, Azərbaycanı isə İsraillə əməkdaşlığa görə ittiham edirlər. Halbuki, Azərbaycanın İsraillə əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanır və İrana qarşı yönəlməyib. Ancaq orası da var ki, İsrail hökuməti ABŞ-nin İranı sərt cəzalandırmasının tərəfdarıdır və əgər bu baş verərsə, Tehran İsraillə əməkdaşlıq edən ölkələrin ünvanına yenə sərt bəyanatlar səsləndirəcək"
E.Şahinoğlu misal kimi Yaxın Şərqdəki gərginlik fonunda İran prezidenti İbrahim Rəisinin müsəlman ölkələrinə çağırışını xatırladır: "Rəisi dedi ki, İsraillə əməkdaşlıqdan imtina etsinlər. Bu çağırış başqa ölkələrin daxili işlərinə qarışmaq olduğundan diqqətə alınmayıb. Türkiyənin özü İsraili sərt şəkildə tənqid etsə də, bu ölkə ilə iqtisadi əməkdaşlıqdan imtina etməyib. Azərbaycan Yaxın Şərqdəki hadisələrdən narahat olsa da, İsraillə əməkdaşlıqdan imtina etməyəcək".
Rasim Əliyev"AzPolitika.info"
Tarix: 30-01-2024, 11:35