3-cü dünya müharibəsi realdırmı? - “Mesaj var ki, 2030-cu ilə qədər Almaniya və...”
Ukrayna Prezidenti Volodimir Zelenski üçüncü dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib. Bakıvaxtı.az xəbər verir ki, o bu barədə Almaniyanın ARD telekanalına müsahibəsində deyib. V.Zelenski söyləyib ki, bu ssenarinin qarşısını almaq lazımdır: "Biz xalqımıza, tərəfdaşlarımıza, sülh perspektivinə inanmalıyıq. Rusiyanı həm geosiyasi, həm də maliyyə cəhətdən dayandırmaq olar". Prezident bildirib ki, Ukraynanın dağılmasının, qlobal miqrasiyanın və üçüncü dünya müharibəsinin qarşısının alınması üçün bunlar vacibdir. Zelenskinin bəyanatını şərh edən millət vəkili, tanınmış siyasi şərhçi Arzu Nağıyev Bakıvaxtı.az-a bildirib ki, son zamanlar üçüncü dünya müharibəsi ilə bağlı verilən açıqlamalar bir sıra ekspertlər tərəfindən də təhlil edilir: “Məlumdur ki, Amerika Birləşmiş Ştatlarına məxsus bazanın vurulması, Suriya ətrafında baş verən hadisələr, Ukrayna müharibəsinin dayandırılmaması, müxtəlif tərəflərin bir-birinə qarşı hərbi əməliyyatlar aparmasına dair iddiası üçüncü dünya savaşı ilə bağlı müəyyən qənaətlər formalaşdıra bilir. Ukrayna prezidentinin verdiyi bəyanat həm də ondan irəli gəlir ki, Qərb dövlətləri Ukraynaya silah və madi yardımı dayandırmasın. ABŞ rəhbərliyi və Qərbin bir sıra aparıcı dövlətlərinin başçıları Ukraynaya məlum yardımın edilməsi istiqamətində müəyyən addımlar atır, buna rəğmən rəsmi Kiyev yenə də çətinliklər yaşayır. Qərbin də arqumentləri odur ki, göndərilən yardımlar, silah alınması üçüna ayrılan vəsaitlər müvafiq qurumlar tərəfindən mənimsənilir. Bu yöndə ciddi korrupsiya faktları açıqlanıb”. Müsahibimiz qeyd edib ki, digər tərəfdən hərbi xidmətə çağırılma ilə bağlı problemlər də mövcuddur: “Məhz buna görə də Zelenski bir əmrlə Ukraynanın bəzi şəhərlərində hərbi çağırış məntəqələrinin rəhbərlərini işdən azad etdi. Hətta bu gün artıq baş qərargah rəisinin vəzifəsindən azad edilməsi müzakirə predmetidir. Ukraynada bu cür problemlər mövcuddur. Əgər Ukraynaya silah və digər yardımlar ayrılmasa, durumu daha da kritik həddə çata bilər”. A.Nağıyevin sözlərinə görə, Rusiya da dayanmır, öz hərbi arealını böyütməkdədir: “Almaniyada müəyyən şərhlər, mesajlar ötürülür ki, 2030-cu ilə qədər Almaniya və Polşanın proseslərə cəlb edilməsi ilə üçüncü dünya müharibəsi başlaya bilər”. Deputat hesab edir ki, Zelenskinin sözügedən açıqlaması qabaqlayıcı mahiyyət daşıyır: “Üçüncü dünya müharibəsinin başlanması ilə bağlı elə bir ciddi narahatlıq müşahidə olunmur. Üçüncü dünya müharibəsi deyəndə bütün dövlətlərin bir-biri ilə hansısa koalisiya və blokda birləşməsi, blokların biri-birinə qarşı mübarizəsi, müharibəsi nəzərdə tutulur. Zelenskinin isə verdiyi bəyanat daha çox Ukraynanın özü ilə bağlıdır, ona çatacaq yardımla əlaqədardır. Zelenski yardımların həcminin artırılmasına çalışır”.