“Almaniya hər zaman Azərbaycana qarşı qərəzli və riyakar mövqe sərgiləyib”.Bu sözləri politoloq Rəşad Bayramov “Cebhe.info”-ya açıqlamasında Almaniyanın Fransanın anti-Azərbaycan siyasətinə qoşulub-qoşulmayacağı ilə bağlı suala cavablandırarkən bildirib.
O bildirib ki, Almaniya və Fransa Azərbaycana münasibətdə eyni mövqeni bölüşür:
“Əvvəllər, Almaniyanın Azərbaycana geosiyasi baxışı daha çox qarşılıqlı əməkdaşlığa əsaslanırdı. Çünki Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla çoxşaxəli münasibətlərin inkişaf etdirilməsi Almaniyaya müsbət perspektivlər vəd edirdi. Amma təəssüf ki, son zamanlar Almaniyanın Azərbaycana münasibətdə düzgün və doğru strateji və taktiki addımların atmadığını görürük.
Biz buna Almaniyanın Baş naziri Olaf Şolsun Azərbaycana baxışında, eləcə də AŞPA-da Almaniyanı təmsil edən deputat Frank Şvabenin bəyanatlarında müşahidə edirik. Şübhəsiz ki Almaniyanın Azərbaycana qarşı qərəzli münasibətinin arxasında birbaşa Fransa dayanır. Bildiyimiz kimi, Almaniya və Fransa Avropa İttifaqının iki lider dövlətidir. Bir çox əsas məsələlərdə rəsmi Berlin və Paris eyni mövqedən çıxış edirlər. Odur ki, Fransa Azərbaycana qarşı qərəzli və riyakar mövqe sərgiləyən zaman Almaniyanın siyasətçiləri, həmçinin bu ölkənin mediası bu mövqeni bölüşür.
Əslində Almaniya Fransanın anti-Azərbaycan siyasətinə çoxdan qoşulub. Xüsusilə qeyd edim ki, 2023-ci ilin sentyabrın BMT-nin Təhlükəsizlik Şurasında dinləmələr zamanı Almaniyanın nümayəndəsi Fransanın nümayəndəsi kimi Azərbaycana qarşı bəyanat səsləndirdi. Bir məsələni də xatırladım ki, 2012-ci ilin mayında Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Almaniya ölkəmizə qarşı qara piyar kampaniyası aparırdı. Həmin zaman Almaniyanın bir sıra medialarında anti-Azərbaycan mövqeyi əks etdirən materiallar dərc olunurdu.
Eyni zamanda, Almaniyanın insan hüquqları və humanitar məsələləri üzrə müvəkkili Amrkis Lerninq anti-Azərbaycan kampaniyasının əsas təşkilatçılardan biri qismində çıxış edirdi. Doğrudur, İkinci Qarabağ müharibəsində Almaniya münaqişə ilə bağlı nisbətən birtərəfli mövqe sərgiləyirdi. Amma Almaniya da Fransa kimi Azərbaycana qarşı qeyri-dost mövqedən çıxış edir”.
Politoloq vurğulayıb ki, Almaniya və Fransanın ermənipərəst siyasəti Ermənistanın özünə ciddi ziyan vurur:
“Almaniya və Fransa, o cümlədən müəyyən beynəlxalq qurumlar başa düşmək istəmirlər ki, bu cür siyasət Ermənistanın xeyrinə yox, məhz ziyanına işləyir. Bu, Azərbaycan-Ermənistan sülh prosesinin ləngiməsinə və Ermənistanın blokada şəraitində qalmasına xidmət edir”.
Tarix: 31-01-2024, 22:16