“Növbə”də gözləyən referendum və parlament seçkiləri... - “Prosesə noyabrdan start verilməsi və...”

“Növbə”də gözləyən referendum və parlament seçkiləri...
“İlin sonuna qədər parlament seçkilərinin keçirilməsi və hətta prosesə noyabr ayında start verilməsi ehtimalı böyükdür”.

Bu fikirləri növbədənkənar prezident seçkilərindən sonra ölkənin siyasi həyatında baş verəcək mümkün dəyişiklikləri dəyərləndirən AĞ Partiyanın sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.

Tural Abbaslı bildirib ki, ölkədə növbədənkənar president seçkilərindən sonra referendum və parlament seçkilərinin keçiriləcəyi gözlənilir:

“Hər seçkidən və hakimiyyətin islahat mesajlarından sonra nəyinsə dəyişməsi, daha sivil cəmiyyətin qurulması yönündə addımların atılmasını gözləyirik. Ən azı, siyasi partiyaların fəaliyyətinin optimallaşdırılması, siyasi mühitin formalaşması, medianın azadlığı, QHT sektorun inkişafı bu gözləntilərin əsasını təşkil edir.

Ancaq hər dəfə də arzularımız özümüzə qalır. Biri var gözləmək, biri də var arzulamaq. Gözləyirəm, deyə bilmərəm, çünki hakimiyyəti analiz etmək, proqnozlaşdırmaq olmur. Ona görə də arzulayıram ki, yeni dönəmin başlanğıcı olsun. Əvvəlki idarəəetmə metodlarından imtina edilsin, Azərbaycan ən azından Türkiyənin siyasi idarəçilik, yanaşma metoduna yaxınlaşmağa çalışsın.

Növbədənkənar president seçkilərindən sonra referendum və parlament seçkilərinin keçirilməsini gözləyirik. Bu məsələ hakimiyyət daxilində və siyasi cameədə müzakirə olunur. Cənubi Qafqazda tək Azərbaycandır ki, majoritar seçki sistemində qalıb. Ümumiyyətlə, faydalı və demokratik sayılmayan bu seçki sistemi çox az ölkələrdə qalıb.

O baxımdan, ölkədə proporsianal seçki sisteminə keçilməsini gözləyirik. Əhali sayının artımına görə deputatların sayı 125-dən 151-ə qaldırılması münasibdir. Bu addım seçilən deputatların bütövlükdə seçiciləri tam əhatə etməsi baxımından da önəmlidir. Bu ilin sonuna qədər parlament seçkilərinin keçirilməsi və hətta prosesə noyabr ayında start verilməsi ehtimalı böyükdür. Fikrimcə, həmin seçkilər yeni dönəmə keçidə ciddi təkan verə bilər”.
Tarix: 1-02-2024, 18:30
Xəbəri paylaş





Xəbər lenti