İrəvan üçün son fürsət: Əks təqdirdə... - BELƏ DAVAM EDƏRSƏ...

İrəvan üçün son fürsət: Əks təqdirdə...
Son günlərdə Ermənistanda konstitusiyanın, gerbin və himnin dəyişdirilməsi müzakirə olunur.

Çünki Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var.

Üstəlik, bu sənədə istinadlar da Ermənistan Konstitusiyasında öz əksini tapıb. Bundan başqa, Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur.

Nəzərə almaq lazımdır ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Əlbəttə ki, bütün bunlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl törədir.

Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Ermənistan layihə bir dövlət kimi qurulub:

“Burada əsas məqsəd də türk dünyasının güclənməsinin qarşısının alınmasıdır. Yəni bufer zona yaradaraq Ermənistanı dövlət kimi formalaşdırıb, həmişə ondan maşa kimi istifadə etməyi hədəfləyiblər. Düşünürük ki, Ermənistan da onun qarşısında qoyulan bu tapşırığın öhdəsindən “məharətlə” gələ bilib.

Bu ölkə əsrin əvvəllindən etibarən himayəçilərinin dəstəyi ilə soyrıqım və işğalçılıqla məşğul olub. Hətta Ermənistanın konstitusiyası və gerbində Azərbaycanla Türkiyəyə qarşı torpaq iddiası var. Üstəlik, bunların hər birini özlərinin müstəqillik Bəyannaməsi və konstitusiyasında əks etdiriblər”.

Həmsöhbətimiz xatırladıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsindəki qələbəsi və antiterror tədbirləri ilə öz ərazilərində suverenliyini bərpa etdi:

“Bununla da özünü yüz ildən artıqdır təkəbbürlü və ədəbaz aparan dünya erməniliyinin bel sütununu sındırdıq. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev erməni ənənəsini məhv etdi. Bununla türk insanının, Azərbaycan xalqının qüruru qayıtdı və onu daha əzəmətli etdi.

Ümumiyyətlə, rəsmi Bakı 2020-ci ildən sonra İrəvanla sülh müqaviləsinin imzalanmasını və indiyəqədərki separatçılığın qapadılmasını və yeni səhifənin açılmasını təklif etdi. Bunun üçün Azərbaycanın təklif etdiyi 5 baza prinsipi bir çox platformalarda aparılan danışıqlarda müzakirə olundu. Amma Fransanın dominantlığı ələ almaq cəhdinin Azərbaycan tərəfindən rədd edilməsi bu danışıqları pozdu.

Amma yenə də Azərbaycan tərəfinin diplomatik uğuru nəticəsində Ermənistanla ikitərəfli danışıqlar davam etdirildi. Hətta bir neçə uğurlu nümunə də ortaya qoyuldu. Bunu görən qüvvələr isə birləşərək bu məsələni də ləngiməsi və baş tutmaması üçün bütün çirkin yollara əl atdılar”.

Millət vəkili diqqətə çatdırıb ki, Ermənistan uzun müddətdir ki, Qərbə “sülh göyərçini” kimi görünmək istəyir:

“Ona görə də İrəvan hakimiyyətinin nümayəndələri tez-tez sülhdən və müqavilənin imzalanmasının vacibliyindən danışırlar. Amma əməli işə keçəndə konkret bir fəaliyyət olmadığını görürük. Əksinə, Ermənistan sülh müqaviləsinin imzalanmaması üçün siyasi manipulyasiya edir.

Sülh müqaviləsi çərçivə sənədidir. Ondan sonra sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməlidir. Həmçinin, sərhədlərin açılması və Ermənistanın Türkiyə ilə yeni mövqeyi ortaya qoyulmalıdır. Ermənistan da daxil olmaqla iqtisadi reallıqlardan bütün bölgə dövlətləri istifadə etməlidir”.

Vüqar İskəndərov vurğulayıb ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün öz konstitusiyasında və müstəqillik Bəyannaməsində konkret dəyişikliklər etməlidir:

“Azərbaycana və Türkiyə qarşı ərazi iddialar konstitusiyadan çıxarılmalıdır. Həmçinin, gerbdən də Ağrı dağı yığışdırılmalıdır. Qondarma soyqırım kimi bütün yalançı ittihamlar dayandırılmalıdır. Ermənistan artıq müstəqil bir dövlət kimi formalaşmalıdır. Bunun üçün də yaxşı fürsət yaranıb. Əgər Azərbaycan, Türkiyə və digər dost dövlətlərin yaratdığı bu fürsətdən yararlana bilməsə, olduğu dalandan çıxa bilməyəcək.

Nikol Paşinyanın da Qarabağla bağlı məsələləri gündəmdə saxlasalar, normal dövlət ola bilməyəcəklərini etiraf etməsi çox mühümdür. Bu da Ermənistanın Baş nazirinin reallığı anladığını göstərir. Lakin konkret, əməli iş ortaya çıxanda rəsmi İrəvanın bundan yayınması və siyasi manipulyasiyalarına şahid oluruq. Ona görə hələ də ortada konkret nəticə yoxdur”.

Vüqar İskəndərovun fikrincə, 2024-cü il Ermənistan üçün də bir fürsətdir:

“Qarşıdakı günlərdə və aylarda Ermənistanda referendum keçirilməli və Azərbaycanın onun qarşısına qoyduğu məsələləri həll edilmədir. Bu isə dövrün və zamanın tələbidir. Artıq rəsmi İrəvan da bunun üçün də əməli addımlar atmalıdır”.
Tarix: 2-02-2024, 22:24
Xəbəri paylaş





Xəbər lenti