Zelenskini qaralama kampaniyası: Ukrayna lideri istefa verəcəkmi?


Son zamanlar Rusiya mətbuatının ardınca bir sıra Qərb mətbuatı və sosial şəbəkələrində də Ukrayna prezidenti Volodimir Zelenski barədə mənfi fikirlər yer almağa başlayıb. Onlar Zelenskini bacarıqsız lider kimi təqdim etməyə çalışırlar. 

Bu günlərdə isə alman əsilli finlandiyalı sahibkar Kim Dotkom "X" sosial şəbəkəsindəki səhifəsində Zelenskinin hakimiyyət uğrunda mübarizəni uduzduğundan yazaraq, onun bir neçə həftə ərzində istefaya gedəcəyini bəyan edib. 


Kim Dotkom

Biznesmen həmçinin iddia edir ki, yanvarın 31-də Kiyevə gələn ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Zelenskinin potensial varisi ilə görüş də keçirib. Alman bizmesmeninin dediklərinin həqiqəti nə dərəcədə əks etdirdiyini bəri başdan söyləmək mümkün deyil. Ancaq hadisələrin gedişi Ukraynada əks proseslərin getdiyini düşünməyə əsas verir. Düzdür, son dövrlər Zelenski ilə hakimiyyətin bəzi üzvləri arasında müəyyən fikir ayrılıqlarının yarandığı göz önündədir. Bu ziddiyyətlər xüsusən də prezidentlə ordunun baş komandanı Valeri Zalujnı arasında gedir. Bu xüsusda da Zalujnının istefaya göndəriləcəyi bildirilir. Lakin hələlik bu barədə konkret rəsmi qərar verilməyib. Görünür, alman biznesmen də Zalujnı ilə bağlı qərarın hələlik rəsmiləşməməsinə əsasən əvəzində Zelenskinin bir neçə həftəyə istefa verəcəyi qənaətinə gəlib. 


Amma reallıqda bunun əsər ələməti hələlik hiss olunmur. Ölkənin indiki durumunda prezidentin istefa verəcəyi inandırıcı deyil. Çünki bu addımı atması Zelenski haqqında ölkənin dar günündə çəkinərək, qorxaraq geri çəkildiyi barədə fikirlərin formalaşmasına rəvac verəcək. Digər tərəfdən, Zelenski bu addımı indi atarsa, Ukrayna cəmiyyətinin döyüş ruhunu da zəiflədə bilər. Zalujnı ilə aralarında ziddiyyətlər yaransa da, hələlik Ukrayna hökuməti ümumən Zelenskiyə sadiq görünür. Ukrayna xalqının prezidentə etimadının yaxşı olduğunu nəzərə alanda da,  Zelenskinin postunu tərk edəcəyi inandırıcı görünmür. Digər tərəfdən, xarici faktorlar da Zelenskinin hakimiyyətdə qalmasına xidmət edir. Belə ki, hələlik Ukraynaya dəstək verən aparıcı dövlətlərin hökumətlərində Zelenskini başqası ilə əvəzləmək kimi fikirlər demək olar yer almayıb. Əksinə, Qərb bir müddət davam edən anlaşılmazlıqdan sonra, yenidən Ukraynaya maliyyə və hərbi dəstək göstərməyə başlayıb.


Volodimir Zelenski - Valeri Zalujnı 

Bu günlərdə Avropa İttifaqı nəhayət Ukraynaya 50 milyard avroluq yardım paketini təsdiqlədi. ABŞ Konqesilə Prezident Adminstrasiyası arasında bu məsələdə yaşanan ziddiyyətlər də artıq aradan qalxır. Qərb Zelenskini dəyişmək niyyətində olsaydı, onun iqtidarda qalmasına qədər bu yardımlara "yaşıl işıq" yandırmazdı. Deməli, əksinə, indiki halda Zelenskinin hakimiyyətdə qalması Qərbin də maraqlarına tam cavab verir. Bu mənada alman iş adamının sözügedən açıqlaması reallığı əks etdirmədiyi qədər, belə görünür Rusiyanın maraqlarına cavab verən bir açıqlamadır. Məqsəd də Ukrayna cəmiyyətində mövcud olan birliyi pozmağa çalışmaqdır. Tarix boyu almanlar arasında ruslara xidmət edən çoxsaylı agentlərin olduğunu nəzərə alsaq, güman ki, Kim Dotkom da məhz Moskvanın sifarişinə əsasən yuxarıda qeyd edilən fikri gündəmə atıb.

Rüfət Sultan
Tarix: 3-02-2024, 21:53
Xəbəri paylaş





Xəbər lenti