Çarın Türkiyəyə gözlənilən səfərində məqsəd: Putinin iki hədəfi var
Kreml rəhbəri Rusiya auditoriasına “xarici siyasətdə hər şey qaydasındadır” mesajını vermək istəyir Kreml bildirir ki, Rusiya Prezidenti Vladimir Putin bu ay Türkiyəyə səfərə hazırlaşır və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların əsas mövzularından biri Ukrayna məsələsi olacaq. Əslində belə bir səfər baş tutsa, bu, Rusiya üçün təbliğat kampaniyasının ideoloji komponenti olan iki əsas məna daşıyacaq. Burada xatırlatmaq yerinə düşər ki, Ərdoğanın Putinlə görüşü Türkiyənin İsveçin NATO-ya daxil olmasına nəhayət razılıq verməsindən, ABŞ-ın isə razılaşmanın bir hissəsini yerinə yetirdikdən və F-16 təyyarələrinin Türkiyəyə təhvil verilməsinə razılıq verməsindən sonra planlaşdırılır. Yəni Türkiyə yenidən Qərb düşərgəsinə qayıtmış kimi görünür. Bu kontekstdə Vladimir Putinin səfərini ilk növbədə, Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri öncəsi Kremlin xarici siyasətində hər şeyin qaydasında olduğunu nümayiş etdirmək cəhdi kimi qiymətləndirmək olar. İkincisi, digər məqsəd Rusiyaya, bir növ əbədi konspirasiya nəzəriyyəsinə meyilli Rusiya cəmiyyətinə Türkiyənin Rusiya Federasiyasının tərəfdaşı olaraq qaldığını göstərməkdir. Yəni ki, ABŞ-ın Türkiyəyə F-16 təyyarələri vermə qərarından sonra Putin nümayiş etdirməyə çalışır ki, Türkiyə ABŞ-ın müttəfiqi olsa da, həqiqətən də suveren xarici siyasət yürüdür. Bu, bir növ rusları inandırmaq cəhdidir ki, Türkiyə sadəcə olaraq ABŞ-la problemlərini həll edib, lakin Rusiya ilə tərəfdaşlıq münasibətləri davam edir. O da maraqlıdır ki, Türkiyə ilə Rusiya arasında istənilən məsələ Putinlə Ərdoğanın birbaşa görüşü olmadan da həll oluna bilər. Hökumətlərarası təmaslar, məsləhətləşmələr, əldə olunmuş razılaşmalar formatında çox şey qərarlaşdırılır. Ona görə də Putinin Ərdoğanla danışıqlar aparmaq üçün türkiyəyə uçmasına səbəb ola biləcək heç nə görmürəm. Bundan əlavə, ötən ilin avqustunu xatırlamaq yerinə düşər. Həmin vaxt Putinin Türkiyəyə səfəri gözlənilirdi, lakin Kreml rəhbəri Türkiyəyə səfər etmək üçün səbəb olmadığını düşündü, Ankaraya getmədi. Beləliklə, bu günə olan məlumata görə, Rusiya çarının səfər üçün yuxarıda qeyd olunan iki təbliğatdan başqa heç bir real səbəbi yoxdur. Ukraynada müharibənin müzakirəsini və mümkün sülh təşəbbüslərini xatırlasaq, yanvarın 16-da Putin İstanbulda “müharibəyə son qoymaq” sazişlərindən danışıb və Ukraynaya görə onların pozulduğunu bildirib. Yəni ki, əgər Putin fevralda Türkiyəyə səfər edərsə, o zaman digər məsələlərlə yanaşı, bu, Rusiyanın Ukraynada guya sülh istəyi kontekstində Rusiya təbliğatı ilə yadda qalacaq. Lakin bu təbliğat əsasən rusiyalı auditoriyaya yönəlib. Faktiki olaraq, Rusiya sülhlə bağlı yeni heç nə təklif edə bilmir. Müəllif: Vladimir Volya – Ukraynalı siyasi ekspert. Mənbə: UNİAN Tərcümə AYNA