7 fevralda keçiriləcək seçkidə YAP-ın namizədi İlham Əliyevin qalib gələcəyi bir adamda belə şübhə doğurmur. Digər namizədlərin bu seçkidə prezident seçilməsi mümkün deyil. Ona görə də cəmiyyətin diqqəti 7 fevraldan sonrakı 7 ilə fokuslanıb: Prezident Əliyev qarşıdakı 7 ildə hansı dəyişiklikləri edəcək...Anaxeber.info ictimaiyyətdə gedən müzakirələri, əhalidə olan gözləntiləri müşahidə edərək təhlil hazırlayıb. Bu araşdırma və analizlərdən belə qənaətə gəlmək olar ki, iqtidar sosial problemlərin girdabında olan əhalinin rifah səviyyəsini yüksəltməsə, qarşıdakı dövrdə ciddi narazılıqlar yaranacaq. Ölkədə inflyasiya pik həddə, bahalaşma davamlı, gəlirlər aşağı, monopoliya olduğu kimi qalıb və belə şəraitdə xalq üçün Zəfər eyforiyası tamamilə yoxa çıxacaq. Prezident Əliyev sosial vəziyyətin yaxşılaşması ilə bağlı mühüm islahatlar həyata keçirməklə, sahibkarlığa əngəl olan bürokratik neqativləri aradan qaldırmaqla, iqtisadi sistemdə kölgə iqtisadiyyatının səviyyəsini minimuma endirməklə əhalinin həyatını rahatlaşdıra bilər. Əgər məmurlar öz bildiyini davam etdirsələr, gömrük, bank, maliyyə sistemində reformlar edilməsə, borc-xərc, cərimə içində yaşayan camaatın günü "göy əskiyə bükülsə", o halda hökumətə inam getdikcə azalacaq, əldə edilən uğurlar haqda danışmağa başlayanda insanlar həyatından narazılığı hakimiyyətə göstərəcək. O baxımdan 7 fevraldan sonrakı 7 il fərqli olmalıdır. Ölkədə yeni və tələbkar gənc nəsil var, xalq kifayət qədər siyasiləşib, artıq spekulyasiyalar işləmir, soyuq məntiq güclüdür, odur ki, əhaliyə yalan danışmaq, manevrlər etmək keçmir. İndi imitasiya olmadan real iş görmək zamanıdır: maaş və pensiya artımı, yanacaqda ucuzlaşma, işıq və qaz limitinin ləğvi, cərimələrin azalması reallaşmalı, məmurların ev tikintisi, hər hansı sənədin hazırlanması üçün rüşvət tələbi tam aradan götürülməlidir. Təhsil haqları, kredit faizləri aşağı salınmalı, iş yerləri açılmalı, inhisarçılıq turizm, gömrük və digər sahələrdə ləğv edilməli, siyasi islahatlar sahəsində ciddi açılıma gedilməlidir. Hökumətdə də dəyişikliklər zəruridir: əksər nazirlər, məmurlar, icra başçıları xalq içində hörmətə, nüfuza sahib deyil. Xüsusən bölgələrdə narazılıq səviyyəsi yüksəkdir - iş yox, dolanışıq zəif, məmurlar harın... Yəni bundan sonra xalq hakimiyyətdən normal sosial-iqtisadi idarəetmə sistemi tələb edəcək.
Son illərdə ölkədə dövlət-oliqarxik sistemi bərqərar olub, məmurlar çoxdan ölkənin ən əsas iqtisadi “rıçaq”larını ələ keçiriblər, vəzifə ən böyük biznesə, siyasi hakimiyyət isə iqtisadi hakimiyyəti də ələ keçirmək üçün vasitəyə çevrilib.
Bu prosesin ən faciəli tərəfi isə odur ki, belə sistem stabil deyil, məmurlar arasında daim savaş gedir, yeni məmur özündən əvvəlkinin təkcə vəzifəsini deyil, həm də onun iqtisadi strukturlarını ələ keçirir, bu isə permanent mülkiyyət savaşına çevrilir, iqtisadi institutların oturuşmasına və stabilləşməsinə imkan vermir. Odur ki, xalq 7 fevraldan sonra bir başqa Azərbaycan gözləyir...
Siam.az
Tarix: 5-02-2024, 15:05