Növbəti Bayden-Tramp döyüşü, yoxsa... – “Hələ tezdir”

Vladislav Faraponov: “Qarşıda xeyli zaman var və proseslərin gedişatında dəyişikliklər ola bilər”
ABŞ-da prezidentlik yarışı geniş vüsət alır. Bütün dünya tərəfdarların və ya siyasi partiya üzvlərinin görüşlərinin necə keçirildiyini izləyir. ABŞ-da və xaricdə mühüm məsələlərlə bağlı namizədlərin bəyanatlarını dinləyir.
Bəzi ştatların ABŞ-ın keçmiş Prezidenti Donald Trampın öz ərazisində respublikaçıların partiyadaxili seçkilərində (praymerizində) iştirakını qanuni olaraq qadağan etməsinə baxmayaraq, o, hazırda Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəd sayılır. Onun demokratlardan rəqibi hazırkı ABŞ Prezidenti Co Baydendir.
“Amerika Araşdırmaları İnstitutu”nun rəhbəri və “İnternyus-Ukrayna”nın analitiki Vladislav Faraponov UNİAN-a seçkilərlə bağlı proqnozlarını bölüşüb.

Analitik qeyd edib ki, payızda keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının prezidentliyə namizədinin şansları daha yüksəkdir: “Noyabrda keçiriləcək prezident seçkilərindən danışırıqsa, əslində nəticələr, hətta sorğuların nəticələri haqqında danışmaq hələ çox tezdir. Ən azı yayda, bəlkə də avqust-sentyabr aylarında sorğuların nəticələrinə ciddi baxmaq mümkün olacaq. Qarşıda xeyli zaman var və proseslərin gedişatında dəyişikliklər ola bilər. Amma güman ki, növbəti Bayden-Tramp döyüşünün şahidi olacağıq”.
“Trampın rəqibləri üçün - həm partiya daxilində, həm də ümumi seçkilərdə ən vacib məqam onun mənfi hüquqi izinin olmasıdır. Yəni ki, bəzi ştatlarda praymerizdə bülletendə olmaq nöqteyi-nəzərindən qeyri-legitimlik təsdiqlənərsə, Tramp faktiki olaraq hələ də bu seçkidən kənarlaşdırıla bilər. Müvafiq olaraq, əgər ştatlar onun ilkin seçkilərdə iştirak edə bilməyəcəyinə qərar verərsə, ümumi seçkilərdə namizəd ola bilməyəcək. Amma bunu indidən demək tezdir”, - deyə V.Faraponov əlavə edib.
Onun sözlərinə görə, indidən Trampın mütləq qalib gələcəyini, Baydenin mütləq qələbə qazanacağını, yaxud Nikki Heylinin ABŞ Prezidenti olub-olmayacağını deməyə əsas yoxdur: “İyun-iyul aylarına kimi partiyalardan irəli sürülən namizədlərər, partiyaların kimə üstünlük verəcəyinə, kimin namizəd olacağına və s. baxmaq lazımdır”.
Müəllif: Turan Abdulla
Tarix: 6-02-2024, 09:41
Xəbəri paylaş





Xəbər lenti