Sərhədlərin delimitasiyası və demarkasiyası: İlin sonunadək yekunlaşa bilər? - AKTUAL

Sərhədlərin delimitasiyası və demarkasiyası: İlin sonunadək yekunlaşa bilər?
"Yaxın aylarda Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın növbəti görüşü baş tuta bilər".

Bunu politoloq Oqtay Qasımov "Cebhe.info"-ya şərhində Azərbaycan-Ermənistan sərhəd ərazilərinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın növbəti görüşünün nə zaman baş tutacağı ilə bağlı suala cavablandırarkən bildirib.

Onun sözlərinə görə, növbəti görüşlərdə müəyyən məsələlər üzrə razılıq əldə oluna bilər:

"Belə ki, 2023-ci ilin noyabrın 30-da komissiyanın baş tutan görüşündə Azərbaycan və Ermənistanın nümayindələri komissiyanın reqlamentinin və hüquqi aktlarının müəyyənləşməsi ilə bağlı məsələlərdə ümumi razılığa gəldilər.

Yəni, bu kimi birgə görüşlər davam etdirilsin. Son görüş isə bu ilin yanvarın 31-də keçirilib.

Hesab edirəm ki, müəyyən fasilələrlə bu istiqamətdə işlər aparılacaq. Yaxın aylarda növbəti görüşlərin keçirilməsi ehtimalı yüksəkdir. Lakin həmin görüşlərdə hansı nəticələrin əldə ediləcəyi barədə proqnoz vermək bir qədər çətindir. Müzakirə olunacaq çox mühüm məsələlər var".

Delimitasiya ilə bağlı hər hansı məsələnin öz həllini tapıb-tapmayacağı ilə bağlı suala cavablandıran O.Qasımov qeyd edib ki, bəzi məsələlər üzərində razılıq əldə oluna bilər:

"Sərhəd ərazilərin delimitasiyası prosesində münasib metodikaların tətbiqi barədə ciddi müzakirələr aparılmalıdır. Bu məsələdə hər iki tərəfin müxtəlif yanaşmaları var.

Erməni tərəfi müəyyən xəritələr irəli sürməklə manipulyasiya ilə məşğuldur. O qədər mühüm olmayan məsələlərdə birgə anlaşmaya gəlmək mümkündür. Ancaq prinsipal məsələlər üzrə birgə razılaşmaya gəlmək zaman aparacaq.

Bildirim ki, Azərbaycan tərəfinin prinsipal mövqeyi qarşılıqlı şəkildə razılaşdırılmış metodikaların tətbiq edilməsidir".

Ermənistanın işğalı altında olan səkkiz kəndin Azərbaycana qaytarılması məsələsinə gəlincə, O.Qasımov bunun mürəkkəb məsələ olduğunu deyib:

"Bu gün işğal altındakı Kərki və Yuxarı Əskipara kəndi Ermənistan üçün əhəmiyyət kəsb edir. Belə ki, Kərki kəndi İrəvanı İranla, Yuxarı Əskipara isə Gürcüstanla birləşdirir. Hər iki kənd İrəvan üçün çox həssas məsələlərdir.

Ona görə də erməni tərəfi bu məsələdə dirəniş göstərir".
Tarix: 11-02-2024, 14:50
Xəbəri paylaş





Xəbər lenti