7 fevraldan sonrakı 7 İL... NECƏ OLACAQ? - "Düşünürəm ki, müəyyən dəyişikliklər olacaq"

7 fevraldan sonrakı 7 İL... NECƏ OLACAQ?
Fevralın 7-də keçirilən prezident seçkilərində qalib gələn İlham Heydər oğlu Əliyevin inauqurasiya mərasimi keçirilib. Andiçmə mərasimi Milli Məclisdə keçirilib. Qanunvericiliyə görə, prezident and içdikdən sonra səlahiyyətlərinin icrasına başlayır.
Xatırladaq ki, ötən gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 7 fevral 2024-cü il seçkilərinin nəticələrini təsdiqləyərək, İlham Heydər oğlu Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiyi elan edilib.

“Cənab Prezidentin and içmə mərasimi yüksək səviyyədə keçdi. Dövlət başçısı konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq, növbəti 7 il üçün xalqa sədaqətlə xidmət edəcəyini bildirdi. Sonra, əldə olunan nailiyyətlər, tarixi Zəfər, beynəlxalq münasibətlər sistemində baş verən təzadlı proseslər, işğaldan azad olunan bölgələrin bərpası, həyata keçirilən infrastruktur layihələri, ölkə qarşısında duran vəzifələr barədə geniş məzmunlu çıxış etdi. Diqqət çəkən əsas məqamlardan biri, Azərbaycanın gələcək xarici siyasi kursunun Türk Dövlətləri Təşkilatı çərçivəsində, Türk Birliyi istiqamətində aparılmasının vacibliyini qeyd etməsi oldu. Bu da təbii ki, 44 günlük müharibədə və ondan sonra əldə olunan qələbələrimizi, bəzi neolokolonialist siyasət aparan dövlətlərin davranışları ilə bağlı məsələdir”

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputat qeyd edib ki, Fransa başda olmaqla, həmin qüvvələrin ölkəmizə təzyiqləri davam etməkdədir. Müşahidələr onu göstərir ki, təzyiqlər davamı gələcək. Bu baxımdan, Türk dövlətlərinin bir-birinə inteqrasiyası, hərtərəfli inkişafı, təhlükəsizliyimizin yeganə qarantı hesab olunur.

Deputat vurğulayıb ki, Prezident gələcək 7 il üçün iki əsas strateji xətt müəyyənləşdirdi.

“İqtisadi inkişaf və təhlükəsizliyin təmin olunması. İndiyə qədər, verdiyi bütün vədləri icra edən cənab İlham Əliyevin, növbəti 7 il ərzində Azərbaycanı daha da güclü dövlətə çevirəcəyinə şübhə yoxdur.

Hökumət strukturlarında dəyişiklik mütəmadi olaraq aparılıb və bu proses dinamik xarakter daşıyır. Düşünürəm ki, müəyyən dəyişikliklər olacaq”-deyə deputat əlavə edib.
Tarix: 14-02-2024, 21:42
Xəbəri paylaş





Xəbər lenti