- Uzunmüddətli fasilədən sonra Ermənistan niyə şərti sərhəddə təxribata getdi? Təxribatın arxasındakı qüvvələr kimlərdir və məqsədləri nə ola bilər?
- Əsas məqsəd Ermənistan-Azərbaycan qarşıdurmasını yeni mərhələyə keçirməkdir. Təxribatın arxasında duranlar bilirlər ki, Şərq xalqları belə məsələlərdə emosional hərəkət edirlər. Məqsədləri bu idi ki, Azərbaycan ordusu sərhədi keçsin. Sonra da dünyaya elan eləsinlər ki, Azərbaycan “işğalçı dövlət”dir. Amma anlamırlar ki, Azərbaycan artıq 90-cı illərdəki Azərbaycan deyil.
Təxribatın sifarişçisi Fransadır, bu ölkədə ABŞ-nin oyuncağıdır. Bunun başqa adı yoxdur. ABŞ, Fransa və Avropa Birliyi Cənubi Qafqazda yeni aktora çevrilmək, bu məqsədlə də Türkiyə və Rusiyanı bölgədən uzaqlaşdırmaq istəyirlər, bu planları çərçivəsində də Azərbaycanı Ermənistan kimi “qul statusu”nda görmək... Bütün bu təxribatlar həmin məqsədə xidmət edir. Amma Dövlət Sərhəd Xidməti buna qisas əməliyyatı ilə cavab verdi, nəticədə xeyli sayda hərbçilərini itirdilər. Ölənlər də yaşlı adamlardır, çünki Ermənistanda ordu yoxdur. Ermənistanda döyüşə qocalar gedir. Bu qocalar Azərbaycan xüsusi təyinatlılarının qabağında nə edə bilərlər? Heç nə.
- KTMT-nin Baş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov sərhəddə toqquşma riskinin yüksək olduğunu deyir. Bu ehtimalın reallaşması nə qədər mümkündür?
- Bu baş verməyəcək. Rusiya da bunda (toqquşma) maraqlıdır. Rusiyanın da məqsədi odur ki, sülhməramlılarının Qarabağda saxlamaq üçün biz də bu təxribata gedək. Bizim zəmanətimiz yoxdur ki, son təxribatlarda Rusiyanın hərbi elitasından kimlərsə iştirak etməyib.
- Ermənistanda VOMA, “Səlibçilər”, “Yerkrapa” kimi terror təşkilatları və ya silahlı qruplaşmaların fəallığı müşahidə olunur. Son təxribatın iştirakçılarından biri elə “Yerkrapa” idi. Bu aktivlik nədən irəli gəlir?
- Radikalları erməni kilsəsi fəallaşdırır. ABŞ də, Rusiya da, İrəvanın özü də yaxşı bilirlər ki, Ermənistanda döyüşəsi ordu yoxdur. Ona görə də, belə təxribatçı qruplaşmaları qabağa verməyə çalışırlar.
“Yerkrapa” vaxtilə Qarabağda fəaliyyət göstərib. Bu, Xocalı, Malıbəyli, Qaradağlı və digər soyqırımılarında iştirak edənlərdən ibarət cinayətkar dəstədir, terrorçu qruplaşmadır. Azərbaycan onu da zərərsizləşdirib, bir şey qalmayıb.
- Ermənistan Baş naziri Nikol Paşinyan sərhəddə təxribat törədilməməsi barədə təlimat verdiyini söylədi. Bu, təxribatın özləri tərəfindən törədildiyinin etirafıdırmı?
- Paşinyanın özü də gözəl başa düşür ki, bu təxribatlar onu hakimiyyətdən sala bilər. “Yerkrapa”, VOMA və digərləri orduya tabe deyillər, o, orduya deyir ki, siz eləməyin. Paşinyanın onlara gücü çatmır, özü də bir şey edə bilmir. Görünən budur ki, Ermənistanda özbaşınalıqdır. Hakimiyyətsizlik və qarşıdurma Ermənistana kifayət qədər problemlər yaradır. Ümumiyyətlə, Paşinyan dediklərində səmimi deyil. Bu adamın səhər bir, günorta başqa, axşam tamam başqa şey deyir, külək kimi bir şeydir, hardan əsdiyi, niyə əsdiyi bilinmir.
- Rusiya sülhməramlılarının Qarabağdan çıxarılıb-çıxarılmayacağı da müzakirə mövzusudur. Rusiyanın Azərbaycandakı səfiri 2025-ci ildən sonra da qalmaq istədiklərinə eyham vurdu. Rəsmi Bakı buna etiraz etdi, bildirdi ki, sülhməramlıların qalma müddəti 2025-ci ilin noyabrın 9-dəkdir. Bunu Bakının müddəti uzatmayacağı mesajı kimi şərh etmək olarmı?
- Əlbəttə, bu, dövlət səviyyəsində həll olunan məsələdir. Əlbəttə, biz istəyərik ki, hansısa dövlətin Azərbaycan ərazisində silahlı qüvvəsi olmasın. Hələ ilyarım var. İndi müzakirə ediləcək bir mövzu yoxdur, belə məsələləri “5-ci kolon” atır, cənab prezidentin (İlham Əliyev) qazandığı uğurlara kölgə salmaq istəyirlər. Dövlət nə vaxt və nəyə qərar versə, o da olacaq. Artıq Rusiya hərbçilərinin orada olub-olmamasının bizim üçün heç bir əhəmiyyəti yoxdur.
- Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyir ki, erməniləri Qarabağa qaytarmağa hazırdırlar. Bu məsələ Azərbaycanın daxili işi deyilmi?
- Rusiya hələ imperiya ambisiyasından əl çəkməyib. İkincisi, Rusiyaya kim icazə verib ki, Azərbaycanın yerinə qərar qəbul eləsin?! Əlbəttə, bir diplomatın qeyri-diplomatik açıqlaması Azərbaycanda xoş qarşılana bilməz. Erməniləri qaytarmaq lazım olsa, bunu Azərbaycan edəcək, sən kimsən?! İkincisi də, onları biz qovmamışıq, özləri çıxıb gediblər. Bakıda 30 min erməni var, indiyədək birini çıxarmışıq? Hələ də burada yaşayırlar.
Qaluzinin açıqlamasına gəlincə, ermənilərin əlləri ilə növbəti təxribatı törətmək istəyirlər. Bu təxribata yer verməməliyik.
- Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel yenə Azərbaycanı hədəfə aldı. Bir müddətdir Azərbaycana qarşı fəaliyyətlə məşğul olan bu adam ölkəmizdən nə istəyir?
- Borrel birmənalı şəkildə Makronun adamıdır. Onu Avropa Birliyində önəmli vəzifəyə Makron çəkib. Fransanın Azərbaycana qarşı siyasətini Borrelin əliylə həyata keçirməyə çalışırlar. Borrel səviyyəsi çox aşağı olan adamdır. Əsas Şarl Mişeldir, o da Azərbaycan prezidentini təbrik edib. Bundan sonra onların nə deyəcəyi, hansı addımları atacağı bizim üçün maraqlı deyil. Borrel uğursuz siyasətçidir, bu, göz qabağındadır.