Azərbaycan-AŞPA münasibətləri... - NƏ ETMƏLİ?

Azərbaycan-AŞPA münasibətləri...
“Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə Azərbaycan nümayəndə heyətinə sanksiya tətbiq etməsi onların özlərinin daxili nizamnamələrinin pozulması ilə həyata keçirildi”.

Bu sözləri politoloq Yeganə Hacıyeva “Cebhe.info”-ya açıqlamasında deyib.

O xatırladıb ki, 2019-cu ildə reqlament qaydalarına edilmiş düzəliş və əlavələrə görə hansısa ölkənin nümayəndə heyətinin səslərinin alınması, onlara qarşı sanksiyaların tətbiq olunması qadağan olunub:

“Təəssüf ki, bu qadağaya məhəl qoyulmadı. Azərbaycana qarşı bu təbliğatlar şübhəlidir. Burada erməni lobbisinin rolu ön plana çıxır. Həmçinin, Qərb təsisatlarının guya Cənubi Qafqazdakı maraqlarının zədələnməsindən narahat olmasına görə həyata keçirilən ikinci sifariş var.

Bundan başqa, proseslərdə birbaşa Fransanın da iştirakçılığını qeyd etmək lazımdır. Əslində bunların hamısı Azərbaycana qarşı münasibəti göstərir. Avropa təsisatlarının Cənubi Qafqazda həyata keçirdiyi eksponsiv siyasət adlandıra bilərik. Bu istiqamətdə ölkəmizi hədəf seçiblər”.

Politoloq bildirib ki, AŞPA-dakı nümayəndə heyətimiz sonuna qədər özlərini müdafiə edəcəklər:

“Özünü müdafiə etmək onların hüququdur. Ümumiyyətlə, təşkilatların özlərinin müəyyən davranış qaydaları olur. Bunu da mütləq həyata keçirmək lazımdır. Azərbaycanın beynəlxaq təşkilatlardakı nümayəndələri də bunu hər mənada öyrənməlidirlər.

Məsələn, BMT-də bunu çox gözəl həyata keçirə bilirik. Bizə qarşı geniş koalisiya olmasına baxmayaraq, BMT-nin nizamnamələrinə əsaslanaraq özümüzü müdafiə edə bilirik. Eyni addımı digər beynəlxalq təşkilatlarda da etməliyik”.

Yeganə Hacıyeva Azərbaycan-AŞPA münasibətləri ilə bağlı gələcək perspektivdə nələr gözlənildiyi barədə isə bunları deyib:

“Gələcək perspektivdə bir müddətlik Azərbaycanla AŞPA arasında problemlər ola bilər. Bu problemlərin həlli olunması ilə bağlı təşəbbüssləri də birmənalı olaraq AŞPA-dan gələcək. Azərbaycan da bu problemləri həll edəcək”.
Tarix: 16-02-2024, 21:18
Xəbəri paylaş





Xəbər lenti