Əliyev mesajını verdi: Bu ölkələr ordularını birləşdirirlər - Ekspert danışır...

Əliyev mesajını verdi: Bu ölkələr ordularını birləşdirirlər
Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Prezident İlham Əliyev deyir ki, bizim başqa ailəmiz yoxdur - bizim ailəmiz türk dünyasıdır. Azərbaycan liderinin bu mesajını necə şərh etmək olar, bu, qarşıdakı dövrdə xarici siyasətimizin əsas istiqamətidirmi? Belədirsə, Türk Dövlətləri Təşkilatı, yaxud türk birliyi hansı formada gücləndirilə bilər?

- Prezidentin bu açıqlaması uğurlu və bizim gələcək prioritetlərimizi göstərən mesajdır. Dövlət başçısı bütün məsələlərə aydınlıq gətirdi. Açıq şəkildə bəyan etdi ki, biz bu günə qədər üzv olduğumuz bütün təşkilatlardakı fəaliyyətlərimizi gücləndirəcəyik, əməkdaşlıq istiqamətlərini genişləndirəcəyik. Amma Prezident İlham Əliyev prioritet istiqamətin türk dünyası olduğunu xüsusi vurğuladı. Prezident açıq mətnlə söylədi ki, işimizi elə qurmalıyıq ki, türk dünyası gələcəkdə əsas güc mərkəzlərindən biri olsun. Düşünürəm ki, bu, prioritet və çox doğru istiqamətdir. Çünki gələcək rəqabətdə güc mərkəzi olmayan qüvvələr təzyiq altında olacaqlar.

Türk dünyası və ya Türk Dövlətləri Təşkilatının gələcək rəqabətdə dünyanın güc mərkəzlərindən biri olması üçün bütün imkanları var. Bura geniş coğrafiya, gənc əhali və onun sayı, iqtisadi, mədəni, hərbi, sosial, təbii sərvətlər, coğrafi mövqe, enerji resursları və sair kimi amillər daxildir. Bu amillər imkan verir ki, türk dünyası gələcəkdə qlobal güc mərkəzlərindən birinə çevrilsin. Bunun üçün siyasi iradə, istək və ardıcıl fəaliyyət lazımdır. Prezident də məhz bunu qeyd etdi. O bildirdi ki, türk dünyası bizim ailəmiz, bu dövlətlər qardaşlarımızdır, milli kimlik baxımından bir kökə mənsubuq. Buna görə də, prioritet kimi türk dünyası Azərbaycan üçün çox doğru istiqamətdir.

- Azərbaycan və Türkiyə məlumdur, türk birliyinin irəli aparılmasında lokomotiv rolunu oynayırlar. Bəs Çin və Rusiya təsirinin güclü olduğu Orta Asiyanın türk cümhuriyyətləri inteqrasiyanın daha da dərinləşdirilməsində maraqlıdırlarmı?

- Bəli, sizin qeyd etdiyiniz bütün məqamlar var. Düşünürəm ki, Orta Asiyanın türk cümhuriyyətləri bunda maraqlıdırlar. Bilirsiniz ki, Türk Dövlətləri Zirvəsi 1992-ci ildən keçirilməyə başlayıb. Türk Dövlətləri Təşkilatının əsasında 2009-cu ildə qoyulub. Bu prosesdə aktiv yer alan ölkələrdən biri Qazaxıstan idi. Bu ölkə müstəqillik dövründə bu istiqamətdə kifayət qədər uğrulu fəaliyyət göstərib. Özbəkistan da son 8 ildə bu prosesə aktiv şəkildə qoşulub, Qırğızıstan aktivdir. Türkmənistan neytral statusuna görə prosesdə o qədər də fəal deyildi, amma son üç ildə bu ölkənin də fəallığının artdığını görürük.

Seçim həm istək, həm də dünyada yaranmış vəziyyətdən çox asılıdır. Buna görə də, Orta Asiyanın türk cümhuriyyətləri artıq bu prosesdə aktiv fəaliyyət göstərirlər, xüsusən də bölgənin iki əsas dövləti – Özbəkistan və Qazaxıstan.

Son illərdə Azərbaycanla Orta Asiyanın türk ölkələri arasında əlaqələr sürətlə inkişaf edir. Ölkələrimiz arasında prezidentlər səviyyəsində baş tutan qarşılıqlı səfərlər əlaqələrin inkişafına ciddi təkan verir. 44 günlük müharibə və bundan sonrakı dönəmdə türk dövlətləri Azərbaycana dəstək verdilər. Özbəkistanın işğaldan azad edilmiş ərazidə orta məktəb tikdirməsi, Qazaxıstanın mədəniyyət mərkəzi inşa etdirməsi qardaş yardımıdır. Özbəkistan Prezident Şavkat Mirziyoyevin azad edilmiş ərazilərə, xüsusən də Şuşaya səfəri, keçmiş qaçqınlarla görüşü türk dünyası adına tarixi hadisədir. Bu səfərin yaratdığı səmimi mənzərə ümidlərimizi artırır ki, bu istiqamətdə işlər ciddi şəkildə davam edəcək.

Hesab edirəm ki, Orta Asiyanın türk cümhuriyyətləri də türk dünyasının qlobal güclərdən birinə çevrilməsi istiqamətində öz addımlarını atacaq, resurslarını səfərbər edəcəklər. Əlbəttə, son illərdə xüsusən də Türkiyə və Azərbaycanın bu yöndəki fəaliyyətləri intensivləşib. Düşünürəm ki, 44 günlük Vətən Müharibəsindəki tarixi zəfər türk dünyasının inteqrasiyasının gücləndirilməsi və sürətləndirilməsinə ciddi təkan verib.

- Sizcə, daha hansı ölkələr üzv ola bilərlər? Məsələn, Monqolustan, Şimali Kipr Türk Cümhuriyyəti və sair. Sizə görə daha hansı ölkələrin profilləri Türk Dövlətləri Təşkilatına uyğundur?

- Bilirsiniz ki, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatında müşahidəçi kimi çıxış edirlər. Əlbəttə, Monqolustanla da əlaqələr inkişaf etdirilməlidir, amma bu ölkə bir qədər uzaqda yerləşir. Amma mən düşünürəm ki, Orta Asiyanın digər ölkəsi Tacikistan gələcəkdə bu müstəvidə fəaliyyət göstərə bilər. Pakistanın da bu formatla sıx təmasları və fəaliyyəti mümkündür. Artıq Pakistanla Türkiyə və Azərbaycan arasında strateji müttəfiqlik də var. Üç ölkə arasında birgə hərbi təlimlər keçirilir, əlaqələrin inkişafına təkan verəcək birgə layihələr icra olunur və sair. Bütün bunlar Pakistana müşahidəçi üzv kimi Türk Dövlətləri Təşkilatına yolunu aça bilər. Pakistanın özünün də bunda maraqlı olacağı qənaətindəyəm. Bilirsiniz ki, Orta Asiya uğrunda mübarizəni təkcə Qərb, Rusiya və Çin yox, Hindistan da aparır. Hindistanın da Pakistana münasibəti aydındır. Buna görə də, Pakistan bu formata ciddi şəkildə maraq göstərə bilər.

- Prezident Əliyev türk dünyasının böyük hərbi güc olduğunu da söylədi. Bu mesajı qarşıdakı dövrdə “Türk NATO-su” formatlarında hərbi blokun qurulacağı mesajı kimi oxumaq olarmı?

- Əlbəttə, əlaqələr bütün istiqamətlərdə inkişaf edəcək. Bilirsiniz ki, Azərbaycanla Türkiyə arasında əlaqələr yüksək səviyyədədir, ordularımız ciddi əməkdaşlıq içindədir. Hər il iki qardaş ölkənin silahlı qüvvələri arasında hərbi təlimlər keçirilir. Azərbaycan öz ordusunu Türkiyə standartlarında qurmaqda davam edir. Türkiyə dünya miqyasında hərbi gücdür, Azərbaycan da bu gücə güc qatır. Təsadüfi deyil ki, son illərdə Azərbaycan və Türkiyədən edilən çağırışlarda “iki dövlət, bir ordu” mesajlarını da eşidirik.

Bütün bunlar bütün türk dövlətləri arasında hərbi-texniki əməkdaşlığın gücləndirilməsinə gətirib çıxara bilər. Türkiyənin Qazaxıstan, Özbəkistan və Qırğızıstanla da hərbi-texniki sahədə ciddi əməkdaşlığı var. Həmçinin Orta Asiya cümhuriyyətləri Türkiyə istehsalı PUA-ların əsas müştərilərindən sayılırlar, o cümlədən birgə istehsalın qurulması ilə bağlı razılaşmalar var.

Azərbaycanın da Qazaxıstan və Özbəkistanla hərbi-texniki istiqamətdə əməkdaşlığı var. Artıq ordularımız birgə təlimlər keçirməyə başlayırlar. Bütün bunları nəzərdə aldıqda, gələcəkdə vahid mərkəzdən idarə olunan təxminən “Türk NATO-su” formatında hərbi birlik və ya blokun yaradılması mümkündür. Hesab edirəm ki, bu, həm də realdır. Çünki indiki qlobal rəqabətdə hərbi güc çox önəmlidir. Düşünürəm ki, bütün türk dövlətləri bu amili nəzərə alacaqlar.
Tarix: 17-02-2024, 11:04
Xəbəri paylaş





Xəbər lenti