Azərbaycan Zəngəzur dəhlizini zorla açacaq? – Yolun sonuna doğru
Zəngəzur dəhlizinin açılması məsələsi yenidən gündəmin aktual məsələsinə çerilib. İkinci Qarabağ müharibəsini bitirən 2020-ci ilin 10 noyabr tarixli Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Üçtərəfli Birgə Bəyanatın 9-cu maddəsində göstərilir ki, bölgənin nəqliyyat-kommunikasiyaları blokdan çıxarılmalıdır. Buna əsasən də, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən sərbəst yol olmalıdır. Lakin Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin dəhliz məntiqi ilə açılmasına qarşı çıxır və İrəvanın bu mövqeyi davam edir.
Son həftələrdə Qərb mediasında yayılan informasiyalara görə, Azərbaycan Zəngəzur dəhlizinin reallaşması üçün hərbi vasitəyə əl atacaq. İddia olunur ki, dəhlizin reallaşmasında maraqlı olan Rusiya bölgədə hərbi qarşıdurma yaratmaq üçün Azərbaycanı Qərbi Zəngəzura hücuma təşviq edir.
Əksər yerli analitiklər isə hesab edirlər ki, Azərbaycanın öz siyasəti var və buna uyğun davranış ortaya qoyur, təxribatların qarşısını qətiyyətlə alır. Və bu davranışların Rusiyanın maraqları ilə üst-üstə düşməsi o demək deyil ki, Bakı təlimatı Moskvadan alır.
Zəngəzur dəhlizi ətrafında gedən müzakirələr barədə AYNA-nın suallarını cavablandıran Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın çox aydın mövqeyi var:
- Azərbaycan dəhlizin reallaşmasını istəyir və yolun açılması üçün lazımi işlər görür. 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Birgə Bəyanatın 9-cu maddəsi Azərbaycan Prezidentinin təşəbbüsü ilə həmin sənədə salınıb. Həmin maddədə göstərilir ki, Azərbaycanın qərb rayonları ilə digər hissəsi – Naxçıvan arasında nəqliyyat əlaqəsi yaradılmalıdır. Eyni zamanda, aydın şəkildə göstərilir ki, Zəngəzur dəhlizi üzərində nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirəcək. Bütün bunlar Bəyanatda aydın şəkildə ifadə olunub. Ermənistanın Baş naziri Nikol Paşinyan da sözügedən sənədə imza atıb.
Məsələ burasındadır ki, Ermənistan tərəfi Üçtərəfli Birgə Bəyanatın heç bir şərtinə əməl etmədi. Nə kommunikasiyaların açılması ilə bağlı İrəvan tərəfindən addım atıldı, nə də 44 günlük müharibədən sonra üç il ərzində Azərbaycan ərazisindən silahlı qüvvələrini çıxardı. Nəhayət, Azərbaycan ötən ilin sentyabr ayında bir günlük antiterror əməliyyatı ilə Üçtərəfli Birgə Bəyanatın şərtlərini özü icra etdi. Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini və separatçı rejimin silahlılarını Azərbaycan Ordusu ərazilərimizdən çıxardı. İndi Zəngəzur dəhlizi ilə bağlı məqalələr yazan, mülahizələr irəli sürən Qərb bunu həzm edə bilmədi, Bakıya qarşı siyasi hücumlara başladı. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın gücə əl atacağı iddiası da bu hücumların tərkib hissəsidir.
- Ermənistan da bu iddia ilə çıxış edir. Sizcə, İrəvan bu iddiaları Qərbin təlimatı ilə irəli sürür?
- Hələ 44 günlük müharibədən sonra Zəngəzur dəhlizi ilə bağlı Ermənistan açıq şəkildə manipulyasiyalara başlayıb. Ermənistanın davranışlarında hətta şantaj elementləri də mövcud idi. Belə olan halda Azərbaycan İranın ərazisindən keçməklə Naxçıvana yolun çəkilməsi barədə razılığa gəldi. Bundan sonra Ermənistan rəhbərliyi artıq fərqli ritorikaya keçdi. İrəvan kommunikasiyaların açılmasına razı olduğunu bəyan etdi. Amma Paşinyan israrla Zəngəzur dəhlizi üzərində Rusiyanın nəzarətinin olmayacağını bildirirdi.
Aydın məsələdir ki, Zəngəzur dəhlizinin açılmasını Qərb istəmir. Paşinyanın sərgilədiyi mövqe Avropanın, Amerikanın mövqeyidir. Təbii ki, Qərb Ermənistan üzərində Rusiyanın əlavə təsirlərinin olmasını istəmir. Paşinyan da Qərbdən gələn təlimatlar əsasında məhz Zəngəzur dəhlizi üzərində Rusiyanın nəzarətinin olmasını istəmədiyini bildirməkdə davam edir. Bununla Paşinyan özü imzaladığı sənəddə ifadə olunmuş şərtlərdən imtina edir. Bunun özü, əlbəttə, Ermənistanın olduqca etibarsız tərəf olduğunu göstərir. Ermənistana güvənmək və hansısa sənədi imzalamaq o demək deyil ki, İrəvan bu sənədin şərtlərinə əməl edəcək.
Bir çox hallarda Ermənistan davranışları ilə ona qarşı güc komponentlərindən istifadədən başqa bir yol qoymur. Məsələn, rəsmi Bakı Azərbaycan ərazisində yaşayan ermənilərə reinteqrasiya çağırışları etdi, İrəvandan tələb olundu ki, Qarabağdan qoşunlarını çıxarsın. Lakin Ermənistan bütün bu çağırışlara müsbət cavab vermədi. Belə olan halda Azərbaycan öz suveren ərazilərində antiterror tədbirlərinə əl atdı, Ermənistanın silahlı qüvvələrini və separatçıları bölgədən təmizlədi. Bundan sonra da Ermənistan təxribatlarını davam etdirdi. Artıq təxribatlar siyasi müstəviyə keçdi. Avropadan dəstək alaraq müxtəlif Qərb platformalarında Azərbaycana qarşı müzakirələr həyata keçirdi.
Bütün bunları deməkdə məqsədim odur ki, müharibəni istəyən Avropadır. Paşinyanın bu istiqamətdə alət rolunda çıxış etməsi göz önündədir. Baxın, Azərbaycan öz ərazilərində antiterror tədbirləri həyata keçirir, ABŞ, Avropa, BMT buna görə ölkəmizi qınayır. Eyni siyasət üç il əvvəl də aparılırdı. 2020-ci ildə Azərbaycan öz torpaqlarını azad edir və bundan sonra ölkəyə qarşı siyasi hücumlar intensivləşir. Əslində Qərb Azərbaycana BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdiyi üçün təşəkkür etməli idi. Amma biz bunun tam əksini görürük. Bu da onun göstəricisidir ki, Qərb Cənubi Qafqazda münaqişənin aradan qalxmasında maraqlı deyil. ABŞ və Avropa münaqişəyə Cənubi Qafqaza müdaxilə imkanı kimi baxırdılar.
Azərbaycan bu imkanı aradan qaldırdığına görə ölkəmizə hücumlar başladı. İndi isə Zəngəzur dəhlizi məsələsi barədə Azərbaycana siyasi hücumlar edilir. Paşinyanın Qərbdən gələn təlimatlara uyğun şəkildə bəyanatlar verir. Burada başqa bir incə məqam ondan ibarətdir ki, Paşinyan Böyük Britaniyanın “The Telegraf” nəşrinə müsahibəsində bildirdi ki, Ermənistan ərazisindən keçən kommunikasiyalar üzərində Rusiyanın hər hansı nəzarəti olmayacaq.
- Ermənistanın bu mövqeyində, yəni Rusiyanın müdaxiləsini istəməməsində məntiqsizlik var?
- Məntiqsizlik yoxdur, sadəcə ikili oyun var. O zaman sual olunur ki, İrəvan bu mövqeyi 2020-ci ildə, Üçtərəfli Birgə Bəyanata imza atarkən niyə bildirmirdi, bu sənədə niyə qol çəkirdi? Bilirsiniz, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı qəti mövqeyini görən Qərb Paşinyanın vasitəsilə bəyanatlar verdirir və istəyir ki, Azərbaycan da Ermənistanla eyni mövqedən çıxış etsin. Belə olan halda Azərbaycanla Rusiya arasında fikir ayrılığı yaranacaq ki, Qərb məhz buna çalışır. Bu gün Amerikanın da, Avropanın da istəyi ondan ibarətdir ki, Rusiya ilə Azərbaycan arasında gərginlik yaransın. Amma Azərbaycan lideri İlham Əliyev hər zaman imzasına hörmət edən, imzasına sadiq bir siyasətçidir. Azərbaycan Üçtətərfli Birgə Bəyanatın şərtlərinə uyğun siyasət aparır, davranış ortaya qoyur. Ona görə də Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı Ermənistanla oxşar mövqe sərgiləməsi absurddur.
- Dediniz ki, Ermənistan davranışları ilə ona qarşı güc komponentindən istifadədən başqa yol qoymur. Bu, o deməkdirmi ki, Zəngəzur dəhlizi ilə bağlı da güc komponentinə əl atılacaq?
- Azərbaycan heç vaxt Ermənistanın ərazisindən Naxçıvana kommunikasiyanın yaradılması üçün güc vasitəsinə əl atacağı mövqeyini sərgiləməyib. Rəsmi Bakının siyasəti hər bir məsələni dinc yolla həll etmək prinsipinə söykənir. Yox, əgər qarşı tərəf, yəni Ermənistan özünü aqressiv aparacaqsa, bu, onun özü üçün zərərli olacaq. Azərbaycan konstruktiv yolla Ermənistana bütün məsələləri danışıqlarla, əldə olunmuş razılıqlara uyğun həll etməyi təklif edir. Hesab edirəm ki, Ermənistan özü sağlam məntiqə uyğun olaraq, razılaşmalara uyğun davranış ortaya qoymalıdır. Bu, Ermənistanın özü üçün çox vacibdir.
Azərbaycan Prezidenti andiçmə mərasimində vurğuladı ki, regionda sülh de-fakto mövcuddur və bu vəziyyəti də Azərbaycan yaradıb. İndi Ermənistanın özü Azərbaycanla sülh sazişi imzalamaqda maraqlı olmalıdır. Çünki bu, ən çox Ermənistana lazımdır. Hazırkı vəziyyət Azərbaycan üçün kifayət qədər münbitdir. Biz torpaqlarımızı işğaldan azad etmişik, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Bunlarla yanaşı, Azərbaycan güc mövqeyini tam bərqərar edib. Ermənistan anlamalıdır ki, Azərbaycan tərəfindən Ermənistana qarşı hansısa hərbi addım atılması marağı yoxdur. Bununla yanaşı, Ermənistanın istənilən təxribatına adekvat cavab veriləcək və təxribatların qarşısı qətiyyətlə alınacaq. Güman edirəm ki, Ermənistan reallıqlara uyğun şəkildə razılaşmalara əməl edilməsinin vacibliyini dərk edəcək, başqa çıxış yolunun olmadığını anlayacaq. Belə olan halda da regional kommunikasiyalar açılacaq.