Rusiya ilə ticarətimiz 21faiz azalıb - səbəb...
Qərb Rusiya ətrafındakı sanksiya çəmbərini getdikcə daraldır. ABŞ və Böyük Britaniyanın ardınca Avropa İttifaqı da Ukraynada işğalçı müharibənin ikinci ildönümünə sanksiyalardan yayınmalara qarşı yeni və daha sərt addımlar atacağını elan edib. Açıqlanan məlumatdan aydın olur ki, Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiya paketinin əsasında sanksiyalardan yayınmaqda Moskvaya dəstək verən şirkət və fiziki şəxslərə qarşı addımlar dayanır.
Aİ-nin yaydığı məlumata görə, Rusiyaya qarşı yeni sanksiyalar paketinə 106 fiziki şəxs və 88 struktur daxil edilib. Paketdə idxal və ixrac nəzarəti sahəsində məhdudiyyətlərin Çin, Hindistan, Serbiya, Qazaxıstan, Sinqapur Tailand, Türkiyə və Şri-Lankadan olan bəzi şirkətlərə şamil edilməsinə qərar verilib. Aİ Şurasının yaydığı məlumata görə, “onlar ikili təyinatlı mallar və texnologiyalar, habelə Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun texnoloji təkmilləşdirilməsinə töhfə verə biləcək mal və texnologiyalar üzrə daha sərt ixrac məhdudiyyətlərinə məruz qalacaqlar”.
Fevralın 22-də Böyük Britaniya sanksiyalar siyahısını genişləndirib, ora BƏƏ, Türkiyənin gəmiçilik şirkətləri də daxil olmaqla, çox saydı şirkətləri daxil edib. Həmin şirkətlər qiymət tavanından yüksək qiymətə satılan Rusiya neftinin daşınmasında iştirak edirlər.
Ukraynada işğalçı müharibənin başlanmasının iikinci ildönümü ərəfəsində ABŞ da Rusiyaya qarşı xarici obyektlər də daxil olmaqla, 500 obyektə təsir edəcək sanksiyalar hazırladığını açıqlayıb. “Fox News”un ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemoya istinadən yaydığı məlumata görə, sanksiyalar Rusiyaya hərbi təyinatlı mallar almağa yardım edən şirkətlərə qarşı yönəlib.
Xatırladaq ki, Qərb Rusiyaya sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkə şirkətlərinə qarşı nəzarəti ötən ilin payızından xüsusilə sərtləşdirib. Dekabr ayında ABŞ prezidenti Co Baydenin imzaladığı əmrlə ölkənin Maliyyə Nazirliyinə Rusiya ilə ikili təyinatlı məhsulların ticarətinin maliyyələşməsində iştirak edən bütün maliyyə qurumlarına sanksiya tətbiq etmək tapşırılıb. Bu əmrdən sonra Rusiyanın əsas ticarət tərəfdaşları olan Çin, BƏƏ və Türkiyə ilə ticarətdə kəskin problemlər meydana çıxıb.
Belə ki, yanvarın əvvəlində məlum olub ki, Türkiyə bankları Rusiya ilə ticarət əməliyyatlarını maliyyələşdirməkdən imtina etməyə başlayıblar. Ötən müddət ərzində yaranan problemi aradan qaldırmaq mümkün olmayıb. Rusiya tərəfi problemin ABŞ-da dekabrda qəbul edilən qərarın əsas rol oynadığını bildirməklə Türkiyə banklarının vəziyyətinin anlaşıldığını elan etsə də, hələ ki ticarət əməliyyatlarının başqa maliyyələşmə forması tapılmayıb.
Türkiyənin “Ekonomim” nəşrinin yazdığına görə, “ABŞ-ın yeni sanksiyaları fonunda Rusiyadan Türkiyəyə ödənişlərlə bağlı problemlər tədricən kritik xarakter alır, vəziyyət daha da pisləşməkdədir”. Rusiya ilə ticarət münasibətləri olan iş adamları nəşrə bildiriblər ki, bəzi şirkətlər biznesi hansısa şəkildə saxlamaq üçün üçüncü ölkələrin bankları vasitəsilə ödəmələr etməyə çalışır və ya barteri seçir, lakin bu cür formatlar bank ödəmələrinin tam hüquqlu əvəzedicisi ola bilmir. Bunun fonunda hesablarında balans saxlaya bilməyən ixracatçılar Çin və digər ölkələrə yeni sifarişləri itirirlər. Türkiyənin işgüzar dairələrindəki mənbələr hakimiyyətdən pul köçürmələri ilə bağlı problemi yüngülləşdirmək üçün bu və ya digər çıxış yolu tapmasını tələb edirlər.
Türkiyənin Ticarət Nazirliyi Rusiya ilə bank köçürmələri sahəsində ilin əvvəlindən yaranmış problemləri həll etmək üçün bir sıra tədbirlər görüb. Belə tədbirlərdən biri maliyyə əməliyyatlarına fors-major halların tətbiq olunmasıdır. Nəşr fevralın 22-də yazıb ki, yerli ixracatçılar Türkiyə hakimiyyətini Qərbin sanksiyalarına məruz qalmamaq üçün istisna olaraq indiyədək tədarük etdikləri malların pulunun Rusiyadakı tərəfdaşlardan alınmasına kömək etməyə çağırıblar. Qarşı tərəfin 180 gün ərzində pulu bank hesabına köçürməklə ödənişi bağlamaq öhdəliyi var. Bu, ödənişi nağdsız almaq istəyən türk şirkətləri üçün problemə çevrilib. Bəzi ixracatçılar səlahiyyətlilərdən Rusiyanı ixrac üçün ödənişlərdə bank vasitəsilə pul köçürmək və əməliyyatı bəyan etmək tələbi olmayan 33 ölkə siyahısına əlavə etməyi xahiş edirlər.
Qəzetin yazdığına görə, Türkiyənin Ticarət Nazirliyi xüsusilə Rusiya və Ukrayna ilə bank əməliyyatlarının iştirakçılarını onlara fors-major faktorunu tətbiq etməyə dəvət edir. Müddəti bitdikdən sonra şirkətlər ödəniş müddətinin əvvəlcədən razılaşdırılmış müddətə əlavə olaraq 24 aya qədər uzadılmasını tələb edə bilərlər. İxrac qiyməti, əlavə olaraq, şirkətlər tərəfindən ödənişin banklar tərəfindən qəbul edilmədiyini təsdiq edən sənəd əsasında vergi idarələri vasitəsilə həyata keçirilə bilər. Qəzet yazır ki, əgər zərurət yaranarsa, digər imkanlar buna imkan verməsə, Türkiyə Ticarət Nazirliyi də əməliyyatların bəyan edilməsi probleminin həllinə kömək edə bilər. Lakin türk iş adamları bu addımların Rusiya ilə ticarət əməliyyatlarında davamlılığı təmin etməyə imkan verməyəcəyini bildirirlər.
Yaranan problem artıq Türkiyə-Rusiya ticarətinin həcmində əksini tapmaqdadır. Belə ki, 2024-cü ilin yanvar ayında Türkiyənin Rusiyaya ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30,4 faiz azalıb. Türkiyə İxracatçılar Assambleyasının hesablamalarına əsasən, 2023-cü ilin yanvarında Rusiyaya ixrac 792,1 milyon dollar təşkil edibsə, 2024-cü ilin yanvarında bu rəqəm 551,1 milyon dollara düşüb.
Hesablama zamanı azad iqtisadi zonalarda ticarət və digər parametrləri də nəzərə alan Türkiyə Statistika İdarəsinin məlumatına görə, azalma 39 faiz olub - 1,04 milyard dollardan 631 milyon dollara qədər.
Assambleyanın hesablamasına görə, kimya məhsullarının ixracında 41,1 faiz, təzə tərəvəz və meyvələrin ixracında 20,4 faiz, avtomobillərin ixracında 7,6 faiz azalma olub. Bunlar Rusiyaya tədarük olunan mal və xidmətlərin strukturunda ən böyük payı olan maddələrdir. Bundan əlavə, maşınqayırma məhsullarının ixracı 23,9 faiz, elektronika və elektrotexnika məhsullarının ixracı 48,8 faiz azalıb.
Rusiyanın eyni xarakterli problemi Çinlə ticarət əməliyyatlarında da yaranıb. Belə ki, Çinin dörd ən böyük bankından üçü 2024-cü ilin əvvəlindən Rusiyanın sanksiya tətbiq etdiyi kredit təşkilatlarından ödənişləri qəbul etməyi dayandırıb. Bu barədə biznes dairələrindəki mənbələrə istinadən Rusiyanın “İzvestiya” nəşri məlumat yayıb. Məhdudiyyətlər Çində aktivlərin həcminə görə birinci, ikinci və dördüncü yerləri tutan Çin Sənaye və Kommersiya Bankı (ICBC), Çin İnşaat Bankı (CCB) və Bank of China tərəfindən tətbiq edilib.
Mənbələrin sözlərinə görə, yanvarın əvvəlindən bu banklar Rusiya müştərilərinə ödənişləri qəbul etməyi dayandıracaqları barədə xəbərdarlıq ediblər. “İzvestiya”nın Rusiya kredit təşkilatlarından birindəki mənbəsi bildirib ki, ödənişlər hansı sistemdən - Avropa SWIFT, Rusiya SPFS və ya Çin CIPS-dən keçməsindən asılı olmayaraq rədd edilir.
Çin və Türkiyə banklarının ardınca Birləşmiş Ərəb Əmirliklərinin böyük bankları da Rusiyadan olan müştərilərlə işləmək üçün məhdudiyyətlər tətbiq etməyə başlayıb. Bu barədə “Vedomosti” qəzeti rusiyalı iş adamlarına, vergi və hüquq məsləhətçilərinə, həmçinin “Delovaya Rossiya”nın nümayəndələrinə istinadən məlumat yayıb. Məlumata görə, BƏƏ bankları Rusiyadan pul qəbulunu və rusiyalı müştərilərə ödəniş göndərməyi dayandırıb. Bundan əlavə, kredit təşkilatları sahibləri Rusiya vətəndaşı olan şirkətlərin hesablarını bağlayır.
İş adamlarının sözlərinə görə, BƏƏ bankları ilə bağlı problemlər ABŞ prezidenti Co Baydenin 2023-cü ilin dekabrında ikinci dərəcəli sanksiyalarla bağlı fərman verməsindən xeyli əvvəl başlayıb. Ruslar 2023-cü il ərzində çətinliklər yaşayıblar, lakin sentyabr ayından etibarən problemlər daha da böyüyüb. Hazırda Rusiya şirkətlərinin BƏƏ banklarında hesab açması demək olar ki, mümkün deyil.
Bir sıra Rusiya mənbələri bu vəziyyətin müvəqqəti olduğunu, biznesin çıxış yolu tapacağını bildirirlər. Lakin bu yol ticarət həcminə, həmçinin ticarət obyekti olan məhsulun dəyərinə ciddi təsir göstərəcək...
Onu da qeyd edək ki, Rusiya ilə ticarətdə ikili malların yer alması halı qeydə alınan bütün ölkələr üçün ikincili sanksiyalar böyük təhdidlər formalaşdırır. Lakin sanksiyaların tətbiqindən indiyədək Azərbaycanın bu məsələdə adı bir dəfə də olsun hallanmayıb. Baxmayaraq ki, Rusiya ilə ticarətin həcmində ciddi artım var, rəsmi Bakı sanksiyalı malların öz üzərindən Rusiyaya ötürülməsinə imkan vermir. Rəsmi statistikaya əsasən, 2023-cü il ərzində Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 17,5 faiz və ya 648,5 milyon ABŞ dolları artaraq 4,35 milyard dolları üstələyib. Ötən il Azərbaycandan Rusiyaya 1,19 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin göstəricisindən 22,6 faiz və ya 220,9 milyon dollar çoxdur.
Rusiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 15,6 faiz və ya 427,5 milyon dollar artaraq 3,16 milyard dollar təşkil edib.
2024-cü ilin yanvarında ölkələr arasında ticarətin həcmi 264 milyon 801,07 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 21,3 faiz azdır. Ötən ilin yanvarında ticarət 336 milyon 282,38 min dollar olmuşdu.
Nəzərə alsaq ki, Qərb Sinqapur, Tailand, BƏƏ kimi əhəmiyyətli tərəfdaşlarından olan şirkətləri də Rusiyaya yardıma görə cəzalandırır, onda Azərbaycanın tutduğu mövqenin doğru olduğunu söyləyə bilərik.
Musavat.com
Tarix: 24-02-2024, 11:38