Avropa Parlamentində növbəti rüşvət qalmaqalı yaşanır. Belçika polisi Avropa Parlamentinin ofisində “Russiagate” işi ilə bağlı axtarış aparır. Avropa Parlamentinin deputatlarına Rusiya təbliğatının “Avropanın səsi” saytı vasitəsilə irəlilədilməsinə görə rüşvət verildiyi hesab edilir. "Avropa Parlamentinin müvafiq əməkdaşının bunda mühüm rol oynadığına dair əlamətlər var”, - deyə Belçika hüquq-mühafizə orqanları bildirib. Avropa Parlamentinin sözçüsü davam edən təhqiqatla bağlı şərh verməkdən imtina edib.
Xatırladaq ki, 2022-ci ildə Avropa Parlamentinin vitse-prezidenti, yunan deputat Eva Kayli və daha 3 nəfərin Qətərdən rüşvət almaları faktı məlum olmuşdu. Bu qalmaqallarda erməni lobbisi, xüsusən Brüsseldə yaşayan erməni iş adamı Kaspar Karapetyanın aktiv rol oynadığı da məlumdur.
Politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, son zamanlar Avropa Parlamentində korrupsiya qalmaqalları ilə tez-tez rastlaşırıq: "Bir müddət əvvəl Avropa Parlamentinin vitse-spikeri yunan deputat Yeva Kali və digər deputatlar vasitəsilə Qətərin maraqlarının genişləndirilməsi ilə bağlı korrupsiya qalmaqalı yayıldı. Bu böyük rezonansa səbəb oldu və Avropa Parlamentinin qərar, qətnamələrinin legitimliyi şübhə altına alındı. Bu məsələlər səngiməmiş Rusiya təbliğatı istiqamətində Avropa Parlamentində rüşvət alan deputatlar haqqında iddialar qalxır. Hadisələr onu göstərir ki, ayrı ayrı dövlətlər öz gücündən, resurslarından istifadə edərək Avropa Parlamentinin deputatlarını əla ala, qərar və qətnamələrə təsir edə bilirlər. Əlbəttəki belə hallar Avropa Parlamenti haqqında mənfi düşüncələr yaradır".
Ekspert əlavə edib ki, Avropa Parlamentinin qeyri-şəffaflığı onların Azərbaycana hücumlarının pərdə arxasını bizə göstərir: "Bu cür qalmaqallarda erməni lobbisi, xüsusən Brüsseldə yaşayan erməni iş adamı Kaspar Karapetyanın aktiv rol oynamağı bizim şübhələrimizə əsas verir. Bir vaxtlar nüfuzu ilə, imici ilə seçilən Avropa Parlamentinin deputatları bu gün ayrı-ayrı maliyyə qurumlarıın əlaltısına çevriliblər".