UKRAYNANIN “F-16” ÜMİDİ... - Kiyevə bu təyyarənin hansı variantı veriləcək?

UKRAYNANIN “F-16” ÜMİDİ... - Kiyevə bu təyyarənin hansı variantı veriləcək?
Ukraynanı və Rusiyanı daha mürəkkəb və çətin döyüş şəraitinin içinə salırlar

Rusiya ordusunun Xarkov istiqmətindəki irəliləyişi böyük ölçüdə dayandırılıb və indi ruslar yalnız kiçik dəstələr şəklində taktiki həmlələr edirlər. Ancaq Vladimir Putin bu hücumun guya yalnız Rusiya ilə Ukrayna arasında “bufer zona” yaratmaq məqsədi daşıdığını deyir. Guya ki, ruslar Belqorod vilayətinin atəşə tutulmasının qarşısını bu yolla alacaqlarmış.

Vladimir Putin həmçinin, Avropanı qorxutmaq üçün yenidən nüvə təhdidinə baş vurub. “Müharibə” sözünü dilinə gətirməyən Putinin qorxduğu ən böyük şey Qərbin Ukraynaya müharibənin müqəddəratını həll edə biləcək silahlar yollaması və həmçinin Rusiya ərazisinə zərbələr vurulmasına Vaşinqtonun icazə verməsdir.

Rusiya ordusunun Ukraynanın içində darmadağın edilməsi mümkündür. Bunu Putin də hər halda anlayır. O, səfərbərliyə gedib 300-500 min əlavə əsgər yığsa və onları cəbhəyə yollasa prinsip etibarı ilə irəliləyiş əldə etmək imkanı qazanar. Lakin əgər Qərb Ukraynaya müharibədə dönüş yarada biləcək silahlar verərsə, rusların səfərbərliyinin faydası olmayacaq. Sadəcə, daha çox adam qırılacaq. Düzdür, Putin üçün əsgər ölümü adi statistikadır, lakin o, bu müharibəni yalnız öz ssenarisi əsasında aparmaq niyyətindədir, əks təqdirdə Moskvanın bütün planları fiaskoya uğrayacaq.

Rusiya demək olar ki, silah, texnika baxımından əlindəki bütün vasitələrdən istifadə edir və heç şübhəsiz ki, bunu davam etdirəcək. Kremlin silah üstünlüyündən savayı arxalandığı ən böyük “kozır” Ukraynanın taqətdən salınması perspektividir.

Ümumi qənaətə əsasən deyə bilərik ki, Rusiyanın gücünü sındıracaq və müharibədə dönüş yarada biləcək ən mühüm silah Qərbin Ukraynaya verəcəyi “F-16” qırıcıları ola bilər. Bunun baş tutması üçün ilk növbədə Ukraynaya “F-16”-ların həm qələbəni təmin edəcək sayda, həm də müasir modifikasiyada verilməsi vacib şərtdir.

Volodimir Zelenski bu yaxınlarda Fransanın “AFP” agentliyinə verdiyi müsahibəsində deyib: ”Rusiyanı hava üstünlüyündən məhrum etmək üçün bizim hərbi donanmamızda 120-130 müasair təyyarə olmalıdır”.

Amma Ukrayna bu sayda “F-16” ilə təchiz ediləcəkmi? Həm də ki, bu təyyarə hələ 1970-ci illərdə istismara verilib və onun çoxsaylı variant və modifikasiyaları var. Bu illər ərzində mikroelektronika sahəsinin inkişafı ilə əlaqədar “F-16” qırıcılarının avionikasında yeniliklər aparılıb. Ona görə də “F-16” qırıcıları barəsində birmənalı fikir yürütmək asan deyil.

Hərbi ekspertlərin əksəriyyətinin fikrinə görə, indiyədək Ukraynaya verilmiş digər silahlarla müqayisədə “F-16” qırıcıları daha çox texniki xidmət və geniş infrastruktur tələb edir. İlk baxışda kiçik və əhəmiyyətsiz görünən xırdalıqlarla bağlı problemlər həll edilməzsə, bütöv bir sistemin işi ciddi şəkildə axsayacaq, ona görə də “F-16”-ların qəbulu üçün bütün hazırlıq işləri qüsursuz yerinə yetirilməldir. Məsələn, “F-16” təyyarələrinin düşmən raketlərindən necə mühafizə edilməsi ilə bağlı kompleks tədbirlər mütləq həyata keçirilməlidir.

Ukraynanın nə qədər “F-16” alacağı haqda bəyan edilən bütün məlumatları toplasaq, qənaətbəxş say alınır. Belə ki, Danimarka 19, Niderland-24, Norveç-22, Belçika 30 ədəd “F-16” təyyarəsi verəcəyini açıqlayıb. Bunlar cəmi 95 təyyarə etsə də, onların hamısı heç də eyni vaxtda tədarük olunmayacaq. Çox böyük ehtimalla bu yay Ukrayna səmasında ilk “F-16”-ların uçacağı gözlənilir. Ancaq həmin təyyarələrin tam şəkildə müasir standartlara cavab verəcəyi şübhəlidir.

Göndərilməsi nəzərdə tutulan köhnə təyyarələrin bir özəlliyi də onların ABŞ-də yox, Belçika və Nidelanddakı zavodlarda yığılmasıdır. Bu ölkələr hələ Ukraynada müharibə başlamamışdan öncə öz aviaparklarını beçinci nəsil “F-35” qırcıları ilə yeniləmək üçün “F-16” təyyarələrini silahlı qüvvələrinin döyüş cərgəsindən çıxarıblar.

Bu ölkələr özlərindəkı “F-16” təyyarələrinin heç də hamısını yox, yalnız bir hissəsini Ukraynaya göndərməyi planlayırlar, qalan təyyarələrini isə satacaqlar. Məsələn,artıq Danimarka Argentinaya 24 ədəd “F-16” satıb.

Bu ölkələrdəki bütün “F-16”-ların hamısı A və B variantlarına aiddirlər. Yəni, ən köhnə modifikasiyalardır. Ən yeni model isə “F-16V”-dir. ”F-16” qırıcılarının modifikasiya yenilənməsində “Block” terminindən istifadə olunur. Ən birinci modifikasiya “Block 1”, sonuncular isə “Block 52+” və “Block 60”-dır. Hələ bunlardan əlavə başqa bir yeni versiya üzrəində də iş gedir.
Bəs, Ukraynaya göndəriləcək “F-16” -ların xüsusiyyəti ilə tanış olsaq nəylə qarşılaşarıq? Məsələn, Danimarkanın “F-16 BM” təyyarəsi “AN/APG-66(V)2A” radarı ilə təchiz olunub. “F-16”-ların həcmi kiçik olduğuna görə böyük radarlar quraşdırmaq çətindir. Rusiyanın “Su-30”, ”Su-35” və “MiQ-31” təyyarələri daha iri gövdəli olduqları üçün onlar böyük və güclü radarlarla təchiz ediliblər. Amma “F-16”-lar aşağı hündürlükdə öz Radio Lokasiya Stansiyalarını söndürərək uça bilərlər ki, bu da onların Rusiyanın müasir qırıcılarının hədəfinə tuş gəlməsini çətinləşdirəcək.

Onu da xüsusilə vurğulamaq lazımdır ki, Ukraynaya veriləcək “F-16”-ların hansı tip “hava-hava”raketləri ilə təchiz edilməsinin döyüşlərdə rolu çox böyük olacaq. Bundan başqa, həmin təyyaralərdə idarəolunan aviabombalar quraşdırmaq mümkündür. Digər tərəfdən, ”F-16” qırıcıları Rusiyanın“KAB” bombaları tullayan təyyarələrini hədəf alıb məhv edə bilərlər.

“F-16” larla harmoniyada fəaliyyət göstərə biləcək radiolokasiya kəşfiyyatı apara bilcək təyyarəyə ehtiyac vardı. İsveç açıqlayıb ki, tezliklə Ukraynaya “ASC-890” radiolokasiya kəşfiyyat təyyarəsi verəcək. İsveçin “SAAB” şirkəti tərəfindən hazırlanan bu təyyarənin özəlliyi onun 450 kilometr radiusunda obyektləri aşkarlamasıdır.

Avropanın şimal dövlətlərinin Ukraynaya verəcəkləri “F-16” qırıcılarını gələcək perspektivlər üçün ilkin sınaq mərhələsi kimi də başa düşmək olar. Belə ki, müharibənin tarixinə qısa göz gəzdirdikdə Qərbin Ukraynaya verdiyi silah və texnikanın sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru necə təkamül etdiyini görərik. Bu nümunəni verilən silahların həcminə aid etmək olmasa da, ümumən tədarük olunan silahların tədricən müasirləşməsi və zərbə gücünün artması istiqmətində getməsi danılmazdır. Amma bu miqyas qələbə üçün kifayət deyil.

Deməli, müharibənin uzanması təqdirində Rusiya ordusunun Ukraynada daha təkmil və müasir Qərb texnikası ilə üzləşə biləcəyi istisna deyil. Ukraynaya yollanılması nəzərdə tutulan “F-16” qırıcılarının nə sayı,nə də ki, modifikasiyası hava məkanında əzici üstünlük əldə etmək üçün yetərli sayıla bilməz. Lakin hər halda bu, həmin təyyarələrin xarakterinin öyrənilməsi, onlara texniki xidmətin göstərilməsi və lazımı infrasrukturun qurulması istqamətində ilkin müsbət addım kimi dəyərləndirilməlidir.

Hələlik Qərb ölkələri ilkin mərhələdə nisbətən kohnə modellər yollamaqla kifayətlənirlər. ABŞ-nin silah arsenalında təxminən 900 “F-16” təyyarəsi var və gələcək perspektivdə onların Ukraynaya ən yeni variantlarının göndərilməsi istisna deyil. Hətta müəyyən bir müddətdən sonra radarlara yaxalanmyan beşinci nəsil “F-35” təyyarələrinin belə Ukrayna səmasında görünməsi təəccüb doğurmayacaq. Ümumiyyətlə, istər Ukraynanı, istərsə də Rusiyanı yavaş-yavaş daha mürəkkəb və çətin döyüş şəraitinin içinə salırlar.//“AzPolitika.info”//



Tarix: 2-06-2024, 11:50
Xəbəri paylaş





Xəbər lenti