Türkiyədə Bakıya qarşı təxribat: Bayrağımız olan binanı kimlər “qan”a boyadı?


Azərbaycanın SOCAR şirkətinin Türkiyənin İstanbuldakı ofisi etirazçıların hücumuna məruz qalıb. 
“Fələstin üçün min gənc” adlı qrup neft şirkəti ofisinin Üçrəngli Bayrağımızın rəngləri olan divarlarına qırmızı boya atıblar. Hadisə yerində çəkilən videolarda bir qrup şəxsin ofisin giriş qapılarını sındırmağa çalışdığı görünür. Daha sonra yayılan fotolarda binanın girişinin polis tərəfindən mühafizə olunduğu əks etdirilib.
Ümumiyyətlə, gec-tez belə bir hadisənin baş verəcəyi bəlli idi. HƏMAS-ın İsrailə hücumu və Təl-Əvivin cavab olaraq hərbi əməliyyatlara başlaması fonunda Türkiyədəki bəzi mühafizəkar kəsim də radikallaşıb. İşin tragikomik tərəfi isə “İsrail mallarını boykot” adı altında Təl-Əvivlə əlaqəsi olmayan şirkətlər də boykot edilir.
Aksiyalar zamanı “fəallar” “soyqırımçı” İsrailə neft verən SOCAR önündə səsimizi ucaltmaqda davam edirik!”, “Bu qanlı ticarətə imkan verməyəcəyik” kimi şüarlar səsləndiriblər. Fələstinyönlü qrup bu hadisəni özünün sosial media hesabında da qeyd edib: “Qatil İsrail Fələstində soyqırımı edərkən, Türkiyə və Azərbaycan əl-ələ bu soyqırıma milyonlarla barrel neft daşımaqdadır”.
Aksiyalarda səslənən şüarlardan da belə bir nəticəyə gəlmək olar ki, SOCAR-a qarşı aksiya Türkiyədə kök salmış və İran tərəfindən dəstəklənən qruplaşmalar tərəfindən aparılır. 
Ümumilikdə Türkiyə ictimaiyyətində, xüsusilə də mühafizəkar kəsimdə Azərbaycan və SOCAR-la bağlı yanaşma reallıqdan uzaqdır:
Birincisi, Azərbaycan İsraillə strateji tərəfdaşdır: siyasi hərbi, iqtisadi sahələrdə əlaqlərimiz var. Lakin bununla belə, rəsmi Bakı heç vaxt İsrail-Fələstin münaqişəsində birincinin lehinə yanaşma sərgiləməyib. Əksinə, Bakı İsrail-Fələstin münaqişəsinin həllinin diplomatik yolla beynəlxalq hüquqla həllini dəstəklədiyini bildirib. Bu mənada hazırda İsrailin Qəzzada apardığı əməliyyat fonunda Bakını Təl-Əvivə dəstək verməkdə ittiham etmək doğru deyil.
İkincisi, İsrail paytaxtı Təl-Əvivdən Qüdsə köçürmək qərarını verdikdə rəsmi Bakı bu qərarı dəstəkləməyib. Bu gün Azərbaycanın İsraildə səfirliyi olduğu kimi Fələstində (Ramallah şəhərində) Təmsilçilik Ofisi var. Bu fakt belə Bakının münaqişəyə baxışını aydın şəkildə göstərir.
Üçüncüsü, SOCAR-ın İsrailə neft satması məsələsi məqsədyönlü şəkildə ortaya atılmış, kütləni qızışdırmağa hesablanmış bir addımdır. Ümumiyyətlə, bu məsələ ilə bağlı aydın təsəvvür yoxdur. Belə ki, dünya neft bazarında bütün şirkətlər mallarını trader şirkətlərə satırlar. Traderlərin nefti kimə satdığına şirkətlər nəzarət edə bilmirlər.
Nəticə etibarilə məlum hadisə açıq şəkildə Türkiyə-Azərbaycan münasibətlərinin pozulmasına hesablanıb. Məqsəd Azərbaycan -Türkiyə qardaşlığının nümunəsi olan SOCAR-ı və bütövlükdə qardaş Azərbaycanı Türkiyə ictimai rəyində ləkələmək və nüfuzdan salmaqdır.
Müəllif: Politoloq Turan Rzayev,
Siam-az.com
Tarix: 2-06-2024, 22:22
Xəbəri paylaş





Xəbər lenti