Vasif Talıbov adamlarına göstəriş verdi: Hazırlaşın!

Bu ilin yayında növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlər paytaxtla yanaşı, bölgələrdə də ciddi müzakirələrə səbəb olub.  Qanunverici orqanda təmsil olunmağa can atan region fəalları seçki hazırlıqlarına başlayıblar. 

Siam-az.com  Yenisabah.az-a istinadla xəbər verir ki,  Naxçıvan Muxtar Respublikasında da qarşıdan gələn seçkilərə ciddi hazırlıq gedir. Amma bu bölgənin siyasətçiləri Milli Məclisdən çox, Naxçıvan Ali Məclisinə seçilməyə həvəs göstərirlər. 

Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə görə, Milli Məclisə seçkilərlə paralel olaraq, Naxçıvan Ali Məclisinə də seçkilər keçirilir. Azərbaycan Respublikasının Milli Məclisinə 125, Naxçıvan Ali Məclisinə isə 45 deputat seçilir. TSN-nin əldə etdiyi məlumata görə, növbəti 5 ildə bölgə əhalisini Ali Məclisdə təmsil edəcək parlamentarilərin siyahısı artıq hazırdır. Ali Məclisin 45 nəfərlik yeni tərkibinin 39-nun adının məlum olduğu iddia edilir. 

“Yeni Sabah” bununla bağlı sensasion sayılacaq məlumatlar əldə edib. Naxçıvandakı mənbələrin saytımıza bildirdiyinə görə, təkcə iqtidar və iqtidar partiyası deyil, Vasif Talıbov və yaxın ətrafı da bu seçkilərə ciddi hazırlaşır. Naxçıvan Ali Məclisinin keçmiş sədrinin bununla bağlı öz adamlarına mühüm göstərişlər verdiyi bildirilir.

Məlumatlara görə, “xan” vaxtilə himayə etdiyi üçün Naxçıvanda yüksək postlar tutmuş 20-ə yaxın adamına bu ilin avqustunda Naxçıvan Ali Məclisinə keçirilməsi nəzərdə tutulan seçkilərə qatılmaq barədə təlimat verib. Talıbovun revanşa hazırlanan komandasında naxçıvanlılar arasında müəyyən nüfuz sahibi olan adamların da olduğu bildirilir. 

Mənbə Vasif Talıbovun özünün və oğlunun parlament seçkilərinə qatılmayacağını birmənalı şəkildə bəyan edib. Onun sözlərinə görə, Talıbov adamlarını meydana çıxarmaqla həm yerli, həm də mərkəzi hakimiyyətin nəbzini yoxlamaq istəyir.  Onun gələcək addımlarını seçkinin nəticələrinə uyğun olaraq atacağı bildirilir.
Tarix: 13-06-2024, 23:29
Xəbəri paylaş





Xəbər lenti