AİHM Azərbaycanda 4 saytın bloklanmasını qanunsuz hesab edib
Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Azad Avropa Radiosu / Azadlıq Radiosu və digərləri Azərbaycana qarşı” işi üzrə qərarını açıqlayıb. Ərizələr Azərbaycanda 4 saytın –azadliq.org, anaxeber.az, az24saat.org və xural.comsaytlarının bloklanması ilə əlaqədar verilib, bu barədə aihmaz.org hüquq-informasiya saytının məlumatında deyilir. Ərizəçi qismində Azad Avropa Radiosu / Azadlıq Radiosu (azadliq.org), Azər Talıbov (anaxeber.az saytının təsisçisi və baş redaktoru), Vüqar Ələkbərov (az24saat.org saytının təsisçisi) və Əvəz Zeynallı (xural.com saytının təsisçisi) çıxış edib.
Azərbaycanda bu saytlar 2017-2018-ci illərdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq bloklanıb. Yerli məhkəmələr bu qərarları qanunvericiliyə edilmiş dəyişikliklərlə əsaslandırıblar. Ərizəçilər həmçinin qeyd ediblər ki, konkret materialların deyil, bütünlükdə saytların bloklanması həddindən artıq ağır tədbir olub. Onların fikrincə, saytların bloklanmasının məqsədi hər hansı qanunsuz məzmunun yayılmasının qarşısını almaq deyil, hökumətin tənqidinin qarşısını almaq olub. Ərizəçilər AİHM qarşısında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə təhqiqatı hüququ), 10-cu (ifadə azadlığı), 13-cü (səmərəli hüquqi müdafiə vasitəsi hüququ) və 18-ci (hüquqlar barəsində məhdudiyyətlərdən istifadə hədləri) maddlərinin pozulması məsələlərini qaldırıblar. AİHM hər bir ərizəçiyə mənəvi zərər üçün təzminat qismində 5 min avro ödənilməsi haqqında qərar çıxarıb. Üç ərizəçinin (anaxeber.az, az24saat.org və xural.com) hər birinə məhkəmə xərcləri üçün 1000 avro ödəniləcək.