Türkiyə ilə bağlı əvvəlki yazıda sol mərkəzdəki siyasi partiyalarda gedən dəyişiklik və Azərbaycana mümkün təsirləri haqda məlumat verməyə çalışmışdıq. Amma dəyişiklik yalnız sol düşərgə ilə bağlı deyil. Sağ mərkəzlə bağlı da ciddi hadisələr baş verir. Bir çoxları AKP sədri, Prezident Rəcəb Tayyib Ərdoğanın İYİ Partiyanın sabiq sədri Meral Akşeneri, sonra da Ayşe Atəşi və qızları Bengisu və Banuçiçek Ateşi qəbul etməsini sağ mərkəzdə yeni nizam yaratmaq üçün gedişlər kimi qiymətləndirir. A.Atəş əri Sinan Atəşin qətlinə görə dayanmadan MHP və liderini suçlayır. O, Prezident tərəfindən CHP lideri Özgür Özəlin təklifi ilə qəbul edilib, MHP-də isə bunu dərhal liderləri Dövlət Baxçalıya qarşı sui-qəsd kimi şərh etməyə başlayıblar. M.Akşenerin sarayda qəbul edilməsi isə onun vitse-prezident təyin edilə biləcəyi haqda fərziyyələrə yol açıb. Fərziyyələrə görə, bu, AKP-nin koalision ortağını-MHP-ni yeni sağ mərkəzçi qüvvə ilə əvəz etmək planı ola bilər.Baş verənlərin D.Baxçalı tərəfindən cavabsız qoyulmayacağı təxmin edilirdi. Amma məzəmmət, təhdid və taktika ustası olan Baxçalının cavab verərkən media üzərindən Ərdoğana açıq məktub dərc etməyə qədər gedəcəyini proqnozlaşdırmaq çətin idi. Baxçalı media üzrə müavini İsmail Özdəmirin “X” hesabında dərc etdiyi yazılı açıqlamada AKP və CHP “geniş əsaslı” ittifaq qurmaq niyyətində olsa, MHP-nin koalisiyadan çəkilə biləcəyini açıqlayıb. 1997-ci ildə Nəcməddin Ərbakan, 2007-ci ildə isə Ərdoğan hökumətlərinə qarşı hərbçilər məhz elektron nəşrlər vasitəsilə xəbərdarlıq (-e-muhtira) dərc etmişdilər. Odur ki, belə elektron xəbərdarlıq üslubu türk siyasi tarixi üçün mənfi assosiasiyalar doğurur.
Xəbərdarlığın məqsədi və vaxtıBəzi müşahidəçilər bir müddət əvvəl Baxçalının Ferdi Tayfurun “Söyleten sensin” mahnısının müşayiəti ilə çəkilən klip paylaşmasını xatırladaraq bu xəbərdarlığı da Ərdoğana ünvanlandığını qeyd edirlər: Baxçalı demək istəyir ki, hələ də Ərdoğanı dəstəkləyir və Cümhur İttifaqına sadiqdir: “Mən getmirəm, gedən sənsən”.
Xəbərdarlığın məzmunu o deməkdir ki, AKP ittifaqı dağıtmaq istəmirsə, S.Ateşin qətli ilə bağlı araşdırmalarda daha da irəli gedilməməlidir. İyunun 12-də ədliyyə naziri Yılmaz Tunç parlamentdə jurnalistlərin qətllə bağlı sualına cavabında demişdi ki, Prezident A.Atəşi diqqətlə dinləyib heç bir şey qaranlıqda qalmayacaq. Bundan sonra qətllə bağlı MHP-lilərə qarşı məhkəmənin ola biləcəyi irəli sürülüb.
Ya Özəl, ya mənBaxçalı Ərdoğana onun sayəsində iki dəfə prezident seçildiyini, konstitusiyanı birlikdə dəyişdiklərini, indi birlikdə dəyişməyə hazır olduğunu xatırladır. Baxçalı “araşdırma” yolu, normallaşma və yumşalma anlayışları ilə qurulması nəzərdə tutulan “çoxməchullu yeni tənlik”dən danışır. “Normallaşma” Özəlin, “yumşalma№ isə Ərdoğanın ifadəsidir. Baxçalı çoxməchullu tənliyin iki partiyanın işi olacağını təklif edir; narahatlığı MHP-nin bu tənlikdən kənarda qalmasıdır. Baxçalı AKP daxilində “suları bulandırmağa çalışanlardan” bəhs edir, bu da xəbərdarlığa bənzər açıqlamanı daha da çox müəmmalı edir.
Bəs, CHP sədri Özgür Özəlin mayın 2-də AKP Qərargahında Ərdoğanı yoluxması ilə başlayan və 18 ildən sonra Ərdoğanın da CHP Qərargahına cavab səfəri ilə davam edən normallaşma prosesi kimə faydalıdır?
Prosesdə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki ilə CHP-dən Gökan Zeybek, Xarici İşlər Naziri Hakan Fidan və CHP-dən İlhan Uzgel, Milli Müdafiə Naziri Yaşar Gülər və CHP-dən Yankı Bağcıoğlu bir araya gəlib. Daxili işlər naziri Əli Yerlikaya CHP-nin kölgə daxili işlər naziri Murat Bakanla da görüşüb. CHP-nin elektoral hədəfinin yüzdə 51 olduğunu qeyd edən M.Bakan, normallaşma prosesinin CHP-nin AK Partiya və MHP seçicilərinə də çatmasını təmin etdiyini bildirib. “Qütbləşmə olduqda bu mümkün deyil”, – deyə o bildirib.
Normallaşma prosesinə skeptik yanaşan müxalif fəallara görə, bu proses Ərdoğanın müxalifəti, xüsusən sol mərkəzi dağıtması ilə bitəcək. Yəni prosesə girən CHP mütləq məğlub olacaq, partiyadaxili parçalanma labüdləşəcək. Amma M.Bakan, Ərdoğanın deyil, CHP-nin oyun qurduğunu iddia edir: “Deyirlər ki, Ərdoğan oyun qurur, normallaşma onun xeyrinə olacaq. Bizim siyasi intellektimiz onlarınkından böyükdür. Qarşı tərəfdə yaratdığımız təsiri həm ölçür, həm də görürük. Cümhur İttifaqının bu gün hansı vəziyyətə düşdüyünə baxın”. Görünür, M. Bakanın normalllaşma adı altında sağ mərkəzə oyun qurulduğu haqda dediklərini ciddi qəbul etmək lazım gəlir, hər halda MHP ilə bağlı baş verənlər sağ mərkəzin lehinə olan proseslər deyil.
Özəl nələr tələb edir?Xatırladaq ki, ilk görüşdə olduğu kimi, ikinci görüşdə də Ərdoğanı AK Partiya sədr müavini Mustafa Elitaş, Özəli isə təcrübəli diplomat, İstanbul millət vəkili Namık Tan müşayiət edib. Ərdoğan yeni konstitusiya məsələsində israrlı olsa da, CHP lideri bu məsələni prioritet hesab etmədiyini deyib. CHP sözçüsü Deniz Yücəlin sözlərinə görə, Özəl Konstitusiya dəyişikliyinin gündəliyə gətirilməsi üçün cəmiyyəti yükləyən bəzi problemlərin həlli istiqamətində addımlar atılmalı olduğunu bildirib. O, iyul ayında minimum əmək haqqının artırılmasını, ən aşağı pensiyanın minimum əmək haqqı səviyyəsinə çatdırlmasını, təzə çay və taxıl alış qiymətlərinin yenilənməsini, zəlzələ bölgələrinə kirayə yardımlarının davamını tələb edib. Məhkəmələrdə yaşanan problemləri, xüsusilə Gəzi və Sinan Ateşlə bağlı prosesi Ərdoğanın diqqətinə çatdırıb. CHP sözçüsü deyib ki, “Gəzi Parkı etirazları ilə bağlı işin ləğvi tələbinin Ədliyyə Nazirliyinə göndərilməsini vacib hesab edirik”.
CHP iqtisadi problemlərin müzakirəsi və həlli yeri olaraq parlamentin istifadə edilməli olduğunu təklif edib, AKP buna etiraz etməyib. Bu, siyasi kuluarlarda prezident sisteminə keçiddən bəri rolu xeyli azalmış parlamentin güclənməsi istiqamətində ilk addım kimi şərh edilir. Beləliklə, Türkiyədə siyasi sistem dəyişikliyinə səbəb ola biləcək hal yaşana bilər. Xatırladaq ki, Türkiyə Respublikasının quruluş illərində parlament faktiki olaraq hakimiyyətin bütün qollarını əvəz edirdi. Sonradan qarışıq (parlament-prezident) sisteminə keçilsə də, prezidentin parlament tərəfindən seçilməsi, onu dövlətin yenə də ən mühüm orqanına çevirirdi. Amma tez-tez qurulub dağılan koalisiyalardan asılı olmamaq üçün prezidentin birbaşa seçkilərdə seçilməsi, üstəlik superprezidentlik sisteminə keçidlə parlamentin rolu xeyli azaldı. Postərdoğan dövrü üçün yenidən parlament sisteminin bərpası təklif olunan əsas dəyişiklik modellərindən biridir.
Ərdoğan, Özəlin görüşdən sonra verdiyi açıqlamaları dəyərləndirib: “Bu, bir yumşalma deyil, siyasətdə yeni bir başlanğıc deyil deyirlər. Deməli, cavab ziyarətimizi həzm edə bilmədilər”. Amma o, D.Baxçalının xəbərdarlığını dövlət xadiminə yanaşan üslub kimi qiymətləndirib. Özəl isə Baxçalının “AKP ilə CHP arasında geniş əsaslı ittifaqın yaranması MHP-nin səmimi istəyi və arzusudur” sözlərinə cavab olaraq onu “Türkiyə İttifaqı”na dəvət edib: “Aydındır ki, onların {AKP-MHP } ittifaqında problemlər var. Hörmətli Baxçalı müttəfiqliyindən razı deyilsə, ittifaqımıza gəlsin, ittifaqımızın adı Türkiyə Alyansıdır” . Yəni CHP sadəcə, AKP ilə uzlaşmaya çalışmır, həm də hakim koalisyanın parçalamaq üçün də oyun qurur.
Azərbaycanı nə gözləyir?Ümumi mənzərə belədir ki, Türkiyədə hazırkı siyasi konfiqurasiya dəyişir. Həm də əvvəl bu dəyişiklik 2028-ci il üçün təxmin edilirdisə, indi baş verən proseslər dəyişikliyin daha tez olacağını göstərir.
Birincisi, hakim koalisiyada gizlədilməsi mümkün olmayan çatlar yaranıb. Koalisiyanın aparıcı qüvvəsi olan AKP kuluarlarında MHP-nin onlara yük olması, ittifaqdan yalnız MHP-nin qazanması haqda qənaətlər var, bu qənaətlər AKP-yə yaxın mediada da müzakirə olunur. Əslində son bələdiyyə seçkiləri göstərdi ki, sağ mərkəzin ümumi elektoratı kəskin dəyişməyib. Belə ki, sağ mərkəzin birgə səsləri (AKP və MHP ilə yanaşı AKP-yə müxalif İYİ Partiya və Yenidən Rifah da sağ mərkəzdədir) 50 faizə yaxındır. Hələ Özəlin “Sabah”a seçkidən az sonra müsahibəsindən sonra AKP-də müəyyən qrupların MHP ilə ittifaqın faydasız olduğunu düşündüyü haqda iddialar səslənirdi. AKP yenidən sağ mərkəzi öz ətrafında birləşdirə bilsə, eləcə, son seçkilərdə CHP-yə gedən “əmanət səsləri” geri ala bilsə, 2028-də qələbəni təmin etmiş olar. “Əmanət səslər” isə AKP-nin məhz sərt, itələyici ritorikadan imtina etməsini gözləyir. Yəni Ərdoğanın atdığı addımlar rasionaldır, statistikadan çıxış edən soyuq məntiqə söykənir. Ərdoğanın gündəliyində Konstitusiya dəyişikliyi də var və bu zaman CHP-nin dəstəyini almaq üçün müəyyən güzəştlərə getməyə məcburdur. Dünən CHP kölgə kabinetində maliyyəyə məsul olan Yalçın Qaratəpənin maliyyə naziri Mehmet Şimşək tərəfindən qəbul ediləcəyi haqda məlumat verildi. Bu, həm də cəmiyyətə qütbləşmədən imtinanın nümayişi üçün lazım olan addımlardır.
İkincisi, xəbər verildiyi kimi, Ərdoğanın sağ mərkəzin mühüm fiqurlarından olan İYİ Partiyanın sabiq sədri Meral Akşenerə vitse-prezidentlik də təklif etdiyi deyilir. Tərəflər bu məlumatı təkzib etsə də, İYİ Partiyanın indiki rəhbərliyi dərhal AKP ilə əməkdaşlığı istisna edən bəyanat verərək sabiq sədrin onları təmsil etmədiyini bildirdi. İndiki sədr Müsavat Dərvişoğlu keçmişdə MHP fəalı olub, Baxçalı ilə bağlı proseslər ciddiləşəcəyi halda Sinan Oğan, Müsavat Dərvişoğlu və Zəfər Partiyasının (Ümit Özdağ) millətçi səslər uğrunda mübarizədə önə çıxacaqaları ehtimal olunandır. Bu halda S.Oğan və Meral Akşenerin AKP , daha doğrusu hakimiyyətlə uzlaşmağa daha çox meyilli olması səbəbindən İYİ Partiya və Zəfər Partiyası MHP elektoratının proseslərdən narazı kəsimini götürə bilər. Hakim konfiqurasiyadakı dəyişikliyə və sağ mərkəzin yenidən formalaşmasına hazır olmaq, Azərbaycan üçün zərər və çağırışları da hesablamaq lazım gəlir.
Üçüncüsü, yalnız sağ mərkəz deyil, sol mərkəz də dəyişir. CHP bir tərəfdən son seçkilərdə qazanılan “əmanət səsləri”( AKP-dən narazı millətçi-sağ mərkəzçi səslər) qorumağa çalışır, bu məqsədlə də daha çox uzlaşdırıcı mesajlar verir, Ərdoğan barədə sərt ifadələrdən qaçır; digər tərəfdən partiyanın yeni sədri keçirilən görüşlər, verilən mesajlarla sırf texniki rəhbər statusu ilə razılaşmayacağını, 2028-ci il üçün ciddi namizəd ola biləcəyini göstərir. Yalnız Türkiyə daxilində deyil, Kamal Kılıçdaroğlu üzündən Azərbaycanla korlanmış münasibətləri də sahmana salmağa təşəbbüs göstərir, CHP-nin təmsil olunduğu Sosintern və Avropa qurumlarında yenidən fəallaşır və s. Bədən dili, mesajlar, görüşlər vasitəsilə özünü müxalifətin əsas fiquru kimi təsdiqləmək təşəbbüsü ötən il prezident seçkilərindən əvvəl qurulmuş “6-lı masa” zamanı K.Kılıçdaroğlu tərəfindən də məharətlə istifadə edilmişdi. Bunun nəticəsi olaraq müxalifətin vahid namizədinin Əkrəm İmamoğlu və ya Mansur Yavaş olması ilə bağlı təkliflər az sonra əhəmiyyətsizləşmişdi. İndi Ö.Özəlin də eyni metodla önə çıxmağa çalışdığı müşahidə edilir. Lakin bu cəhdləri pozmaq üçün də bəri başdan təşəbbüslər var. K.Kılıçdaroğlu artıq qarşıdan gələn nizamnamə dəyişikliyi qurultayını yenidən sədrlik kürsüsü uğrunda dava meydanına çevirə biləcəyini anons edir. Bu inad davam edərsə, yalnız sağ mərkəz deyil, sol mərkəzdə yeni qüvvələrin meydan çıxması gözləniləndir. Yeni qüvvələr uzlaşmaya meyilli Özəl və çevrəsi ilə yanaşı DEM (separatizmə meyilli kürd partiyası), İşçi və Kommunist partiyaları ilə yaxınlaşan sol mərkəzdən radikal sola meyil edən qüvvə də ola bilər. Demək, sağ mərkəzdə deyil, ümumən Türkiyə siyasətində yenidən formatlanma ehtimalları var.
Sirr deyil ki, Azərbaycanda partiyalaşma dövrü Türkiyə təcrübəsi model olaraq qəbul edilib – bir çox partiyalar adlarını, nizamnamələrini belə Türkiyədəki partiyalardan kopyalayıblar. Özünü MHP-nin, AKP-nin, Refahın, CHP-nin, Ana Vətənin davamı kimi təqdim etməyə meyilli qüvvələr də olub və var. CHP-nin 2018-ci ildə İstanbul bələdiyyəsində ilk uğurundan sonra çoxlu sayda ictimai-siyasi fəalın sosial media hesablarını Əkrəm İmamoğlunun “Hər şey gözəl olacaq” şüarı ilə bəzədiyinin də şahidi olmuşduq. Demək, necə yanaşmamızdan asılı olmayaraq Türkiyədə siyasi konfiqurasiyada gözlənilən böyük dəyişiklik mütləq şəkildə Azərbaycana, Azərbaycanın daxili siyasətinə də müəyyən təsir edəcək.
Cəmaləddin Quliyev, Globalinfo.az
Tarix: 25-06-2024, 06:50