Fransa bölgədə növbəti hərbi münaqişəyə təhrik edir
Baku TV-də yayımlanan "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.
Verilişdə bildirilib ki, Azərbaycanın beynəlxalq aləmdəki rolu, apardığı çoxşaxəli xarici siyasət xətti və qlobal çapda hiss olunan nüfuzu ötən həftə boyunca da xarici media resurslarında müzakirələrə səbəb olub.
Türkiyənin "Anadolu Ajansı" "Azərbaycan İtaliya istehsalı olan hərbi nəqliyyat təyyarəsi alıb" sərlövhəli məqaləsində bildirilib ki, təyyarə mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki tapşırıqları yerinə yetirməyə qadirdir. Qətərin "Əl-Cəzirə" xəbər portalında "Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək" başlıqlı məqalə dərc olunub. Məqalədə deyilib ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Almaniyanın "Deutsche Welle" nəşrində dərc olunan "Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik" sərlövhəli məqalədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin iyunun 28-də jurnalistlərə açıqlaması yer alıb.
O bildirib ki, dövlət katibi Entoni Blinken sammit çərçivəsində NATO tərəfdaşları üçün tədbir təşkil edəcək:
"Buraya Azərbaycan və Ermənistan da daxildir. Mən hər iki ölkənin tədbirdə xarici işlər nazirləri səviyyəsində iştirak edəcəyini gözləyirəm. Onlarla birlikdə ümumilikdə 30 tərəfdaş ölkə bu tədbirə qatılacaq". ABŞ-nin "Eurasianet" nəşri "Fransanın Ermənistana silah satması Qafqazda gərginliyi artırır" başlıqlı məqalə dərc edib.
Məqalədə bildirilib ki, Fransa ilə Azərbaycan arasında soyuq münaqişə kəskinləşir. Qarşıdurmadakı son dönüş Qafqazda münaqişənin yenidən başlaması perspektivini artırır:
"İyunun 18-də Fransanın müdafiə naziri Sebastyan Lekornu Ermənistana 36 ədəd "Sezar" özüyeriyən haubitsaların tədarükünü elan edib. Bu addım dərhal Azərbaycan və Rusiyanın sərt reaksiyalarına səbəb oldu. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan tərəfinin bəyanatını təkrarlayaraq deyib ki, Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmaya təhrik edir".