Milli Məclisin yeniləşəcək tərkibi ilə bağlı DAHA BİR İDDİA... - KİM GEDİR... KİM QALIR...
Bu parlament də özünü buraxdı. Əvvəlki Milli Məclis də özünü buraxmışdı və növbədənkənar seçkilərlə hazırkı heyət formalaşmışdı. İndi yenidən növbədənkənar seçkiyə gedilir. Kəsəsi, iki çağırış parlament növbədənkənar seçkilərlə tərkibini müəyyənləşdirir. Bu parlamentin üzvləri də bəzi istisnalarla, əvvəlindən çox fərqlənmədi. Hər zaman iclaslarda hansı deputatlar fəal idisə, mətbuata, seçicilərə hansı millət vəkilləri açıq idilərsə, yenə də onlar fərqləndilər. Yerdə qalan heyət isə passiv, "lal deputat" kimi artıq qəbul olundular. Xalqın problemlərini danışmaq bir yana, hətta dövlətin, prezidentin müdafiəsi, Qarabağ mövzusunda, belə desək, ən təhlükəsiz və deputata problem yaratmayan məsələlər haqda belə danışmadılar. Əgər ictimai rəyə təsir etmirlərsə, hakimiyyəti müdafiə etmirlərsə, o deputatlar iqtidarın nəyinə lazımdır?! O cəhətdən sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində hazırkı deputatlardan bir çoxunu namizəd kimi görməyə bilərik. Hətta YAP Siyavuş Novruzov anons etdi ki, 30-40 deputat dəyişəcək. Bəs, onlar kim ola bilər - Anaxeber.info bu suala aydınlıq gətirməyə çalışıb və ehtimal siyahını hazırlayıb. Belə ki, burada iki kateqoriya əsas götürüləcək: yaşanmış və uzun müddət deputat olanlar, bir də parlamentdə aktiv olmayan, xalqın tanımadığı şəxslər... Bu təsnifatlaşdırmaya uyğun olaraq deyə bilərik ki, Eldar İbrahimov, İsa Həbibəyli, Elman Məmmədov, Asim Mollazadə, Aqiyə Naxçıvanlı, Aqil Abbas, Bəxtiyar Sadıqov, Eldar Quliyev deputat olmaya bilər. Çünki yaş olaraq 70-i keçiblər. İstisna deyil ki, Rasim Musabəyov, Əhliman Əmiraslanov, Fəzail Ağamalı və Tahir Rzayev də yenidən deputat olmasınlar. Parlamentin heç nə ilə yadda qalmayan, hətta bir çox, həmkarlarının tanımadığı deputatlara gəlincə, bu sırada Fatma Yıldırım, Soltan Məmmədov, Cavid Osmanov, Cəbi Quliyev, Müşviq Məmmədli, Anar Məmmədov, İlham Məmmədov kimi mandat sahibləri bir daha parlamentə buraxılmaya bilər. Həmçinin, "vurulmuş" şəxslər arasında Oqtay Əsədov və Vasif Talıbovu qeyd etmək olar. Habelə, Hacı Qalibin oğlu Əliabbas Salahzadə, Eldar Quliyev şanslarını itirmiş kimi görünür. Həmçinin, Ülviyyə Ağayeva, Əminə Ağazadə, Kamran Bayramov, Müşfiq Cəfərov, Nizami Cəfərov, Tamam Cəfərova, Məzahir Əfəndiyev də növbəti parlament seçkilərində deputat adı qazanmaya bilərlər. Çünki adıçəkilən deputatlar bə seçici, nə hakimiyyətin özü üçün faydalı olublar. Onların hər hansı çıxışını, təkliflər səsləndirməsini xatırlamaq mümkün deyil. O zaman hakimiyyət və iqtidar partiyası niyə də cəmiyyətdə qəbul edilən, sözünü deyən, dövlətin siyasətinə də töhfəsi olan namizədlərə üstünlük verməsin?! Bundan əlavə, Ramil Həsən, Nurlan Həsənov, Afət Həsənova, Səbinə Xasayeva da yenidən deputat olmaya bilər. Yəqin ki, oxucular da ilk dəfə bu deputatların adları ilə rastlaşırlar. Məlumatlar ondan ibarətdir ki, parlamentdə yeni simalar olacaq. Onların arasında partiya sədrlərindən, media kapitanlarından, hüquq müdafiəçilərindən, politoloqlardan görmək olar. Hakim partiyanın siyahısı da yenilənəcək. Elə təqdim etdiyimiz siyahıdan məlum olur ki, YAP bir çox deputat olan üzvünü namizəd kimi təkrar irəli sürməyəcək. Hazırda millət vəkilləri arasında şansı yüksək olanlara gəlincə, təbii ki, aktivliyi ilə seçilən, ictimaiyyətin yaxşı tanıdığı deputatlar növbəti dəfə seçilə bilərlər. Onlar xüsusən də Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Əli Məsimli, Sabir Rüstəmxanlı, habelə, yaş faktoruna əsasən kənarda saxlanmasa, Vahid Əhmədov, o cümlədən siyasi amillərə əsasən Tahir Kərimli, Erkin Qədirli, Əziz Ələkbərli, Ceyhun Məmmədov, Hikmət Babaoğlu, Səməd Seyidov, Elman Nəsirov yenidən deputat adı qazana biləcəklər. Siam-az.com