Milli siyasət üzrə ekspert Sülhəddin Əkbər “AzPolitika”-ya müsahibəsində iyulun 2-də Azərbaycanla Çin Xalq Respublikası arasında imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsinin əhəmiyyəti, regionda və dünyada gedən proseslər, perspektivdən gözləntilər barədə sualları cavablandırıb.Müsahibəni oxuculara təqdim edirik.
- Sülhəddin bəy, dünyadakı geosiyasi proseslər elə bir məcrada inkişaf edir ki, Azərbaycan Çin Xalq Respublikası kimi dünyanın iki supergücündən biri ilə Srateji Tərəfdaşlıq Bəyannaməsi imzaladı. Bu hansı anlama gəlir, Bakı geosiyasi seçimini etdimi?- Oxucularımız üçün aydın olsun deyə, hər zaman olduğu kimi, məsələyə geniş prizmadan baxmağın tərəfdarıyam. Birincisi, dünyada yeni nizam quruculuğu prosesi gedir və bu, həlledici mərhələyə daxil olub. ABŞ liderliyindəki Kollektiv Qərb təkqütblü yeni dünya düzəni qurmaq istəyir və bunu siyasi-mədəni əsasa oturtmağa, yəni demokratiya, insan haqları, qanunun aliliyi əsasında etməyə çalışır. ABŞ-nin yeni dünya nizamı quruculuğu ilə bağlı gedən qlobal prosesə baxışı belədir ki, hazırda dünya demokratik və anti-demokratik olmaqla iki düşərgəyə, qütbə ayrılıb, bir də neytral mövqe tutmağa çalışan, geopolitik tərəf seçmək istəməyən Qlobal Cənub var. ABŞ başda olmaqla demokratik Kollektiv Qərblə Çin başda olmaqla anti-demokratik Şərq arasında Qlobal Cənub və bura daxil olan ölkələr uğrunda mübarizə gedir. Məsələnin geopolitik tərəfi budur. Geostrateji tərəfinə gəlincə, NATO və Ukraynada gedən savaşa görə 50-dən çox ölkənin iştirakı ilə formalaşmış bir koalisiya – Ramştayn koalisiyası var. NATO qloballaşma yolunda addımlar atır. Hind-Sakit okean ölkələrindəki tərəfdaşlarını da bu blokla sıx inteqrasiyaya cəlb etmək istəyir. İndi qarşıdan gələn Vaşinqton sammitində də biz bunun şahidi olacağıq. Mən burada Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zellandiyanı nəzərdə tuturam.
- Bəs Rusiya?- Rusiyaya gəlincə, o, burada geostrateji plan üzrə özünün liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə hərəkət edir. Çin isə geostrateji planda hərbi bloklara qoşulmamaq yolunu tutub, amma əsas qayəsi regional və qlobal təhlükəsizliyin təmin olunması, qlobal sülh, sabitlik və təhlükəsizliyə dəstək verilməsi olan Şanxay Əməkdaşlıq Təşkilatına liderlik edir. Burada hərbi komponent olmasa da, təhlükəsizlik komponenti, xüsusən də terrorla mübarizə, separatizmə, ekstremizmə, narkotiklərin qanunsuz dövriyyəsinə, transsərhəd cinayətlərinə qarşı birgə mübarizə əsas tutulur. Çin və Rusiya çalışır ki, Qlobal Cənuba daxil olan ölkələri Şanxay Əməkdaşlıq Təşkilatına və KTMT-yə (əsasən postsovet ölkələrini) cəlb etsinlər. Bu, məsələnin geostrateji tərəfidir. Geoekonomik tərəfinə gəlincə, bilirsiniz ki, geopolitik, geostrateji, geoekonomik, geokültürəl proqramlar vahid bir planın tərkib hissəsidir, yəni, bunlar bir-birini tamamlayır. Hazırda dünyada bu qütblər, düşərgələr arasında ticarət, nəqliyyat, logistika yolları uğrunda mübarizə gedir. Çin 2013-cü ildən "Bir kəmər, bir yol" proyekti ilə hərəkət edir. ABŞ isə burada proaktiv yox, reaktiv davranır, Çinin "Bir kəmər, bir yol" strategiyasına qarşı regionlarda alternativ nəqliyyat, ticarət və iqtisadi dəhlizlər, yollar və marşrutlar irəli sürür. Məsələn, bunlardan biri Hindistan-Yaxın Şərq İqtisadi Dəhlizidir. Digəri NATO müttəfiqi Türkiyənin irəli sürdüyü "Kalkınma yolu" layihəsidir. Bu yolun Bəsrə körfəzi, İraq üzərindən Türkiyəyə və oradan da Avropaya getməsi nəzərdə tutulur. Hindistanın dəstəklədiyi, ABŞ-nin də buna ilk vaxtlar dəstək verdiyi Cənub-Şimal yolu layihəsi isə İran, Ermənistan, Gürcüstan və Qara dəniz üzərindən Avropaya gedən yoldur. Rusiyanın dəstəklədiyi Şimal-Cənub yolu da Rusiya, Azərbaycan və İrandan keçir. Çinin "Bir kəmər, bir yol" layihəsinin üç qolu var. Şimal qolu Rusiyadan, orta yol Türküstandan, Mərkəzi Asiya və Cənubi Qafqazdan, Cənub qolu – dəniz yolu isə Sakit okeandan başlayır, Malakka boğazından keçib Hind okeanına çıxır, oradan da Qırmızı dənizdən və Süveyş kanalından keçərək Aralıq dənizinə gedir. İndi Çindən başlayan bu yolun Şimal və Cənub qolları üzərində müharibə, münaqişə və problemlər yaranıb. Şimalda Ukraynaya təcavüzünə görə Rusiyaya sanksiyalar tətbiq olunub, Cənubda isə Husilərə görə Qırmızı dəniz demək olar ki, bağlanıb.
- Gələk Azərbaycanın seçiminə…- Bilirsiniz ki, Azərbaycan fərqli inkişaf yolu tutub. Ümumiyyətlə Cənubi Qafqazdakı 3 ölkənin hər birinin fərqli mövqeləri var. Formal olaraq Gürcüstan demokratik inkişaf yolu tutub, Avropa Birliyi, NATO-ya üzv olmağa çalışır və bu prosesi aparır. Baxmayaraq ki, İvanişvili hakimiyyəti faktiki olaraq fərqli mövqedədir. İvanişvili hakimiyyətə gəldikdən sonra Gürcüstan siyasətində ikiləşmə yaranıb. Formal və faktiki aparılan siyasət bir-birindən ayrılıb. Sizin verdiyiniz sualın cavabı da məhz buradadır. Gürcüstanın faktiki siyasəti ABŞ, Qərb, NATO, Avropa Birliyi ilə ehtiyatlı siyasət aparmaqla, Rusiya və Çinlə yaxınlaşmaqdır. Burada İvanişvili faktoru həlledicidir. Onun öz şəxsi və biznes maraqları var. İvanişvili belə hesab edir ki, Qərb ona qarşı xüsusi kampaniya aparıb, səhv etmirəmsə, iki milyard dollar pulunu da dondurub. İvanişvili indi biznes fəaliyyətini daha çox Rusiya, xüsusən də Çinlə qurmaq istəyir.
- Ötən ilin 28 iyununda Gürcüstan Çinlə Strateji Tərəfdaşlıq bəyannaməsi imzalayıb…- Çinlə strateji tərəfdaşlıq da bu səbəbdən ortaya çıxıb. Ermənistana gəlincə, burada vəziyyət əksinədir. Ermənistan formal, leqal olaraq Avrasiya İqtisadi İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü və Rusiyanın hərbi-siyasi müttəfiqidir. Faktiki olaraq isə tam tərsinə Rusiyadan, KTMT-dən uzaqlaşıb, ABŞ, Böyük Britaniya, Avropa Birliyi, NATO ilə yaxınlaşma yolu tutub. Azərbaycana gəlsək, o həm formal, leqal olaraq, həm də faktiki olaraq açıq şəkildə Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və NATO-dan məsafəli siyasət yürüdür. Hər fürsətdə, yeri gəldi, gəlmədi "Avropa Birliyi, NATO-ya üzv olmaq niyyətimiz yoxdur" bəyanatları səsləndirir. Axır vaxtlar da deyilir ki, "Biz istəsək də, bizi ora qəbul etməzlər". Yeganə bizim fiksasiya olunmuş formal, leqal ittifaq münasibətlərimiz qardaş Türkiyə ilədir. Bunun da çox konkret səbəbi var: İkinci Qarabağ savaşında qardaş Türkiyənin Azərbaycana və Azərbaycan türkünə verdiyi birmənalı dəstək. 2021-ci ilin 15 iyununda Türkiyə ilə Şuşa Bəyannaməsini imzalamışıq. Ardınca Rusiyanın Ukraynaya təcavüzündən iki gün öncə, 22 fevral 2022-ci ildə isə Rusiya ilə Moskva Bəyannaməsi imzalanıb…
- Bu üç sənədi birləşdirən və ayıran əsas məqamlar hansılardır?- Türkiyə və Rusiya ilə imzalanmış bəyannamələrlə bağlı, “Sənədlərdə müəyyən fərqlər var” desələr də, formal olaraq hər ikisi ittifaq müqaviləsidir, beynəlxalq hüquq baxımından da hər ikisi eyni statusdadır. Burada Azərbaycan Türkiyə ilə Rusiya arasında balans yaradır. Məsələn, müdafiə sahəsində deyilir ki, "biz Azərbaycanda türk ordusunun kiçik modelini qurmaq istəyirik". Amma digər sahələrə baxdıqda Rusiyaya üstünlük verildiyini görürük. Bu, humanitar sahədə və bununla bağlı olaraq digər sahələrdə özünü daha açıq-aydın şəkildə biruzə verir.
- Söhbət rus dilinin inkişfını dəstəkləməkdən gedir?...- Bəli. Heç bir Azərbaycan vətəndaşının, vətənpərvərinin, millətsevərinin qəbul etmədiyi səviyyədə rus dili arealının məqsədyönlü şəkildə genişləndirilməsi yaratdığı və yaradacağı digər problemlərlə birlikdə, eyni zamanda rus kəşfiyyatı üçün potensial bazanın yaradılması deməkdir. Bundan artıq nə böyük güzəşt ola bilər? Potensial olaraq Azərbaycanda sosial-mədəni ayrılıq, düşərgələşmə və qütbləşmə üçün şərait yaradılır, zəmin hazırlanır. Yəni Azərbaycanda türkdilli və rusdilli düşərgələr formalaşdırılır. Bu da məlum olduğu kimi, rus xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Son zamanlar rus dili məsələsi tez-tez gündəmə gətirilir, vurğulanır. Çünki rus dili faktoru, “rusdilli” və “rus dünyası” anlayışı rus kəşfiyyatının, təhlükəsizlik, müdafiə, siyasi qüvvələrinin əsas xarici müdaxilə alətidir. İndi bizdə təxminən deyilir ki, 340 rus məktəbi, 150 min rus dilində təhsil alan, 800 min isə ikinci dil kimi rus dilini seçən şagird var. Rusiya da bundan çox məmnundur. Çünki bu, Rusiyanın əsas tələblərindən biri olub onun milli, xarici siyasət maraqlarına xidmət edir. Dəfələrlə də qeyd etmişəm ki, bu yolverilməzdir. Mən bunu dərin düşmənçilik hesab edirəm. Rus dili Rusiyanın dərin düşmənçilik alətidir. Ukrayna başda olmaqla Putin Rusiyasının birbaşa və ya dolayısilə müdaxilə etdiyi ölkələrə baxın. Əsas müdaxilə aləti, bəhanəsi nədir?! Rus dili, “rusdillilər” və “rus dünyası” amili, rus dilinin və “rusdillilər”in sıxışdırılması, “rus dünyası”nın birliyi və s.
Digər tərəfdən, gəlin Rusiyadan və Türkiydən gələn məhsullara tətbiq olunan gömrük tariflərinə baxaq. Biz əgər gerçəkdən də Türkiyə ilə qardaş və strateji müttəfiqiksə, niyə bu günə kimi bizim aramızda gömrük ittifaqı müqaviləsi, sərbəst ticarət anlaşması, vahid bazar yoxdur? Bu istiqamətdə niyə bir addım atılmır? Ən azı ictimai sferada bu barədə məlumat yoxdur. Deyə bilərlər ki, hansısa qapalı danışıqlar gedib və ya gedir. Mən bunu deyə bilmərəm. Yeganə məlum olan budur ki, siyahı üzrə hansısa mallar gömrük güzəştinə tabe tutulur.
- Əsasən dövlət xətti ilə gələn mallardır…- İqtisadçı olmadığım üçün bu məsələnin detallarına girmək istəmirəm. Qeyd etdiyim kimi, Azərbaycan Kollektiv Qərbdən birmənalı, həm formal, həm də faktiki olaraq uzaq durur. Kollektiv Qərbin bir parçası, NATO üzvü, AB üzvlüyünə namizəd, onunla gömrük ittifaqında olan Türkiyə ilə münasibətlərin vəziyyətini də qeyd etdim. Müdafiə və investisiya sahəsində Türkiyə ilə münasibətlərin inkişafına normal və məqbul yanaşılır. Lakin onu da qeyd edim ki, əgər ordu quruculuğu strateji proyekt olaraq türk modeli üzrə aparılırsa, onda bu özünü kadr siyasətində, xüsusən də rəhbər kadrların təyinatında da göstərməlidir. Çünki komanda, idarəçilik, nəzarət və islahatlara rəhbərliyi də məhz onlar həyata keçirməlidirlər. Bir sözlə, orduda təmizlik və milliləşmə siyasəti aparılmalı, əsas şüarsa “Bir millət, bir ordu” olmalıdır.
- İndi gələk Çinlə imzalanan bəyannaməyə…- Deyə bilərsiniz ki, Azərbaycan bu günədək Qərbdən uzaq durduğu kimi, Rusiya liderliyindəki Şərqdən də uzaq durub, nə KTMT-yə, nə də AİB-nə üzv olub. Amma indi vəziyyət dəyişib. Əvvəla, Şərqdə liderlik artıq Rusiyada deyil, Çindədir. İndi Azərbaycanın Çinin rəhbərlik etdiyi Şərqə yaxınlaşmasını görürük. Azərbaycanın atdığı addımlar geopolitik, geostrateji, geoekonomik, siyasi-mədəni mövqe və inkişafla bağlıdır. Azərbaycan indi ABŞ rəhbərliyində Kollektiv Qərbdən uzaq durur, Rusiya ilə Türkiyəni balanslaşdırır, hər ikisi ilə də müttəfiqlik sazişi bağlayır. Amma Rusiyanın rəhbərlik etdiyi kollektiv qurumlardan da uzaq durur. Bununla birlikdə, indi Yeni Şərqin yeni lideri ilə - Çinlə strateji münasibətlər qurmağa başlayır. Sizin adını çəkdiyiniz bəyannamənin son maddəsinə baxın, orada hər şey mənim bu izahatlarımı tamamlayır. Son bənddən aydın olur ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında öz hüquqi statusunu yüksəltmək, BRİCS-ə isə üzv olmaq istəyir. İndi mən sual verirəm: Şanxay Əməkdaşlıq Təşkilatının və BRİCS-in lideri kimdir?
- Əlbəttə, Çin...- Bəli, Azərbaycanın strateji seçimi ilə bağlı olan bu istəklərini dəstəkləyən və alqışlayan Çindir. İndi aydındı bu bəyannamə hardan ortaya çıxır? Yəni Azərbaycan (müxtəlif məqsədli və səviyyəli olsa da) Türkiyə, Rusiya və Çinlə birgə hərəkət edir. Rusiya və Çin başda ABŞ olmaqla kollektiv Qərblə qarşıdurmada olan dövlətlərdir. Türkiyə isə faktiki olaraq NATO, eyni zamanda Ramştayn koalisiyasının üzvüdür, Avropa Birliyinə üzvlüyə namizəddir, yəni kollektiv Qərbin bir parçasıdır. Bununla birlikdə, Qərblə problemləri olan bir ölkədir. Hazırda strateji deyil, operativ-taktiki siyasi müstəvidə baxsaq, qiymətləndirmək çətindir ki, Türkiyə indi Rusiya və Çinlə daha yaxın münasibətlərdədir, yoxsa ABŞ ilə, başda ABŞ olmaqla kollektiv Qərblə? Yəni burada siyasi münasibətlərə də, enerji, nəqliyyat, logistika və müəyyən təhlükəsizlik, terrorizmlə mübarizə məsələlərinə də baxa və müqayisə edə bilərsiniz. Bəyannamənin sonuncu bəndi həm də Azərbaycanın strateji seçimini, daha dəqiq desək, strateji niyyətini və seçim astanasında olduğunu göstərir.
- Azərbaycan birmənalı şəkildə seçimini edir?- Azərbaycan dünyada, uzaq və qonşu regionlarda, təbii, həm də öz regionunda gedən geopolitik, geostrateji, geoekonomik və siyasi-mədəni proseslərin inkişafını izləyərək addımlar atır. Əgər Rusiya-Ukrayna savaşında, Qəzzada, İsrail-İran münasibətlərində bugünkü qeyri-müəyyən vəziyyət yaranmasaydı, Kollektiv Qərb qətiyyətli davransaydı, böyük ehtimalla biz Çin ilə Azərbaycan arasındakı bu Bəyannamənin, xüsusən də bu formada imzalanmasını görməyəcəkdik. Azərbaycan indi Türkiyə ilə birlikdə Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərafdaşdır. Təşkilatdakı mövqeyini gücləndirmək istəyirsə, müşahidəçi status almalıdır. Bu, üzvlükdən öncəki statusdur. Bilirsiniz, müşahidəçi kimi 3 ölkə - Belarus, Monqolustan və Əfqanıstan var idi. Bu gün artıq Belarus üzv qəbul olunub. Yəqin ki, növbəti mərhələlərdə də Monqolustan və Əfqanıstan qəbul ediləcək. Yəni Azərbaycan istəyir ki, o statusa keçsin və Belarusun yerini tutsun. Yeri gəlmişkən, Azərbaycanın bu yolu tutmasında Belarusun, Lukaşenkonun rolu az olmayıb. BRİCS-ə isə üzv olmaq istəyirik.
- Çin də dəstəkləyir bunu…- Bəli, dəstəklədiyini bildirib. Bu, Bəyannamənin son bəndində təsbit olunub.
- Azərbaycan kiçik ölkədir. Amma Çin iki supergücdən biridir və bütün dünyada və bizim regionada maraqları var. Sənəddə Azərbaycan üçün hansısa təhlükəli məqamlar varmı?- Sənədi oxumuşam, ancaq öyrənməmişəm. Oxumaq başqadır, öyrənmək, analiz etmək, qiymətləndirmək başqa. Burada ilk baxışda diqqətimi cəlb edən, eyni zamanda məni qayğılandıran və narahat edən birinci məsələ sənədin dilinin çox qətiyyətli olmasıdır. Bu, sənədin nə qədər səmimi istəklə hazırlandığını göstərir. İkincisi məsələ ucuz və keyfiyyətsiz Çin mallarına kiçik Azərbaycan bazarının qapılarının açılmasının asanlaşdırılmasıdır. Təsəvvür edirsiniz, bundan sonra necə bir vəziyyət yaranacaq? Yəni mən anlamıram ki, nisbətən keyfiyyətli və münasib qiymətli Türkiyə mallarına Azərbaycan niyə belə bir şərait yaratmır? Üçüncü məsələ birtərəfli (!) qaydada çinlilərə bir illik (!) vizasız rejimin tətbiq edilməsi, Azərbaycanın kiçik və təzyiq altında olan əmək bazarının 1,4 milyarddan çox əhalisi olan nəhəng Çinə açılmasıdır. Hələlik ölkəyə vizasız gələcək çinlilərin statusunun necə olacağı bizə bəlli deyil. Yəqin ki, ayrıca protokol olacaq, orada onların hüquqi statusu müəyyən ediləcək. Dördüncü məsələ Azərbaycanda Konfutsi institutlarının və Çin mədəniyyət mərkəzlərinin açılmasının nəzərdə tutulmasıdır. Beşinci, ən başlıca məsələ isə bu sənədin imzalanmasının zamanı (yeni dünya nizamı quruculuğunun həlledici mərhələdə olduğu, geopolitik, geostrateji qeyri-müəyyənliyin sürdüyü bir vaxtda), Azərbaycanın strateji seçim astanasında olduğunu göstərməsidir.
- Biz yuxarıda Rusiyanın müdaxilə imkanlarından danışdıq. Burada Çinin əsas xarici müdaxilə aləti nə ola bilər?- Müasir Çinin əsas alətləri iqtisadi-ticarət yolu ilə, investisiyalar qoymaqla, böyük iqtisadi-ticari-nəqliyyat dəhlizləri açmaqla genişlənmək, yayılmaqdır. Ucuz kreditlər verməklə, investisiyalar yatırmaqla ölkələri özünə bağlayır, asılı vəziyyətə salır. Məsələn, Afrikada bu siyasəti aparır. Azərbaycan da yəqin ki, istisna təşkil etməyəcək. İlk növbədə, ölkəmizin quru, dəniz və hava nəqliyyat-logistika infrastrukturuna, təbii ehtiyatlarının istismarına diqqət edəcəkləri, əmtəə və əmək bazarına girişəcəkləri, ölkəmizə ucuz işçi qüvvəsi gətirəcəkləri gözləniləndir. Onsuz da Azərbaycanda məşğulluq böyük bir problemə çevrilib. Təsəvvür edin ki, ucuz işçi qüvvəsi kimi Çin Azərbaycanın əmək bazarını doldurandan sonra necə bir vəziyyət yaranacaq? Tədricən də, bütün kanalllardan istifadə edərək, kəşfiyyat və təhlükəsizlik sahəsində “şəbəkə quracaq”, “sızacaq” və “irəliləyəcək”. Burada elm, təhsil, mədəniyyət və humanitar sahəni də unutmayacaq.
Mən Türkiyənin də bundan narazı olduğunu, eyni zamanda Rusiyanın da məmnun olmayacağını düşünürəm. ABŞ başda olmaqla, Kollektiv Qərb isə bundan heç məmnun deyil. Bu günə qədər əgər Azərbaycan özünü dinamik dəyişən geopolitik situasiyada yüksək manevr qabiliyyəti olan bir dövlət kimi aparırdısa, bundan milli maraqların təmin olunması üçün istifadə olunurdusa, bundan sonra artıq tədricən problemlər yaranmağa başlayacaq.
- Astanada Türkiyə ilə Çin arasında da tərəfdaşlıq sazişi imzalandı. Türkiyə də prinsipcə Çinlə iqtisadi, humanitar yaxınlığını genişləndirmək istəyir. Bu yaxınlarda Hakan Fidan Çində səfərdə oldu, uyğur türklərinin yaşadığı yerləri ziyarət etdi. Azərbaycanın burada ümumi yanaşmasını necə görürsünüz?- İlk növbədə nəzərə almalıyıq ki, Türkiyə ilə Azərbaycan arasında bir sıra ciddi fərq var.
Birincisi, Türkiyə orta böyüklükdə dövlət olsa da, öz qlobal geopolitik iddiası, qlobal layihəsi (TDT onun görünən üzüdür) və qlobal oyunqurucu olmaq iddiası olan güclü bir dövlətdir.
İkincisi, Türkiyə öz strateji seçimini uzun illər bundan öncə ABŞ başda olmaqla kollektiv Qərbdən yana edibdir. NATO üzvü olub, AB ilə gömrük ittifaqı qurub, ittifaq üzvlüyünə israrlı namizəddir.
Üçüncüsü, Türkiyənin RF və Çinlə ikitərəfli münasibətlər qurması ona həm ABŞ, BB, AB və NATO ilə danışıqlarda, həm də öz qlobal strategiyasını həyata keçirməkdə (nə qədər riskli olsa da) çox böyük manevr alanı açır və imkanı verir.
Dördüncüsü, o, RF və Çinlə danışıqlara “əli güclü”, kollektiv Qərbin bir parçası olaraq gedir. Bir sözlə, onu Azərbaycanla müqayisə etmək, ən azı bu baxımlardan, doğru deyildir. Bu səbəblərə görə Türkiyənin məsələyə yanaşması ilə Azərbaycanın yanaşması arasında köklü fərq vardır.
Əgər bu addım – Çinlə strateji tərəfdaşlığın qurulması öz strateji seçimini çoxdan etmiş Türkiyə üçün qeyd etdiyim məqsədlərə, o cümlədən öz qlobal geopolitik proyektini reallaşdırmağa xidmət edirsə, Azərbaycan üçün öz strateji seçimi ilə bağlı atılan bir addım olduğunu düşünürəm. Mən düşünürdüm ki, Azərbaycan İkinci Qarabağ savaşından, xüsusən də antiterror əməliyyatlarından sonra artıq müdafiə və təhlükəsizlik sahəsində əsas problemini həll etdiyinə, həyati müdafiə marağını təmin etdiyinə görə artıq daxili siyasətin demokratikləşməsinə, iqtisadiyyatın liberallaşmasına, sosial və hüquqi sferanın adilləşməsinə və humanistləşməsinə çalışacaq, bu yöndə əsaslı addımlar atılacaq, hərtərəfli demokratik islahatlar başlayacaq. Amma mən əksini görürəm. Azərbaycan iqtidarı yaranmış vəziyyətdən hakimiyyətin daha da möhkəmləndirilməsi yolunu seçib. Azərbaycan Avropa Birliyi, NATO ilə yaxınlaşmaq, alyansın üzvü olan qardaş Türkiyə ilə strateji müttəfiqliyə hərtərəfli və dərin real məzmun vermək əvəzinə ŞƏT-ə müşahidəçi statusu almaq, BRİCS-ə üzv olmaq istəyir. Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında başlıca strateji məqsədi nə elan olunur? Avro-Atlantik məkana inteqrasiya! İndi isə biz tam tərsinə gedirik.
- Biz Ermənistanın regionda ABŞ, Avropa İttifaqı və eyni zamanda Hindistanla hərbi-siyasi əlaqələrini dərinləşdirdiyini görürük. Bu ölkələr Ermənistanı silahlandırır. Hindistan və Çin isə dünyada geosiyasi rəqabətdə olan iki böyük nüvə dövlətidir. Sizcə, Azərbaycan Çin seçimində Hindistanın Qafqazdakı Qərb koalisiyası və Ermənistana dəstək verməsi amili də rol oynaya bilərmi?- Əgər mənim artıq qeyd elədiyim xüsusi məsələlər, nüanslar olmasaydı, yenicə imzalanmış sənəddə Çinin açıq basqısı, üstün mövqeyi görünməsəydi, sizin qoduğunuz bu məsələ diskusiyalıq ola bilərdi. Burada söhbət millətimizin gələcək inkişaf yolundan, Azərbaycan türklərinin inkişaf perspektivindən gedir. Əgər bu millətimizin və dövlətimizin inkişaf perspektivi ilə bağlı məsələ olmasaydı, məni bu qədər narahat eləməzdi.
Bu gün biz Rusiya ilə Türkiyə, Çin ilə Hindistan arasında balans yaratmağa çalışırıq. Amma maraqlıdır, bu böyük güclər sabah öz aralarında balans yaratmağa çalışan zaman biz harada olacağıq? Azərbaycan elə böyük dövlət deyil ki, geopolitik oyun qura bilsin. Türkiyə belə hələ təzə-təzə geopolitik oyun qurmağa çalışır. Əsasən oyun pozucu mövqedən çıxış edir, buna gücü də var. Azərbaycan isə təkbaşına ancaq reaktiv mövqe tuta bilər.
- Bu seçimin geoiqtisadi səbəbləri də var. Azərbaycan Çinin "Bir kəmər bir yol" layihəsini dəstəkləyir. Ötən ayın sonunda ABŞ-dən gələn Dövlət katibinin müavini Ceyms O"Brayn bildirdi ki, Qafqazda sülh olmalıdır, bu, nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və Qərbin strateji maraqları üçün önəmlidir. İndi Çinlə tərəfdaşlıq Bəyannaməsindən görürük ki, Azərbaycan bu qlobal qrşıdurmada seçimini Qərbdən yana etməyib. Gürcüstanla da Qərb arasında bu konteksdə bir münaqişə var. Sizcə Qərbin buna reaksiyası necə olacaq?- Əvvəl sizə deyirdim ki, zaman gələcək Azərbaycan seçim etməli olacaq. Artıq seçimlərini etməyə başlayıb. Narahatlığım artır, getdikcə cəmiyyətdə də narahatlıq yaranacaq. Ola bilsin ki, cəmiyyət hələ bunu görmür. Əsas məsələ odur ki, strateji müttəfiqimiz olan Türkiyə ilə də bir sıra istiqamətdə və ya sahədə maraqlarımız, mövqelərimiz ya ziddiyyət təşkil etməyə, ya da arada fərqliliklər yaranmağa başlayıb. Belə ki, Türkiyə demokratik ölkədir, demokratik dünyanın, kollektiv Qərbin bir parçasıdır. NATO-nun “açıq qapı siyasəti”ni dəstəkləyir, bu gün NATO-nun Rusiyadan müdafiəsi planına görə, alyansın cənub cinahının (Qara dəniz, C.Qafqaz) müdafiəsinə məsuldur. Ermənilərə də izah olunub ki, burada nəzarət Türkiyəyə verilib. Əgər ABŞ, NATO, hətta AB ilə yaxın münasibətlər qurmaq istəyirsinizsə, siz Türkiyə ilə dil tapmalısınız. Bunun üçün də ilk növbədə Azərbaycanla sülh sazişi imzalanmalıdır. İndi ABŞ - Türkiyə danışıqlarının əsas məsələlərindən biri də bu sülh sazişinin tezliklə imzalanmasıdır. Ermənistan buna hazır olduğunu bildirib. Azərbaycanın qoyduğu əsas şərt isə, təbii haqlı şərtdir, faktiki olaraq bu sazişin tezliklə imzalanmasını qeyri-mümkün edir. Mən ərazi iddiaları ilə bağlı konstitusiyanın dəyişdirilməsi tələbini nəzərdə tuturam. Əvvəla, bu tələbin yerinə yetirilməsi Ermənistanda başlasa belə hələ uzun zaman alacaq. İkinci tərəfdən, mövcud durum nəzərə alınarsa, Ermənistanda ictimai-siyasi sabitliyi qoruyub-saxlamaq mümkün olacaqmı? Paşinyan rejimi dəyişərsə, revanşist qüvvələr hakimiyyətə gələrsə durum necə olacaq? Bu halda aralıq saziş, çərçivə sazişinin imzalanması ön plana çıxır. Rəsmi Bakı isə çərçivə sazişinin imzalanmasına hələ ki, yaxın durmur. Sülhün və dövlətlərarası münasibətlərin normallaşdırılması prinsipləri haqqında anlaşma memerondumunun imzalanmasını istəmir. Belə görünür ki, mövcud şərait və şərtlərdə Azərbaycanın yaxın vaxtlarda sülh sazişi imzalamaq kimi bir istəyi yoxdur.
Tarix: 8-07-2024, 23:06