Vitse-spiker niyə adi bir məmura çevrildi? - Adil Əliyevlə bağlı qərarın sirri...
Azərbaycan hakimiyyətinin nadir qərarlarındandır ki, vitse-spiker şəhərin bir regionuna icra hakimi göndərilir. Yəni qanunverici orqandakı mühüm postdan icraedici orqana rəhbər getmək şübhəsiz ki, ciddi karyera enişi sayıla bilər. Parlamentin özünü buraxmasından sonra təyin edilən növbədənkənar seçkilərdə imza toplanmasına qədər Adil Əliyev vitse-spiker vəzifəsini tutur, iyulun 13-dək... Amma iqtidar spontan bir qərar verdi və gözlənilmədən Adil Əliyev imzalanan sərəncamla seçkilərdə iştirak haqqından məhrum edildi, bir rayon rəhbəri təyin edildi. İndi o, siyasi bir post tutmur, vitse-spiker deyil, paytaxtın ən problemli yerlərindən biri olan Suraxanı rayonunda icra başçısı fəaliyyətinə başlayır. Bu qərarın verilməsini iki amillə əlaqələndirənlər var: onun spiker olmaq ambisiyası, ikincisi, gələcəkdə daha yüksək eşelonda təmsil olunmaq - nazir postlarından birinə təyinat almaq istəyi. Suraxanı İH başçısı təyin olunmaqla Adil Əliyevin hər iki iddiaları aradan qalxdı. Bundan sonra çətin ki, ona daha yüksək vəzifə versinlər. Harada görünüb ki, icra başçısı sonradan irəli çəkilərək nazir, komitə sədri kimi iri ranqlı vəzifələrə təyin olunsun?! Üstəlik, indi icra başçılarının səlahiyyətlərinin, reputasiyasının, imicinin nədən ibarət olduğu bilirik. Hazırda İH-lər lazımsız idarəetmə orqanına çevrilib, bir sıra funksiyaları əllərindən alınıb, başçıların əksəriyyəti torpaq satmaq, obyekt tikməyə icazə vermək kimi işlərlə məşğuldur. Yəni heç də yaxşı imicə malik deyillər. Və Adil Əliyev kimi siyasi post tutan şəxsin belə bir çirkaba bulaşmış struktura gətirilməsi onun adi bir məmura çevrilməsi ilə nəticələndi. Belə desək, Adil Əliyev karyera yüksəlişində bundan qabağa gedə bilməyəcək. O baxımdan bəzi müşahidəçilər sabiq vitse-spikerin mövqeyinin zəiflədildiyi qənaətindədirlər. Hər halda, Adil Əliyev də öz içində hesablaşır ki, daha yüksək vəzifələrə iddialı olduğu bir zamanda, onu Suraxanı kimi yerə başçı göndərirlərsə, deməli, belə istəyiblər...
Sözsüz ki, onun üçün icra başçısı kimi Suraxanıda geniş imkanlar olacaq, amma Adil Əliyevin varlanmağa nə ehtiyacı var?! Çünki özü səxavətli, əliaçıq adamdır. Onun üçün mühüm olan gördüyü işlər qarşılığında daha yüksək vəzifəyə layiq görülmək idi. İnsafən, Adil Əliyev həm deputat, həm aktiv bir ictimai şəxs, həm idmançılara hər zaman dəstək duran insan kimi təqdir oluna bilər. O, çoxlarından fərqli olaraq həmişə vətəndaşları dinləyib, seçicilərlə maraqlanıb, problemlərinin həllinə gücü çatan köməklik göstərib, şəhid ailələri və qazilərin həmişə yanında olub. Eyni zamanda, demək lazımdır ki, mətbuata açıq, jurnalistlərə təmas quran, onların açıq suallarını cavablandıran deputatlardan olub. Ümumiyyətlə, təxminən 20 il deputat mandatı daşıyan
Adil Əliyevin son illərdəki fəaliyyəti daha çox onun siyasi persona kimi formalaşmasını önə çəkirdi. O, iddialı adamdır. Bu mənada, icra strukturuna göndərilməsini onun karyerasında ciddi eniş nöqtəsi hesab edənlər var.
AnaXeber,info
Tarix: 9-07-2024, 16:29