Demokratik seçki gözləntisi... - “Bütün siyasi qüvvələr əlini daşın altına qoymalıdır”

Demokratik seçki gözləntisi...
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Qeyd edək ki, iyunun 21-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatları Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış etdilər. YAP bu təşəbbüsü onunla əsaslandırdı ki, noyabr ayında ölkəmizdə COP29 beynəlxalq tədbiri keçiriləcək ki, bu zaman seçkilər keçirmək məqsədəuyğun deyil.

Xatırladaq ki, Azərbaycanda Milli Məclisə seçkilər qanuna uyğun olaraq, bu il noyabr ayının ilk həftəsində keçirilməli idi. Noyabr ayında isə kifayət qədər miqyası olan COP29 tədbiri baş tutacaq.

YAP deputatlarının təşəbbüsü əsasında Milli Məclis buraxılması və növbədənkənar seçki təyin olunması üçün Prezident İlham Əliyevə müraciət qəbul etdi. Prezident Konstitusiya Məhkəməsinə Milli Məclisin buraxılması uyğunluğunun olub-olmaması barədə sorğu ünvanladı və Konstitusiya Məhkəməsi parlamentin buraxılmasının, növbədənkənar seçkilərin təyin edilməsinin uyğun olduğu qərarını çxıardı. Bundan sonra Prezident Milli Məclisin buraxılması və növbədənkənar seçkilər barədə Sərəncam imzaladı.

Ölkəmizdəki siyasi qüvvələr sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində aktiv iştirak etmək niyyətindədirlər. Partiyaların bir çoxu artıq deputatlığa namizədləri müəyyənləşdirməkdədirlər, bəzilərinin namizədləri də bəllidir. Hazırda namizədliyini irəli sürmək istəyən siyasi partiya təmsilçiləri və müstəqil şəxslər namizədlik üçün müvafiq sənəflərin qığılması, aidiyyati qurumlara təqdim edilməsi prosesi ilə məşğuldurlar. Ölkədəki siyasi qüvvələr hesab edirlər ki, bu seçkilər şəffaflıq və demokratiklik baxımından, əvvəlkilərdən fərqli keçirilə bilər.

Növbədənkənar seçkilərlə bağlı AYNA-nın suallarını cavablandıran Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib ki, Azərbaycan Konstitusiyanın 84-cü maddəsinin ikinci hissəsində açıq şəkildə göstərilir ki, parlament seçkisi hər beş ildən bir noyabrın birinci bazar günü keçiriləcək:

- Konstitusiyanın 98-ci maddəsinin ikinci hissəsində isə göstərilir ki, növbədənkənar keçirilən seçkinin müddəti 5 il olmaya bilər. Bu baxımdan, növbədənkənar parlament seçkilərinin təyin olunması və keçirilməsi qanunvericiliyə uyğundur. Növbədənkənar seçkilərə hansı zərurətdən gedildiyi də verilən qərarda kifayət qədər aydın izah olundu. Hesab edirəm ki, erkən seçki qərarı doğru qərardır. Yəni bəziləri iddia edirlər ki, seçkilər təyinatı düzgün deyil, amma yanılırlar. COP29 kimi böyük bir tədbir keçiriləcək ki, həmin ərəfədə seçkilərin keçirilməsi doğru olmazdı. Növbədənkənar seçki qərarı Konstitusiyaya da uyğundur. Hesab edirəm ki, qərara etiraz etmək yox, seçkilərə köklənmək lazımdır. Hər bir siyasi partiyanın vəzifəsi seçkilərə hazırlaşmaq, seçkilərdə aktivlik nümayiş etdirməkdir. Ümumiyyətlə, bir seçki bitəndən sonra digər seçkiyə hazırlaşmaq partiyanın işidir.

- Düzdür, əksər siyasi partiyalar bu seçkilərdə iştirak etmək qərarı verib, amma boykot yolunu tutmaq istəyən də var...

- Əlbəttə, partiyaların hansısa seçkidə iştirak edib-etməyəcəyi onların hüququdur. Özləri bilər, istər iştirak edər, istər etməz. Amma nəzərə almaq lazımdır ki, "Siyasi partiyalar haqqında" yeni qanuna görə, partiyaların qarşısındakı öhdəliklərdən biri seçkilərdə iştirak etməkdir. Ümumiyyətlə, demokratik üsulla hakimiyyətə gəlməyin yeganə yolu seçkilərdir ki, biz BAP olaraq seçkilərdə iştirakın tərəfdarıyıq. Bəzən deyirlər ki, ölkədə şəffaf, demokratik seçki mühiti yoxdur. Bununla mən də razıyam. Amma bir məsələ də var, demokratik, şəffaf seçki mühitini yaratmaq lazımdır. Bunu isə təbii ki, biz, siyasi partiyalar etməlidir. Düşünürəm ki, siyasətdə aktiv olmaq istəyən, siyasətlə məşğul olan, ölkəsinin, dövlətinin, millətinin taleyini düşünən bütün siyasi qüvvələr əlini daşın altına qoymalıdır. Əlini daşın altına qoyacaq əsas qüvvələr isə siyasi partiyalardır. Əgər siyasi təşkilatlar buna cəhd etmirsə, ortaya cəsarət nümunə qoymursa, onların əvəzinə mühiti kim yaratmalıdır? Gözləməliyik ki, kimsə kənardan gəlib bizə seçki mühiti yaratsın, yaxud da kimlərsə bunlara "stavka" eləsin, seçkiləri qazansınlar, gəlib hakimiyyətdə otursunlar?!

- Partiyalara bunun üçün imkan tanınırmı?

- Mən də razıyam ki, çətindir. Amma nə qədər çətin və problemli də olsa, hesab edirəm ki, bütün siyasi partiyalar seçkilərdə iştirak etməlidirlər. Seçkilərlə bağlı bizim o qədər şikayətlərimiz olub. Amma indiki halda növbədənkənar seçki qərarı dövlətimiz üçün doğru qərardır. İlk növbədə dövlətimizi, ölkəmizi fikirləşməliyik. Ondan sonra partiya maraqlarını, şəxsi maraqları fikirləşməliyik. Dövlət maraqları da tələb edir ki, Azərbaycanda dinc, demokratik seçki keçirilsin. Çalışmaq lazımdır ki, kənardan basqılar olmasın, seçkinin nəticələri şübhə altına alınmasın.

- Siyasilərin bir çoxu fikirləşir ki, siyasi, seçki islahatları olmadan keçirilən seçkilər effektiv olmayacaq...

- İndidən demək olmaz ki, effektiv olmayacaq. Hər halda, budəfəki seçkilərin fərqli formada keçiriləcəyinə ümid edirik. Bununla bağlı hakimiyyətə müvafiq çağırışlarımız olub, indi də davam edir. İndi də iqtidara normal, şəffaf seçkilərin keçirilməli olduğunu söyləyirik. Bu, iqtidar üçün yox, ölkəmiz üçün, ölkəmizin inkişafı üçün lazımdır.

Bəli, istərdik ki, siyasi islahatlar həyata keçirilsin, Konstitusiyada dəyişiklik edilsin, referendumla proporsional seçki sistemi bərpa edilsin. Bu, siyasi partiyaların cəmiyyətdə də, dövlətin inkişafında da rolunu artırardı. Amma referendumdan əvvəl parlament seçkiləri keçirilirsə, artıq qarşıdakı seçkilər barədə düşünmək, qalib gəlmək, parlamentdə təmsilçilik qazanmaq uğrunda çalışmaq lazımdır.

- Əvvəllər partiyalar seçkilərə bloklarla gedirdilər, bir neçə partiya birgə seçkiyə qatılırdı. Son illərdə bunu müşahidə edə bilmirik...

- Hesab edirəm ki, bu məsələ arxada qalıb. Bəzən təkliflər edilib, müzakirələr aparılıb. Amma alınmayıbsa, bunda kimisə günahlandırmaq doğru deyil.

Məsələn, ideologiyası eyni olan siyasi təşkilatlar seçkiyə bir yerdə qatıla bilərlər. Əslində bloklaşma ideoloji yönünə görə olmalıdır. Yoxsa kimin kimlə dostluğu varsa, deyir ki, blok yaradaq. Bu, doğru deyil. Hər halda, gələcəkdə bəlkə də hansısa partiyaların bir seçki blokunda birləşməsi ola bilər. Bu seçkilərdə isə hələ ki, bunu görmürük. Konkret BAP-a ghəlincə, hansısa blok yaratmaq, blokda təmsil olunaraq seçkiyə getmək planımız yoxdur.

- Anladığım qədər sizin rəhbəri olduğunuz partiya seçkilərdə aktiv iştirak etmək niyyətindədir?

- Yenə deyirəm, seçkilərdə iştirak hər bir partiyanın vəzifəsidir. Eyni zamanda, seçkinin nə vaxt keçirilməsindən asılı olmayaraq, siyasi partiya daim hazırlıqlı olmalıdır. Məlumdur ki, BAP bu il keçirilmiş olan növbədənkənar seçkilərdə mənim namizədliyimlə təmsil olundu. Biz seçkilərdə uğurla iştirak etdik, təbliğat imkanlarından yararlandıq. Eyni zamanda, seçicilərlə təmasda olduq. İndi isə parlament seçkilərində iştirak etmək qərarı vermişik. Əislində bu il parlament seçkisinin keçirilməsi gözlənilən idi deyə prezident seçkilərindən dərhal sonra parlament seçkilərinə hazırlaşırdıq. Bu hazırlıqlarımız da davam edir.

- Namizədləriniz müəyyənləşibmi?

- Namizədləri dairələr üzrə müəyyənləşdirmə mərhələsindəyik. Bu seçkilərdə daha çox namizədlə iştirak etmək planımız var və parlament partiyası olmaq niyyətindəyik. Əvvəlcədən də elan etmişik ki, biz Azərbaycanın ilk üçlüyündə olan siyasi partiya olacağıq. Prioritetimiz məhz indiki halda budur. Prezident seçkilərində namizədlə iştirakımız bir növ partiyamızın növbədənkənar parlament seçkilərinə hazırlıq məşqi rolunu da oynamış oldu. İyulun 6-da BAP-ın Siyasi Şurasının iclası keçirildi. Gündəlikdə duran məsələlər müzakirə olunduqdan sonra BAP Siyasi Şurası qərara aldı ki, növbədənkənar seçkilərdə iştirak edək. BAP Seçki Qərərgahı yaradıldı və hazırda namizədlərimizi müəyyənləşdiririk. Yaxın günlərdə iştirak edəcək namizədlərimizi və sayı elan edəcəyik.
Tarix: 10-07-2024, 09:50
Xəbəri paylaş





Xəbər lenti