YAP YAXIN 3 GÜNDƏ NAMİZƏDLƏRİNİ ELAN EDƏCƏK – Hamı gözləmə mövqeyindədir...
Yeni Azərbaycan Partiyası (YAP) qarşıdakı 3 gün ərzində 1 sentyabrda keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayacaq.
“AzPolitika” xəbər verir ki, hakim partiyanın namizədləri ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir.
Qeyd olunur ki, hazırkı deputat korpusunda ciddi dəyişikliklər gözlənilir, paytaxtda və iri şəhərlədə YAP yeni simaların namizədliyini irəli sürəcək. Hakim partiyanın və ümumilikdə parlament tərkibinin təxminən 30-40 faiz yenilənəcəyi gözlənilir.
Mərkəzi Seçki Komissiyasının (MSK) dünən açıqladığı məlumata görə, cəmi 156 şəxs namizədliyini irəli sürmək üçün Dairə Seçki Komissiyalarına müraciət edib. Bu, seçkilərə 50 gün qaldığı müddətdə olduqca kiçik göstəricidir.
Məlumdur ki, millət vəkili seçilmək arzusunda olan bitərəflər, hətta özünü müxalifət adlandıran bəzi partiyaların nümayəndələrinin əksəriyyəti YAP-ın namizədlərinin açıqlanmasını gözləyir. Bu zaman hansı seçki dairələrində hakimiyyət üçün prinsipial, yaxud “qurbanlıq” namizədlər olduğunu təxmin etmək mümkün olacaq. Seçki yarışı, bitərəf namizədlərin təbirincə desək, hakim partiyanın “boş buraxdığı” dairələrdən seçilmək uğrunda gedəcək.
Bəzi iddialı şəxslərin “səhhətim yaxşı deyil, həkimin rəyindən sonra qərarımı verəcəm”, “namizəd olmaq istəyirəm, amma qəti qərar hələ verməmişəm”, “yaxın günlərdə bir qərarım olacaq” tipli açıqlamaları da YAP-ın siyahısının açıqlanmasına hesablanmış bəhanələrdir. Əsas gözlər iqtidar partiyasının namizədlər siyahısı ilə bağlıdır.
Qeyd edək ki, YAP ötən seçkilərdə Milli Məclisdə 68-75 deputatla təmsil olunub. Hakim partiya üçün prinsipial məsələ əsas qanunların qəbul olunması üçün tələb olunan 63 səsə malik olmaqdır. Bu, hakimiyyət üçün vacib baryerdir, onun təmin olunmasından sonra qalan seçki dairələrində partiya rəhbərliyinin məqbul bildiyi müstəqil namizədlərə şərait yaradılır.