"Sərhədin açılması Ermənistanın nəqliyyat blokadasından çıxması deməkdir..." - GƏLİŞMƏ
“Sərhədin açılması Ermənistanın nəqliyyat blokadasından çıxması deməkdir”.
Bunu Ermənistan parlamentinin sədr müavini Akop Arşakyanın Ermənistan və Türkiyə arasında sərhədlərin açılması ilə bağlı bəyanatını şərh edən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Ermənistanın xarici siyasətinin prioritetindən biri Türkiyə ilə sərhədlərin açılmasıdır:
“Artıq Türkiyə ilə Ermənistan arasında üçüncü ölkə vətəndaşlarının və diplomatik statusa malik şəxslərin sərhəddən keçməsi ilə bağlı razılıq əldə olunub. Buna baxmayaraq, Türkiyə Ermənistanla sərhədləri açmağa tələsmir. Ankara və Bakı eyni mövqedən çıxış edir, əgər Ermənistan sülh müqaviləsini imzalasa, Azərbaycanın razılığı ilə sərhədlər açıla bilər.
İlk növbədə, nəzərə almaq lazımdır ki, sərhədin açılması Ermənistanın nəqliyyat blokadasından çıxması deməkdir. Rusiyadan asılılığı azaltmaq istəyən İrəvan üçün bu mühüm əhəmiyyət kəsb edən məsələdir. Zəngəzur dəhlizi, həmçinin sülh müqaviləsi ilə bağlı Azərbaycanın şərtlərinin yerinə yetirilməsi mütləqdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bir daha ölkəsinin mövqeyini dilə gətirərək sərhədlərin açılmasının məhz Ermənistan-Azərbaycan münasibətlərindən asılı olduğunu qeyd etdi”.