İqbal Ağazadə geri çəkilib?



Hakim Yeni Azərbaycan Partiyası (YAP) deputatlığa namizədlər siyahısını açıqlamadığından digər siyasi qüvvələr və müstəqil iddiaçılar seçkidə iştirak və dairə seçimi ilə bağlı qəti qərara gəlməkdə çətinlik çəkirlər.
 
Seçki prosesinə start verilməsindən 2 həftəyə yaxın vaxt keçsə də, çox az sayda iddiaçı DSK-lara sənəd təqdim edib. Hamı YAP-ın namizədlər siyahısının açıqlanmasını gözləyir. Tərəddüd içində olanlar arasında partiya sədrləri də var… “AzPolitika”-ya daxil olan məlumata görə, Ümid Partiyasının sədri İqbal Ağazadə 1 sentyabr parlament seçkilərində 36 saylı Xətai-Suraxanı seçki dairəsindən namizəd olmaq üçün sənədlərini müvafiq DSK-ya təqdim edib. Lakin bir qədər sonra Ümid sədrinin sənədlərini geri götürdüyü bildirilir. Onun başqa bir dairəyə keçdiyi, yoxsa ümumiyyətlə yarışdan geri çəkildiyi haqda məlumat verilmir.
 
Ümid Partiyasından bildirilib ki, İ.Ağazadə məhz 36 saylı dairədən namizəd olacaq, geri çəkildiyi xəbəri doğru deyil. “Birinci gün imza vərəqlərini götürəcəyik”.
 
Qeyd edək ki, parlament seçkilərində hətta partiya sədrləri belə dairə seçərkən “rəsmi tövsiyəni” nəzərə alırlar. Bu səbəbdən əksər partiya sədrlərinin hansı dairədən seçkiyə qatılacaqları, ümumiyyətlə namizəd olub-olmayacaqları hələ də məlum deyil. Baxmayaraq ki, 2 aylıq seçki kampaniyasının dörddə biri artıq geridə qalıb.
Tarix: 14-07-2024, 22:10
Xəbəri paylaş





Xəbər lenti