Bakı Peterburqda mövqeyini qətiləşdirdi - niyə BRİCS, niyə indi?
Azərbaycan BRİCS-in tamhüquqlu üzvü olmaq istəyir. TASS agentliyinin məlumatına görə, bu barədə VI çağırış Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova BRİCS ölkələrinin həftəsonu X Parlament Forumunun Sankt-Peterburqda keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Azərbaycan xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Bu, ikitərəfli münasibətlərə və beynəlxalq platformalar çərçivəsində fəaliyyətə aiddir. Xüsusilə bu, BRİCS-lə əməkdaşlığa aiddir. Azərbaycan artıq BRİCS-ə qoşulmaq arzusunu ifadə edib”, Qafarova bildirib. Onun sözlərinə görə, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə nail olmağa kömək edəcək.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin tədbirdə çıxışında deyib ki, hazırda BRİCS qarşılıqlı fəaliyyətin bütün sahələrində - siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr üzrə fasiləsiz işləyir. Putin həmçinin gələcəkdə BRİCS-in öz parlament assosiasiyasının ola biləcəyinə inandığını bildirib. “BRİCS-in hələ ki özünün institusional parlament strukturu yoxdur, amma mən inanıram ki, gələcəkdə bu ideya mütləq həyata keçiriləcək”.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə deyib ki, BRİCS iştirakçılarının sayının artması çoxqütblü və ədalətli dünya nizamına olan tələbi açıq şəkildə təsdiqləyir.
“BRİCS dünya nizamının sütunlarından biri kimi özünü inamla təsdiq edir”. Federasiya Şurasının rəhbəri Valentina Matviyenko təşkilata bu cür qiymət verib. “Bu, dinamik inkişaf edən bir mexanizmdir, əməkdaşlıq qarşılıqlı hörmət, bərabərlik, açıqlıq və konsensus prinsiplərinə əsaslanır, burada hökmranlığa və ya öz iradəsini tətbiq etmək istəyinə yer yoxdur”, - Matviyenko deyib. Onun fikrincə, kollektiv Qərb ölkələri, qanunlara əsaslanan və faktiki olaraq inhisarçılıqla dominant mövqe tutan qondarma dünya nizamını qorumağa çalışaraq, Avropa qitəsində, Yaxın Şərqdə və Asiya-Sakit Okean regionunda sabitliyi pozur. BRİKS-i indiki gərgin dünya gündəmində yalnız iqtisadi təşkilat kimi qiymətləndirmək olmur. Xüsusilə təşkilata dönəm sədri olan Rusiya rəsmilərinin çıxışları onu deməyə əsas verir ki, əslində çoxqütblü dünya düzənində öz sözünü deyəcək bir təşkilatın formalaşdırılmasından söhbət gedir. Bu, Azərbaycanın iqtisadi maraqlarına cavab verir, bəs siyasi maraqlarına necə?
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev hesab edir ki, Azərbaycana BRİCS-lə əməkdaşlığın xeyri ola bilər: “Ölkənin 4 qitəsindən olan nəhəng təmsilçiləri ilə BRİCS həm əhali sayına, həm də iqtisadi potensialına görə cəlbedici təşkilatdır. Bu təşkilatla əməkdaşlıq və onun yaradacağı imkanlardan istifadə etmək hazırda vacib və əhəmiyyətlidir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, BRİCS yalnız iqtisadi maraqların cəmləşdiyi bir təşkilatdır. Rusiya və Çin bu təşkilatı eyni zamanda siyasi və hərbi birliyə keçirməkdə maraqlı olublar. Amma hələ ki buna nail olunmayıb. Çünki burada hər şey göründüyü kimi sadə və asan deyil. Məsələn, Hindistan Fransa ilə, Cənubi Afrika Respublikası ABŞ-la sıx əməkdaşlıq edir və paralel olaraq iqtisadi mənfəət baxımından Avropa İttifaqı və ABŞ-la əlaqələr mövcuddur. Həmçinin təşkilatın qeyri-rəsmi patronu olmaq məsələsində də hiss olunur ki, Rusiya və Çin arasında rəqabət mövcuddur. Hindistanın da, dediyim kimi, hələlik bu təşkilatın konkret siyasi hədəflərinin olmasında marağı yoxdur. O səbəbdən hesab edirəm ki, Azərbaycanın BRİCS-lə əməkdaşlığı iqtisadi cəhətdən maraqlarımıza uyğundur. Həm də bu birlik Avropa İttifaqı ölkələri ilə iqtisadi münasibətlərimizə mane olmayacaq. Siyasi cəhətdən isə hələ təşkilatın özü belə birlik nümayiş etdirmir və hərbi cəhətdən isə ümumiyyətlə, söhbət belə getmir. Bu da hazırda bizim üçün daha məqsədəuyğundur. Çünki siyasi və hərbi birliyin olması o deməkdir ki, təşkilatın üzvləri Rusiya və İranla bağlı gedən proseslərdə nəinki bitərəf, konkret olaraq bu ölkələrin yanında olmalıdırlar. Belə bir perspektiv isə hələ görünmür və ilk olaraq Çin buna getməyəcək. Beləliklə, düşünürəm ki, Azərbaycana BRİCS-lə əməkdaşlığın xeyri ola bilər. Həmçinin qardaş Türkiyə də eynilə bizim kimi bu təşkilatla əməkdaşlığa maraq göstərir. Bu da birlikdə orada istənilən statusda təmsil olunmaq üçün yetərlidir”.
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu təşkilatın önəmini artıran bir sıra səbəbləri açıqladı: “BRİCS 2009-cu ildə 5 üzv dövlət - Braziliya, Rusiya, Hindistan , Çin və Cənubi Afrika Respublikası tərəfindən yaradılan hökumətlərarası təşkilatdır. BRİCS - abbreviaturası da bu 5 dövlətin adının baş hərfini özündə ehtiva edir. Ötən 15 ildə təşkilata yeni üzv qatılmasa da, bu il üzvlərin sayı birdən-birə ikiyə qatlanıb. Belə ki, 2024-cü ilin yanvarında İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri təşkilata qatılıb. Səudiyyənin də üzvlüyü gündəmə gəlib, lakin hələ ki təsdiqlənməyib. Argentina da 2023-də üzvlük niyyətini bəyan edib, lakin daha sonra fərqli xarici siyasi kurs seçildiyi üçün (Çindən asılılığın azaldılması məqsədilə) geri çəkilib. Hətta ötən ay Pakistan da üzvlük üçün müraciət edib. Lakin Hindistanın bu məsələdə mövqeyi birmənalı olmayacaq. Çin və Hindistan arasında tarixi rəqabət (hətta 1962-ci ildə sərhəd müharibəsi olmuş, Tibet məsələsi indiyədək gündəmdə saxlanır) bu birliyin gələcəyinə uzun müddət kölgə salsa da, görünən odur ki, Hindistan da qlobal manevr imkanlarını qorumaq üçün ABŞ-la nə qədər isti münasibətlər saxlasa da, BRİCS-ə üzvlüyü rədd etmir. Belə ki, 2014-də Hindistan ABŞ-ı "Əsas müdafiə tərəfdaşı" olaraq bəyan edib. Bununla belə, BRİCS-in yeni dünya nizamında yeni bir rol almasına Hindistan da dəstək verir. Təbii olaraq, burada aparıcı qüvvə Çindir.
BRİCS dünya əhalisinin 46%-ni, dünya ÜDM-nin 36%-ni, qlobal ticarətin 25%-ni əhatə edir. Yeni üzvlərin qatılması bu təşkilatın coğrafi arealını genişləndirməklə, burada ticarətin və maliyyə nizamlanmasının, xüsusilə enerji-neft-qaz sektorunda, həmçinin digər sahələrdə daha da güclənməsi, yeni təhlükəsizlik çətirinin formalaşması və Çinin təsir sferasının genişlənməsi deməkdir. Görünən o ki, Rusiya-Ukrayna müharibəsi fonunda artan qlobal qütbləşmədə dünya dövlətləri öz tərəflərini seçməlidirlər və bir sıra dövlətlər Qərbin artan təsirini neytrallaşdırmaq üçün BRİCS-ə üzvlüyü seçirlər. Çin təşkilatın genişlənməsində maraqlıdır. Qərblə əməkdaşlıq imkanları olmayan (məsələn, sanksiya altında olan Rusiya və İran kimi) dövlətlər də, o cümlədən Qərblə manevr imkanlarını artırmaq istəyən (Hindistan kimi) dövlətlər də BRİCS-i özləri üçün faydalı platforma hesab edirlər. Çünki burada Qərbin təsis etdiyi ticari-maliyyə strukturlarına alternativlər təqdim olunur. Hətta BRİCS-in dolların maliyyə gücünü sonlandıracağı araşdırılır. Yeni təhlükəsizlik çətirləri dövlətlərin imkanlarını, o cümlədən sanksiyalardan yayınmaq imkanlarını artırır. Odur ki, Azərbaycanın üzvlüyü bizim qütbləşən dünyada manevr imkanlarımızı artırmağa xidmət edə bilər".