Avropa Siyasi Birliyinin dördüncü sammiti bu gün öz işinə başlayır. Modern.az xəbər verir ki, 50-ə yaxın Avropa ölkəsinin dövlət və ya hökumət başçılarının Blenheym sarayında keçiriləcək sammitdə iştirak etməsi gözlənilir.
Londondan təqribən 100 kilometr məsafədə yerləşən Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin anadan olduğu Blenheym sarayında keçiriləcək sammitə Avropa İttifaqına (Aİ) üzv ölkələrin, həmçinin Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Bosniya və Herseqovina kimi ölkələrin liderləri dəvət edilib.
Böyük Britaniyanın yeni baş naziri Kir Starmer sammitdən əvvəl və ya sonra Fransa prezidenti Emmanuel Makron və İrlandiya baş naziri Simon Harrislə görüşəcək, lakin təhlükəsizlik səbəbi ilə görüşlərin vaxtı və məkanı açıqlanmayıb. Sammit Starmerin iyulun 6-da vəzifəsinin icrasına başladıqdan sonra iştirak edəcəyi ilk beynəlxalq tədbir olacaq. Kral III Çarlz sammit iştirakçıları üçün ziyafət verəcək.
NATO, ATƏT, Avropa Şurası ilk dəfə dəfə iştirak edəcək Sammit çərçivəsində açılış və bağlanış sessiyaları, həmçinin 3 dəyirmi masa təşkilediləcək. Görüşdə əsas gündəm mövzusu Ukrayna olacaq. Qış mövsümü ərəfəsində Ukraynaya beynəlxalq dəstəyin artırılması müzakirə olunacaq.
Liderlər, həmçinin qeyri-qanuni miqrasiya ilə mübarizə və Avropa təhlükəsizliyini gücləndirmək üçün əməkdaşlığa diqqət yetirməklə qlobal və regional çağırışları müzakirə edəcəklər.
Bu sammitdə əvvəlkilərdən fərqli olaraq NATO, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Avropa Şurası ilk dəfə iştirak edəcək.
Dəyirmi masa görüşlərində miqrasiya, enerji və əlaqə məsələləri, o cümlədən demokratiyanın müdafiəsi müzakirə olunacaq.
Ekoloji maarifləndirmə Avropa Siyasi Birliyinin növbəti sammitində davamlılıq və ekoloji maarifləndirmə məsələləri vurğulanacaq. Bu baxımdan iştirakçılara təqdim edilən tərəvəz və meyvələrin 80%-i Blenheym Sarayı və Oksfordşir bölgəsinin bağlarında yetişdirilən məhsullar olacaq. Bu yanaşmanın mahiyyəti nəqliyyat xərclərini və karbon emissiyalarını minimuma endirməkdən ibarətdir.
Sammit zamanı media və yerli rəsmilər ictimai nəqliyyatdan istifadə edəcəklər. Bundan əlavə, saray generatorları dizeldən deyil, bitki mənşəli yanacaqlardan istifadə edəcək.
Saray tamamilə aşağı karbon emissiyaları və bərpa olunan enerji mənbələri ilə təchiz ediləcək. Sammit iştirakçıları birdəfəlik plastiklərin əvəzinə təkrar istifadə edilə bilən və təkrar emal edilə bilən alternativlərdən istifadə edəcəklər.
Sammitin mebel və əşyaları tədbirdən sonra gəlir əldə etmək üçün yerli xeyriyyə təşkilatlarına bağışlanacaq..
Aİ-dən daha geniş siyasi debat platforması
Avropa Siyasi Birliyinin əsasları 2022-ci il Avropa Günündə qoyulub. 9 may 2022-ci ildə Fransanın Aİ-yə sədrliyi zamanı Makron Avropanın Gələcəyi Konfransının bağlanışında Aİ üzvlüyünə alternativ təklif edib.
"İnanıram ki, bu gün burada danışdıqlarımı "Avropa Siyasi Birliyi" adlandırmaq olar. Bu yeni Avropa təşkilatı dəyərlərimizə sadiq olan demokratik Avropa dövlətləri üçün siyasət, təhlükəsizlik, enerji və nəqliyyat kimi sahələrdə əməkdaşlıq etmək üçün yeni çərçivə yaradacaq”, - Makron bildirib.
24 iyun 2022-ci il Aİ Sammiti zamanı liderlər ilk dəfə Makronun təklifini müzakirə ediblər. Sammitin yekun bəyanatında vurğulanır ki, Avropa Siyasi Birliyi potensial olaraq Aİ ilə sıx bağlı olan bütün Avropa ölkələrini əhatə edə bilər və qitənin təhlükəsizliyini, sabitliyini və rifahını artırmaq üçün siyasi koordinasiya platforması rolunu oynayır.
Qeyd olunub ki, birlik Aİ-ni əvəz etməyəcək və ya yeni beynəlxalq təşkilat yaratmayacaq, əksinə, Avropada Aİ-dən daha geniş “siyasi debat platforması” rolunu oynayacaq.
İlk sammit Avropa Siyasi Birliyinin ilk görüşü 6-7 oktyabr 2022-ci il tarixlərində Çexiyanın sədrliyi ilə Praqada keçirilən Aİ Liderlərinin qeyri-rəsmi Sammitindən əvvəl baş tutub.
Sammitdə 27 Aİ üzvü, o cümlədən Azərbaycan, Türkiyə, Qərbi Balkan ölkələrindən (Serbiya, Monteneqro, Albaniya, Şimali Makedoniya, Kosovo, Bosniya və Herseqovina), Norveç, Lixtenşteyn, İsveçrə, Böyük Britaniya, İslandiya, Ukrayna, Gürcüstan, Moldova, Ermənistan liderləri iştirak edib.
Görüş zamanı Rusiyanın Ukraynaya hücumu, enerji böhranı, iqtisadi vəziyyət müzakirə edilib. Ukrayna prezidenti Volodimir Zelenski videokonfrans vasitəsilə iştirak edib.
Bundan başqa, sammit çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Makron və Aİ Şurasının sədri Şarl Mişellə dördtərəfli görüş keçiriblər. Bu format sonrakı sammitlərdə də təkrarlanıb.
Moldovada 2-ci sammit Moldovada keçirilən Avropa Siyasi Birliyinin ikinci toplantısında Aİ və Qərb ölkələrindən Moskvaya güclü birlik mesajı göndərilib.
Sammit çərçivəsində Moldovaya dəstək vurğulanıb. Zelenski şəxsən iştirak edib, diqqəti Ukraynanın dəstəyinə yönəldib, Azərbaycan və Ermənistan arasında sülh səyləri və Kosovo böhranı ilə bağlı müzakirələr aparılıb.
İspaniyada 3-cü sammit İspaniyanın Aİ-yə sədrliyi altında liderlər dəyirmi masa görüşlərində və ikitərəfli müzakirələrdə “rəqəmsallaşma, enerji-ekoloji keçid və çoxtərəflilik – Avropanın siyasi gələcəyini” müzakirə etmək üçün Qranadada görüşüblər.
Ukrayna və Zelenskinin dəstəyinin əsas diqqət mərkəzində olmasına baxmayaraq, Azərbaycan və Ermənistan liderləri arasında planlaşdırılmış danışıqlar baş tutmayıb. Buna səbəb Fransanın təxribatçı mövqeyi olub. Azərbaycan və Türkiyə liderləri sammitdə iştirak etməyib.
Tarix: 18-07-2024, 09:25