Rusiya özünü Güney Qafqaz masasına necə pərçimləyir... - İNCƏLƏMƏ
Putinin Bakı səfərindən sonra Paşinyana zəngi, ardınca Əliyevlə müzakirələri telefonda davam etdirməsi diqqəti iki məsələyə yönəldir. Birincisi bəllidir: daha öncə də Rusiyanın Bakı-İrəvan danışıqlarında təşəbbüsü ələ almaq, Qərb qüvvələrini kənarlaşdırmaq və regionun kommunikasiyanın açılmasında (Zəngəzur dəhlizi) iştirakını təmin etmək istədiyini yazmışdıq. Bu fakt danışıqlarla bağlı rəsmi məlumatlarda da əksini tapır. İkincisi açıq olaraq qalır: Paşinyan nə istəyib və Putin Əliyevə nəyi çatdırıb? Rusiya danışıqların indiki məqamda Moskvaya köçürülməsini istəyir, hətta bu müvəqqəti xarakter daşısa da. Çünki ABŞ-ın aktivliyi fonunda Rusiyaya bir addım önə çıxmaq lazımdır. Putin Azərbaycanda olarkən, rəsmi Bakı Moskvada danışıqların davam etdirilməsinə razı olduğunu bəyan etdi. Məntiqlə Putinin Paşinyanla müzakirəsindən konkret nəticə çıxmalı idi. Lakin yenidən Bakıya zəng etmək zərurətinin yaranması müəyyən ehtimallar yaradır: mümkündür ki, Paşinyan Moskvada danışıqlara gəlmək üçün şərt irəli sürür. Mövcud vəziyyətdə İrəvanın iki mümkün şərt irəli sürməsi ehtimalı var. - Kommunikasiyanın suverenlik prinsipi əsasında açılması: Bakının ən azı Naxçıvana maneəsiz keçid reallaşmadan Bakının bu məsələdə razılaşmayacağı məlumdur; maneəsiz keçid dəhlizdə yer almaq üçün Rusiyayaya da lazım olduğu üçün belə bir şərt real görünmür; - Sərhədin delimitasiyasında Alma-Ata bəyannaməsinin danışıqlardakı əsas prinsip kimi qəbul edilməsi: bu, İrəvana mövcud sərhədlərdə legitimlik əldə etmək və Azərbaycan qoşunlarının geri çəkilməsinə nail olmaq üçün lazımdır; Sülh danışıqlarını ələ almaq və kommunikasiyada iştiraka nail olmaq istəyən Rusiya üçün sərhəd məsələsi o qədər də prinsipial görünmür. İstisna deyil ki, Putin Paşinyanın bu “şərtini” Əliyevə çatdırıb. Bu ehtimalı önə çıxaran məqamlardan biri də Putin-Əliyev danışıqları ilə bağlı rəsmi məlumatlardakı detal fərqlidir: Kremlin rəsmi məlumatında sərhədin delimitasiyası məsələsi qeyd olunsa da, Bakının rəsmi məlumatında bu məqam yer almır. Proseslər hələki diplomatik müstəvidə gedir, hərçənd, isti mərhələyə keçməsi və hərbi təxribatların olması da istisna edilməməlidir. Mümkündür ki, Rusiya masasına gəlmək istəməyən Paşinyan Putinə birbaşa “yox” deyə bilmir və çətin “şərt” irəli sürməklə Bakını görüşdən imtina edən tərəfə çevirmək istəyir. Diplomatik manevrlər tükənəndə Ermənistanın eskalasiya yaratmaq və bunu Rusiya və Azərbaycanın birgə planı kimi göstərmək ssenarisinə əl atması gözlənilən versiyalardandır.