Məmməd Məmmədzadə: “Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələr xalqın səsinə hörmətsizlikdir”
Mərkəzi Seçki Komissiyasının şikayətləri ciddi araşdırmadan parlement seçkilərinin ümumi nəticələrini təsdiq etməsi təəssüf doğurur, - Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə Turan-a bildirib. Kütləvi ciddi pozuntuların müəyyən edilməsi bütövlükdə seçki prosesinə inamı sarsıdır və seçkilərin ləğvini zəruri edir.
“Nəticələr ədalətli deyil. Bu, təkcə Azərbaycanın seçki sistemini deyil, həm də ölkənin demokratik proseslərinin tamamilə böhran halına gəldiyini, iflas etdiyini göstərir”, - Məmmədzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinin seçki sistemini təkmilləşdirmək və ATƏT-in tövsiyyələrini yerinə yetirirmək kimi niyyəti yoxdur.
“Azərbaycan hökümətinin ATƏT qarşısında öhdəliyi var. Beynəlxalq təşkilatı ölkəyə dəvət edir və onun rəyini alır. ATƏT-in rəyində ciddi narahatlıqlar, qanun pozuntuları göstərildi. Hökümət bu məsələ ilə bağlı müəyyən addımlar atmalı idi. Lakin növbəti dəfə ATƏT müşahidəçilərinin tövsiyələrinə məhəl qoyulmadı. Mərkəzi Seçki Komissiyasının seçkinin nəticələrini ləğv etməməsi xalqın səsinə hörmətsizlikdir və ədalətli seçki hüququnun tapdalanmasıdır”, - Məmmədzadə deyib.
Öz növbəsində 70 saylı Neftçala seçki dairəsindən namizəd olmuş Vəfa Nağıyeva seçkilərin nəticələrini məhkəmədə mübahisələndirmək niyyətindədir, çünki dairə seçki komissiyası və Mərkəzi Seçki Komissiyası şikayətləri effektiv araşdırmayıblar. O, hüquqları bərpa olunmadığı təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.
Tarix: 16-09-2024, 21:54