İlqar Məmmədov siyasətdən getdi


REAL Partiyasının sabiq sədri İlqar Məmmədov siyasətdən getdiyini bəyan edib.
İ.Məmmədov bu barədə bəyanatında bildirib.
Onun sözlərinə görə, keçən il verdiyi sözü tutub: Prezident və parlament seçkilərində uğur qazana bilməyəsəci təqdirdə publik siyasətdən çəkiləcəyini qət edib. "Ölkəmizin müharibə sonrası gələcəyinə həsr olunmuş ilk səsvermə üç həftə əvvəlki 1 sentyabr Milli Məclis seçkisi idi. Burada da, təəssüf ki, partiyamızın parlamentdə təmsilçiliyini artıra bilmədim.
"2024-cü ildə xalqımız özünün ali siyasi iradəsini səkkizinci dəfə ifadə edərək, mənə yenə də "yox” qərarını açıqladı. Bu müqəddəs iradəyə tabesizlik göstərmək düzgün olmazdı. Onu eşitdim və, söz verdiyim kimi, publik siyasi fəaliyyətdən bu gündən ayrılıram”.
İ.Məmmədov bildirib ki, kütləvi etirazın yoxluğunda bu halı ancaq xalqın hazırkı hakimiyyətə qeyd-şərtsiz dəstəyi kimi oxumaq lazımdır: "26 il uzunluğunda yoldan sonra mən də məhz bu cür oxumağa borcluyam”.
Onun fikrincə, əhalinin böyük əksəriyyəti seçkiyə gəlməməklə indiki sistemdən öz razılığını ifadə edir.
İ.Məmmədov bildirib ki, 44 günlük müharibə öncəsi partiyalar arasında dialoq ortamı qurublar. "Təsir edə bildiyim yerli və beynəlxalq resursları ərazilərimizin işğaldan azad olunması uğrunda tarixi savaşımıza faydalı etməyə həmişəkindən daha da fəal çalışdım”.
"Xarici siyasətdə əvvəlcə düzgün tutduğu xəttin sonra eyforiyanı aşa bilmədiyi üçün indi ölkəmizə ancaq gərəksiz savaşlar və böyük məhrumiyyətlər vəd etdiyini bugün də anlayıram. Amma bütün bunlar artıq subyektiv, sınaqda seçicilərin ard-arda səkkiz dəfə rədd etdiyi şəxsi baxışlarımdır”.
İ.Məmmədov bildirib ki, qurultaya qədər Respublikaçı Alternativ partiyası Siyasi Komitəsinin üzvü qalacaq: "Publik siyasi, iqtisadi, beynəlxalq və sairə müzakirələrə verdiyim töhfəyə tələbatın yoxluğu seçkilərin geniş siyasi nəticəsində öz təsdiqini tapdı deyə, belə müzakirələrdə daha yoxam”.\\Qaynarinfo.Az
Tarix: 21-09-2024, 21:55
Xəbəri paylaş





Xəbər lenti