Avropa Məhkəməsinin qərarı: Azərbaycan keçmiş səfir Eldar Həsənova təzminat ödəməlidir

Avropa Məhkəməsi Azərbaycanı cərimələyib


Avropa Məhkəməsi bu gün Azərbaycanla bağlı 3 qərar və qərardadını elan edib.
Aynur Bağırova Azərbaycana qarşı
Ərizəçi 1976-cı ildə anadan olmuş Aynur Bağırova Azərbaycan vətəndaşıdır, Gəncə şəhərində yaşayır.
Bu məhkəmə işi ərizəçinin qardaşının 2018-ci ilin iyulunda öldürülməsi ilə bağlı idi. Ərizəçinin qardaşı göstərilən tarixdə axtarışda idi, hüquq mühafizə orqanları tərəfindən onun tutulması üçün Bakıda əməliyyat keçirilmiş və əməliyyət zamanı öldürülmüşdü. 
Ərizəçi iddia edirdi ki, qardaşı qəsdən öldürülüb və yerli qurumlar ölüm olayı ilə bağlı səmərəli araşdırma aparmayıblar.
Məhkəmə bu işdə iddia olunan pozuntuları tanıyıb, Konvensiyanın 2-ci (yaşamaq hüququ) maddəsinin pozulmasına (həm prosedur, həm də maddi aspekt) qərar verib. 
Hökumət ərizəçiyə 32 min avro məbləğində mənəvi və xərclər əvəzi ödəməlidir. 
Ərizəçini vəkil Cavad Cavadov təmsil edib.
Eldar Həsənov Azərbaycana qarşı
Məhkəmə işi hazırda həbsxanada cəza çəkən ərizəçi Eldar Həsənovun (Azərbaycanın keçmiş (1995-2000) baş prokuroru və Azərbaycanın keçmiş səfiri(2001-2020)) vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dövlət vəsaitini təyinatı üzrə yox, başqa məqsədlə istifadə etmə, çirkli pulların yuyulması, mənimsənilməsi və Azərbaycanın Serbiyadakı səfirliyində törədilən saxtakarlıq cinayətlərinə görə tutulması və məhkəməyə qədər həbs edilməsi ilə bağlı idi. 
Ərizəçinin şikayəti Konvensiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci (azadlıq və təhlükəsizlik hüququna qanunsuz müdaxilə) və 18-ci (məhdudiyyətlərdən istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanırdı. 
Ərizəçi iddia edirdi ki, onun saxlanılması və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün ağlabatan əsaslar mövcud olmayıb, həbsdəykən ona lazımi tibbi yardım göstərilməyib. 
Konvensiyanın 34-cü maddəsinə əsaslanan ərizəçi həmçinin Azərbaycan hökumətinin, Məhkəmənin 39-cu Qaydaya əsasən verdiyi müvəqqəti tədbirlərin görülməsi barədə qərarına əməl etməməklə, onun fərdi şikayət hüququnu pozmasından da şikayət etmişdi.
Məhkəmə bu işdə ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü (13 avqust 2020 - 2 iyul 2021 aralığında) və 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddələrinin pozulmasına qərar verib. 
Qərara əsasən, hökumət ərizəçiyə 9234 zvro mənəvi və xərclər əvəzi ödəməlidir. 
Ərizəçini hüquqşunaslar Emin Abbasov və Emin Aslanov, vəkil C. Cavadov təmsil edib.
Aygül Cəfərova və başqaları Azərbaycana qarşı 
Bu məhkəmə işi toplaşmaq və effektiv müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusu iddiaları ilə bağlı idi. 
Hökumət kommunikasiya zamanı təktərəfli bəyannamə ilə pozuntuları etiraf edib, ərizəçilərə əvəz ödəməyi öhdəsinə götürüb. 
Məhkəmənin qərardadına görə, ərizəçilərin hər birinə (A.Cəfərova, Gülnarə Mehdiyeva, Vəfa Nağıyeva və Seymur Nəzərov)
1575 avro ödənilməlidir.
BBC News Azərbaycanca
Tarix: 11-10-2024, 08:34
Xəbəri paylaş





Xəbər lenti