İrəvanı müharibəyə hazırlayanların sayı artır - NƏ ETMƏLİ?
“Ermənistan-Azərbaycan sərhəddində Aİ-nın müşahidə missiyasının fəaliyyətinin davam etməsi qəbuledilməzdir”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib. Dövlət rəhbəri vurğulayıb ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə “Avropa müşahidəçilər missiyasının” müddətinin rəsmi Bakının razılığı olmadan uzadılmasıdır:
“2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır.
Missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası" heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi".
Dövlət başçısı bildirib ki, Avropa İttifaqı ilə təmaslarda bu məsələ qaldırılacaq. Məsələ ilə bağlı Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Qərbdəki bəzi dairələr Ermənistanı Azərbaycanla növbəti qarşıdurmaya hazırlayır:
“Belçika Krallığının Azərbaycana akkreditasiya olunan səfəri ilə görüşdə bir sıra məsələlərə aydınlıq gətirib, Azərbaycan ilə Ermənistan arasında real sülhün vəziyyəti ilə bağlı məsələlərə toxunulub. Bəlli olub ki, Ermənistan məqsədyönlü şəkildə sülh prosesindən uzaqlaşır və Brüssel formatı daxil olmaqla digər formatlar çərçivəsində keçirilmiş görüşlərdə əldə olunan razılıqlardan imtina edərək müharibəyə hazırlaşır.
Azərbaycan Prezidenti bəyan edib ki, Qərbdəki bəzi dairələr Ermənistanın regionda eskalasiyanı artıran addımlarını dəstəkləyir, hətta İrəvanı Azərbaycanla növbəti qarşıdurmaya sürükləyir. Hamımıza məlumdur ki, bu ölkələrdən biri Fransadır. Məhz Fransanın təşəbbüsü ilə yaradılmış monitorinq missiyası Ermənistan bayrağı üzərində səlib yürüşünün xaçını təsvir edərək Azərbaycanla sərhədə gəlir.
Bu, psixoloji müharibənin bir predmentidir, Azərbaycana təzyiq etməyə çalışırlar. Prezident vurğulayıb ki, Azərbaycan Aİ-nın monitorinq missiyasının bir neçə ay ərzində fəaliyyət göstərməsinə icazə vermişdi. Amma hazırda biz görürük ki, Kanada və bəzi ölkələr də bu missiyaya cəlb olunur”.
Deputat bildirib ki, bu, Azərbaycanın maraqlarına cavab vermir:
“Buna görə də bizim üçün qəbuledilməzdir. Nə qədər gec deyil, Ermənistanı müharibəyə hazırlayan Qərb güc mərkəzləri bunu nəzərə almalıdırlar. Brüssel formatı çərçivəsində keçirilmiş görüşlərdə Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Qərb güc mərkəzləri Ermənistanı müharibəyə deyil, qonşuları ilə sülhə və barışığa hazırlamalıdırlar”.