Fəlakətə doğru iri addımlarla... - Bahəddin Həzi yazır...

Fəlakətə doğru iri addımlarla...
Azərbaycan gələn il hərbi və təhlükəsizlik xərclərini daha da artıracaq.
Hökumətin gələn il üçün büdcə paketindən belə görünür. Müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat və ya təxminən 1 milyard dollar məbləğində artırılır. Maliyyə Nazirliyi artımın səbəbini açıqlayıb; bu addım Ermənistanın silahlandırılmasına cavab olaraq atılıb.

"Ermənistanın silahlandırılması" deyirik. Bu, bizi dövlət büdcəsində hərbi xərcləri artırmağa sövq edir. Ancaq Ermənistanın özü də bu silahları havayı almır. Azərbaycan öz müdafiə və təhlükəsizlik büdcəsini artırmağa məcburdur. Büdcədəki milyardlar daha müasir silahlar, yeni ordu bölmələri, əlavə təhlükəsizlik alətləri deməkdir. Bunlar, əlbəttə, həm də çəkindirici rol oynayır. Bölgədə yeni müharibə ehtimalını da heç vaxt diqqətdən qaçırmaq olmaz. Səbəb məlumdur: Ermənistanın yeni sponsorlarına söykənərək, yenidən silahlanaraq, revanşa hazırlaşması.

Ermənistan rəhbərliyi Azərbaycan da daxil olmaqla, heç bir qonşusuna qarşı aqressiv planlar qurmadığını deyir. Ancaq zaman və reallıq göstərdi ki, bu bəyanatlara inanmaq olmaz. Ermənistan hökumətində bir-birinə daban-dabana zidd olan iki fikri bir cümlədə belə yerləşdirmək xüsusiyyət var. Bunu dəfələrlə görmüşük. Eyni zamanda təkcə sözlərə deyil, əməllərə baxsaq, revanş ehtirası rəsmi İrəvanın bütövlükdə siyasətinin ana xəttini müəyyən edir. Bu kiçik dövlətin öz boyunu aşan böyük və təhlükəli geopolitik oyunlara qoşulduğunu görürük. Azərbaycan klassik təhlükəsizlik düsturuna sadiqdir: müharibə istəmir, amma müharibəyə də hazırdır.

Əslində rəsmi İrəvanın günahı üzündən bu nisbətən kiçik region silah anbarına, barıt çəlləyinə çevrilir. İstər Azərbaycanın, istər Ermənistanın büdcələrindən milyardlarla dollar silahlanmaya, hərbi xərcləmələrə sərf olunur. Amma bu milyardlar hər iki ölkədə əhalinin sosial müdafiəsinə, maaşlara və pensiyalara, yolların çəkilməsinə, yeni məktəblərin, yeni xəstəxanaların tikilməsinə, yeni texnologiyaların mənimsənilməsinə xərclənə bilərdi. Azərbaycanın bu milyardlara Qarabağda və Şərqi Zəngəzurda çox ehtiyacı var. O ölkələr, o beynəlxalq təşkilatlar ki, postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə, bərpasına dəstək, sərmayə qoyuluş vədləri vermişdilər, onlar sözlərindən döndülər. İşğalçı Ermənistanın darmadağın etdiyi Azərbaycan ərazilərində yeni dinc həyata yardımçı olmaq əvəzinə, dönüb gediblər, işğalçını silahlandırıb yeni müharibəyə təhrik edirlər. Ermənistan MDB çərçivəsində iki sənədə imza atmaqdan imtina etdi, gördünüz. Bunlardan biri Avrasiyada təhlükəsizliyin prinsiplərini müəyyənləşdirirdi. O birisi də dövlətlərarası münasibətlərdə birtərəfli sanksiyalardan imtinanı nəzərdə tuturdu. Rəsmi İrəvan hər iki sənədə "yox" dedi. Buna Ermənistanın Qərb sponsorları icazə vermədi. Bu da bölgədə yeni hərbi-siyasi gərginlik yaratmağın siqnalları idi.

Ermənistan qonşu Gürcüstanın bu gün üzləşdiyi münasibətdən dərs almır. Mixeil Saakaşvilinin dövründə Gürcüstan birtərəfli, birmənalı Qərbyönümlü siyasi vektor seçmişdi. Onun xələfləri daha təmkinli kurs götürdülər. Daha müstəqil, ölkənin milli maraqlarına uyğun xətt yeritməyə çalışdılar. Nəticədə Qərbin - dünənki hamilərin birtərəfli sanksiyalarına məruz qalıblar. Ermənistan da bir gün indiki siyasətinin acı nəticələrini dadıb peşman olanda, müstəqiı siyasət yürütmək istəyəndə o zaman indiki sponsorlarının birtərəfli sanksiyalarından nəsibini alacaq. O vaxt Sankt-Peterburqda imza atmadığı sənədləri məyusluq içində xatırlayacaq. Hələlik eyforiyaya qapılıb gedir və yeni müharibəyə həvəslənib. Ancaq İrəvandakı hökumət yeni müharibənin ölkə üçün daha böyük fəlakət gətirəcəyini ya dərindən anlamır, ya da anlamaq istəmir. Nəticədə iri addımlarla fəlakətə doğru gedir. Daha doğrusu, sürüklənir...

 Bizimyol.info
Tarix: 17-10-2024, 10:42
Xəbəri paylaş





Xəbər lenti