İsveçrə Federal Məclisi Xarici Siyasət Komissiyası tərəfindən Azərbaycana qarşı qərəz və böhtana əsaslanan çağırış edilib. Çağırışda bildirilir ki, Azərbaycan hökuməti və Qarabağdan olan ermənilər arasında bir konfrans təşkil edilməlidir.
Məsələ ilə bağlı TNS-ə açıqlama verən millət vəkili Elman Nəsirov bildirib ki, bu, bəzi dövlətlərin və beynəlxalq qurumların COP29 tədbiri ilə əlaqədar Azərbaycana qarşı kampaniya aparmaq cəhdlərindən biridir: “Biz dəfələrlə bunun şahidi olmuşuq ki, ölkəmizdə irimiqyaslı tədbirlər keçirilən ərəfədə bütün anti-Azərbaycan qüvvələr sanki bir dirijor çubuğu altında birləşib, eyni hərəkəti edir. Bu dəfə onların “canfəşanlığına” səbəb olan ciddi bir məsələ var ki, o da Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsidir. Bundan sonra onların yuxusuna haram qatılıb. Hesab edirlər ki, COP29 tədbiri öncəsi Azərbaycana daha güclü təzyiq göstərə bilərlər. Bu baxımdan Amerika Birləşmiş Ştatlarının Konqresi və Dövlət Departamenti həmin anti-Azərbaycan dairələrin önündə dayanıb, onları müşayiət edir. İndi onların sırasına İsveçrə də qoşulub. İsveçrə hansı konfransı istəyir? 1 milyondan artıq məcburi köçkünümüz olanda, 300 mindən artıq azərbaycanlı Ermənistanda etnik təmizləməyə məruz qalanda, erməni cəlladlar, hərbi canilər Xocalıda soyqırımı törədəndə niyə səsləri çıxmırdı? Niyə 300 min azərbaycanlı Ermənistandan qovulanda Ermənistan hökuməti ilə görüş təşkil etmədiniz? İndi bu canfəşanlıq haradan yarandı?”
Deputat bildirib ki, indiki halda İsveçrə Federal Məclisi Xarici Siyasət Komissiyasını heç də erməni xalqının taleyi düşündürmür: “Onlar üçün bu, vacib deyil. Komissiya üçün vacib olan Azərbaycan dövlətinə təzyiqlər etmək, regionla bağlı geostrateji maraqlarını həyata keçirməkdir. Sadəcə onlar indiki dövrdə erməni xalqından alət kimi istifadə edir”.