PKK-nı məğlub etməyin yolu A.Öcalanı Türkiyə parlamentinə çıxarmaq deyil


Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı PKK lideri Abdullah Öcalanın Türkiyə Böyük Millət Məclisinin (TBMM) kürsüsünə çıxarılmasını təklif edib. O, Öcalanın bu kürsüdən PKK-ya səslənərək terror hərəkatını bitirməli olduğunu deyib. Baxçalının sözləri ölkədə birmənalı qarşılanmayıb və tənqidlərə səbəb olub.
İlk olaraq deyim ki, D.Baxçalı yaşlanıb və bir neçə dəfə yanlışlar edib. Lakin onun nəyisə səbəbsiz, nəticələrini düşünmədən deməsi inandırıcı deyil. Məsələ ondadır ki, türk millətçiləri illərdir PKK ilə danışıqların və razılaşmaların əleyhinə olublar. Lakin bu da bir gerçəkdir ki, millətçilərlə islamçı qanad ittifaq halındadır. Yəni AKP və MHP ölkə siyasətində ortaq hərəkət edirlər. Mümkündür ki, Baxçalının Öcalanla bağlı fikirləri həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirləridir. Bənzər açıqlamanın yaxın günlərdə onun dilindən də səslənməsi istisna deyil.
Əslində, burada Ərdoğan-Baxçalı ikilisinin nə etmək istədiyini anlamaq lazımdır. Bunun üçün isə Ankaranın son illərdə atdığı addımlar təhlil edilməlidir.
Əvvəlcə onu deyim ki, bu gün Türkiyədə kürdlər heç bir etnik diskriminasiyaya məruz qalmır. Əksinə ana dillərində sərbəst danışa, təhsil ala, siyasi təşkilatlana, ölkə parlamentində təmsil oluna bilirlər. Bütün bunlar isə hüquqi baxımdan tənzimlənib. Lakin bunlar ölkədə separatçı meyillərin qarşısını almır.
AKP hakimiyyəti problemin fərqindədir və həlli üçün müxtəlif metodlar, variantlar axtarır, tətbiq edilir. AKP öncəsi və AKP dövründə Türkiyənin məsələyə baxışı radikal və klassik hərbi mübarizə üsulu idi. Türkiyə ordusu illərlə ölkə daxilində PKK ilə silahlı mübarizə aparıb, əsaslı şəkildə dayaqlarını sarsıdıb. Ankara PKK-nı tam məhv etmək üçün isə son illərdə Suriya, İraqda ardıcıl əməliyyatlar keçirib. Antiterror əməliyyatları ilə Türkiyə PKK və onun qolları olan PYD-YPG-yə sarsıdıcı zərbələr vurub. Bütün bunlar PKK-nın hərbi qanadını zəiflədib, siyasi qanadı isə hələ də aktivdir.
R.T.Ərdoğan PKK-nın siyasi qanadını çökdürmək, propaqanda gücünü qırmaq, təsir imkanlarını minimuma endirmək üçün “kürd açılımı” etsə də, bu, işə yaramadı. Hətta deyərdim, PKK bunu zəiflik olaraq görüb, yenidən terror aktlarına başladı.
İndi isə Dövlət Baxçalının dediklərinə baxaq. O, Abdullah Öcalanın azad edilərək TBMM kürsüsünə çıxarılmasını təklif edib. Öcalanın bu kürsüdən PKK-ya səslənərək terror hərəkatını bitirməli olduğunu bildirib.
Bu, məsələni həll edəcəkmi? Təbii ki, xeyr!
Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, A.Öcalan sadəcə bir piondur. PKK-nın üzdə görünən simasıdır. O, tərəfdarlarına “silahları yerə qoyun” çağırış etsə, eşidənlər olacaq, lakin PKK terrorçu fəaliyyətinə davam edəcək. Öcalanın PKK-dakı yeri düşünüldüyü kimi güclü olsaydı, 1999-cu ildə Türkiyə Milli Kəşfiyyat Xidmətinin keçirdiyi xüsusi əməliyyatla ölkəyə gətirilməsindən sonra PKK məğlub olub bitərdi. O, 20 ildən çoxdur ki, İmralı adasındakı həbsxanada saxlanılsa da, PKK terror təşkilatı fəaliyyətinə davam edir.

PKK bu gün dağlarda mübarizə aparan qruplaşma deyil: Türkiyə siyasətinə, ictimaiyyətinə, hərbi sferasına, media sektoruna, elm camiəsinə sızmış terror təşkilatıdır. Onu məğlub etməyin yolu A.Öcalanı Türkiyə parlamentinə çıxarmaq deyil. PKK ilə daha köklü mübarizə aparmaq lazımdır.
Misal üçün, bu gün Türkiyədə film sektoru çox inkişaf edib. Türk sənət nümayəndələri region ölkələrində sevilir. Film və sənət cameəsi üzərindən PKK ilə mübarizə aparmaq lazımdır. Çünki PKK bu sektorlarda çox güclüdür. Vaxtilə Türkiyədə bu məsələni dərk edən, işlər görən yeganə şəxs Barış Manço idi. Mədəniyyət bu məsələdə təsirli vasitə ola bilər.
Görkəmli Azərbaycan şairi Hüseyn Cavidin dediyi kimi;
“Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”
Türkiyənin də PKK-nı tam məğlub etməsinin formulu məhz bu iki misrada gizlidir!
Müəllif: Politoloq Turan Rzayev,
Siam-az.com
Tarix: 23-10-2024, 16:14
Xəbəri paylaş





Xəbər lenti