Son zamanlar istər Azərbaycan mətbuatında, istərsə də toplum arasında ABŞ seçkiləri müzakirə edilir. KİV-də də, toplumda da bu seçkilərdə kimin qazanacağı, qazanacağı təqdirdə Azərbaycan üçün fayda və zərərlərindən söz açılır.
Bəs ABŞ seçkilərinin və seçkilərdə kimin seçiləcəyinin Azərbaycan üçün hansısa bir önəmi varmı?
Politoloq Əli Həziquliyev
Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-da kimin qalib gəlməsinin birbaşa Azərbaycana elə də ciddi təsiri yoxdur və təsir elementləri Ukrayna-Rusiya savaşı üzərindən kimin qalib gəlməsinə daha çox fokuslanıb.
Politoloq deyir ki, münaqişənin fonunda arzulunan şəxs qismində ABŞ-da seçkilərin qalibi kimi daha çox Tramp görünür və bunun da ciddi səbəbləri var: “Seçki ərəfəsində namizədlərin debatı boyunca müşahidələrimizə nəzərən cöyləyə bilərik ki, Tramp Rusiya-Ukrayna müharibəsinin bitirilməsində maraqlıdır və seçilərsə, müharibənin tarixə qovuşacağı gün elə də uzaqda deyil. Əgər bu, baş verərsə, o zaman Qafqazda da baş verən siyasi proseslərin həllə doğru sürəti artacaq və bu proseslərdə Azərbaycan Ermənistanla münaqişəsini demək olar ki, tam qələbə ilə başa çatdıra bilər. Əksi olarsa, yəni Harrisin qalib gələcəyi təqdirdə bunu söyləmək bir qədər çətindir. Harris Azərbaycana daim düşmən mövqeyində olan demokratların namizədidir və bu da Harrisin gələcək siyasətində də prioritet məsələ olaraq aktuallığını qoruyacaq”.
Politoloqun fikrincə, bu da öz növbəsində nəinki mövcud münaqişə ocaqlarının daha da güclənməsində, eyni zamanda bir sıra sönmüş və yaxud söndürülmüş münaqişə ocaqlarının alovlanmasında böyük rol oynayacaq: “O cümlədən, Qafqazda ocaqların yenidən körüklənməsi an məsələsi ola bilər. Mövcud durum və reallıqlar onu söyləməyə əsas verir ki, Amerika cəmiyyəti nə qədər də ikiyə parçalansa da, Amerika dövlətçiliyinin müdrikliyi Trampın üzərində dayanacaq. Bu, həm də Amerikanın xilası ola bilər. Belə ki, bu seçkiylə ölkədə ciddi siyasi islahatlar aparılmasa, həm ABŞ vətəndaşları, həm də sivil dünya bundan çox əziyyət çəkəcək”.
Əli Həziquliyev qeyd edib ki, 1994-cü ildə Ukraynaya təzyiq edərək, həm də aldadaraq onun nüvə silahını əlindən alan ABŞ, indi Ukraynanı məhv təhlükəsi ilə üz-üzə qoyub. Dünyada sürətlə nüfuzunu itirməyə başlamış ABŞ, Qədim Roma kimi süqut dövrünü yaşayır.
“Harris qalib gələcəyi təqdirdə, dünya ya nüvə müharibəsinə girəcək ya da Ukraynanın ləyaqətsiz kapitulyasiyasına tamaşaçı olacaq. Bu kapitulyasiyadan sonra Çin də Tayvanı zorla özünə birləşdirə bilər və bununla da, ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alar. Odur ki, Qərbin və ABŞ-ın özünün bu seçkidən əhəmiyyətli gözlətilərı daha çoxdur, nəinki Azərbaycanın”-deyə politoloq əlavə edib.
Tarix: 5-11-2024, 08:27