Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir

Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi ilə yanaşı strateji saziş də imzamalıdırlar. Paşinyan strateji sazişin imzalanmasını yaxın əsrlərdə xalqların dinc yanaşı yaşamasının vacib olmasıyla əsaslandırıb. Paşinyan ayrıca, Kazanda BRİCS toplantısı çərçivəsində Prezident İlham Əliyevlə görüşü indiyənə qədər keçirilən ən faydalı müzakirə kimi qiymətləndirib. Nikol Paşinyan Ermənistanın kommunikasiyaların blokdan çıxarılması üçün Azərbaycana yazılı təklif göndərdiyini deyib: “Biz regional kommunikasiyaların açılması məsələsini tamamilə qarşılıqlı məqbul hesab edə bilərik”.
Paşinyan iki xalqın dinc yaşaması məqsədilə strateji sazişin imzalanmasının vacib olduğunu bildirsə də, ona müxalif olan qüvvələr, o cümlədən erməni kilsəsi bunu istəyirmi? Paşinyan birinci bu suala cavab tapmalıdır. Çünki, Ermənistandakı anti-Azərbaycan qüvvələr bir gün Paşinyanı devirərlərsə və ya seçki yolu ilə hakimiyyətə gələrlərsə, iki ölkə arasında dinc yaşamanı əsas tutan sazişə qarşı çıxacaqlar. Ona görə də Ermənistanda Konstitusiyanın dəyişdirilməsi ilə yanaşı Azərbaycanla strateji sazişin imzalanmasıyla bağlı da referenduma ehtiyac yarana bilər. Ermənilərin mütləq əksəriyyəti Paşinyanın Azərbaycanla “strateji saziş” ideyasına səs verərlərsə, bu halda müxalifət əngəli ortadan qaldırılacaq. Paşinyanın regional kommunikasiyaların açılması məsələsinə gəldikdə isə, baş nazirin tələsməsinin səbəbi İranla bağlıdır. Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yolun İran üzərindən tikintisinə dair çalışmalar sürətlənib. Paşinyan Zəngəzur dəhlizinin açılmasıyla bağlı Bakı ilə razılaşmanı bir müddət də uzatsa, yeni yol İrandan keçəcək və Ermənistan oyundankənar vəziyyətdə qalacaq. Buna görə də hazırda rəqabət İranla Ermənistan arasında gedir. Azərbaycan üçün bu rəqabətdə hansı ölkənin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
Elxan Şahinoğlu
Tarix: 14-11-2024, 10:56
Xəbəri paylaş





Xəbər lenti