Qarabağ əlili köməksiz durumda qalıb

Qarabağ əlili köməksiz durumda qalıb “1 ilə yaxındır ki, dişlərimin müalicəsi üçün Mingəçevirdəki poliklinikalara, şəhər icra hakimiyyətinə gedib gəlirəm. Poliklinikalardakı diş həkimləri hər dəfə bir bəhanə ilə məni geri qaytarır. Bəhanələri də puldur. Protez diş qoyulmasının ən aşağı qiyməti 300-400 manatdır. İcra hakimiyyətində isə qapıda qarşılayıb deyirlər, ‘sənə diş düzəltdirməyə büdcəmizdə pul yoxdur’”.

56 yaşlı Şəfayət Həsənov Mingəçevir şəhəri, Nərimanov küçəsindəki 38 saylı binanın 12-ci mənzilində yaşayır. Qarabağ müharibəsində başından xəsarət alıb və 25 ildən çoxdur ki, kontuziyadan əziyyət çəkir. 2-ci qrup Qarabağ əlilidir. AzadlıqRadiosu-na danışır ki, 1 ilə yaxındır dişləri tökülüb. Mərkəzi Xəstəxanaya, poliklinikalara, özəl diş kabinetlərinə müraciət edib:

“Müharibənin başımda iz qoyduğu problemlərə görə daimi müalicə ilə qalıram həyatda, bütün dərmanları da özüm alıram. 300 manat təqaüd dərmanlarıma və çörəyimizə zorla çatır. Dişsizlik məndə mədə xəstəliyi yaradıb. Heç kəs kömək eləmir. İcra hakimiyyətinə də getdim, dedilər, ‘büdcədə pul olanda dişlərini özümüz düzəltdirəcəyik’”.

Müharibə əlili dolanışığından da narazıdır. Aldığı 300 manatın bir hissəsini kommunal xidmətlərə ödədiyini deyir. Ancaq indi onu əsas düşündürən səhhətinə zərər vuran dişsizliyi aradan qaldırmaqdır.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, müharibə əlilinin diş problemi varsa, diş həkiminə müraciət etsin: “Əlilə ‘yox’ deyilə bilməz. Baş həkimə yaxınlaşsın, problemi desin, nə lazımdırsa, kömək olunacaq”. Mingəçevir şəhər icra hakimiyyətindən isə bildirilib ki, əlilin diş problemi barədə ilk dəfə eşidirlər: “Müraciət eləsin, şəhərdəki dövlət klinikalarından birində nə yardım lazımdırsa, olunacaq”.
Tarix: 18-02-2017, 10:24
Xəbəri paylaş





Xəbər lenti